Aktual

Rəsulzadə parkını zəbt edib pivəxana açırlar

Gəncədə dəmiryolçular bağı hasarlanıb, yerində restoran tikirlər; büstün isə başına torba keçirilib, sakinlər etiraz edir

Bu il Respublika günü Gəncədə rəzil hadisə baş verib. Şəhər İcra Hakimiyyəti rəhbərliyi Məmməd Əmin Rəsulzadənin büstü olan parkı mayın 27-də, bayramdan bir gün qabaq hasarlatdırıb, büstün başına torba keçirilib.

Parka bayramı qeyd etməyə gələn yerli müxalifətçilər içəri buraxılmayıb, polis ərazini mühasirəyə alıb. Mayın 27-dən bağlanan park indiyə qədər açılmayıb, ərazi tamamilə dəmir hasarla qapadılıb, büstü ağ parçaya büküb saxlayıblar, bağ vətəndaşların üzünə bağlanıb.
Gəncədə dəmiryol parkı kimi tanınan bağın ərazisinə tikinti materialları tökülüb və elan edilib ki, ərazidə təmir işləri aparılacaq.

Qarşısındakı lövhədə isə “Müvəqqəti narahatlığa görə üzr istəyirik” elanı vurulub. Amma bu müvəqqəti narahatlıq belə getsə əbədi olacaq. Çünki bağda heç bir təmir-tikinti işləri getmir. Bundan başqa parkı başqa məqsədlə istifadə etmək planı var.
Ona görə də əhalinin 28 may tədbiri baş tutmayıb. Hər il mayın 28-də Gəncə camaatı, müxalifət nümayəndələri Rəsulzadənin abidəsini ziyarət edir, gül dəstələri qoyurdular. Bu il isə, hamını geri qaytarıblar. Biz Gəncədə olarkən parkın yerləşdiyi əraziyə getdik, burada yaşayan sakinlərin şikayətini dinlədik, parkda hansı işləri görüldüyü ilə maraqlandıq.
Güman edirdik ki, Gəncə şəhər rəhbərliyi parkda yenidənqurma işləri aparıb vətəndaşların ixtiyarına daha müasir bir bağ təhvil verəcək. Amma yanılmış olduq və öyrəndik ki, parkın ərazisi satılıb. Daha doğrusu, keçmiş dəmiryolçular restoranı deyilən yerdə obyekti sökülən sahibkara parkın ərazisi satılıb. Parkın qarşısında isə yaşayış binası var və vətəndaşlar burada kafe açılmasına etiraz edirlər.

Onların sözlərinə görə, bu həm məhəllədə yaşayan insanlara, həm də Rəsulzadəyə qarşı hörmətsizlikdir. Gəncənin Çumak 77 ünvanında yaşayan sakinlərin dediyinə görə, parkın ərazisində uşaqlar üçün əyləncə mərkəzi tikilməsini arzulayırdılar.
Ancaq məlum olub ki, parkın içində – yaşayış binası ilə üzbəüz pivəxana açılacaq. Vətəndaşların qəzəbinə səbəb olan bu planın hələlik icrasına başlanmayıb.
Parkın digər bir tərəfi olan Heydər Əliyev prospektində yaşayan Aidə xanım bizə bildirdi ki, heç kim parkın içində restoran tikilməsinə razı olmayacaq: “Bura istirahət etmək yeridir. Amma deyirlər ki, bağın içində restoran tikiləcək. Parkı abadlaşdırsınlar, uşaqlar üçün attraksionlar qoyulsun. Hamı bu parka istirahətə gəlir”.

Aidə xanımın dediyinə görə, başqa yerlərdə yaşayanlar da restoran tikilməsinə etiraz edir: “Rəsulzadənin heykəlini büküb saxlayıblar. Heykəlin götürüləcəyini bilmirik. Ancaq parkı abadlaşdırmaq yerinə kafe açırlar. Burda maşınlar gəlib evlərimizin qarşısında dayanacaq. Kimisi içkili olacaq, kimisi səs-küy salacaq. Maşın saxlamağa yer də yoxdur. Camaatı ələ salıblar. Bura hamı gəlib istirahət edir. Park niyə bağlanmalıdır? 50-ci illərdə salınan parkdır, onu daha da gözəlləşdirmək lazımdır. Gözləri doymur. Hər yeri satırlar”.
Digər sakin Qənimət xanım da bizimlə söhbətdə parkın içində restoran açılmasını pislədi. Onun sözlərinə görə, park xalqa məxsusdur, vağzalda işləyən bir sahibkarın yerini söküb əvəzinə buranı ona veriblər:
“Parkı da satmaq olar? Millət istirahətə gəlir. Analarımız, qızlarımız parka gedir. Orda pivəxana açandan sonra kim ora gedəcək? Heç fikirləşirlər nə edirlər? Biabırçılıqdır vallah. Gəncə kimi qədim bir şəhəri məhv edirlər. Hər yeri söküb dağıdırlar. Bircə parklar qalıb, onları da zəbt edirlər”.

Sakinlər onu da qeyd etdilər ki, məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunacaq. Onlar parkda pivəxana açılmasına imkan verməyəcəklərini, sona qədər buna qarşı mübarizə aparacaqlarını bəyan etdilər. Şikayətçilər parkın ərazisinin zəbt olunub pivəxana açılmasını hüquqi baxımdan qanunsuzluq, mənəvi cəhətdən isə vətəndaşlara sayğısızlıq kimi qiymətləndirdilər. Onlar icra başçısı Elmar Vəliyevdən məsələyə aydınlıq gətirməsini istədilər.
Gəncədə olarkən digər problemlərlə də maraqlandıq. Gəncəlilərin şikayətləndiyi problemlər içində ara yolların bərbad vəziyyətdə olması, inşaat işlərinə kənardan işçi qüvvəsinin cəlb olunması və şəhərin tarixi görkəminin dəyişdirilməsidir. Xüsusilə də, “İmamzadə” tarixi-dini kompleksində aparılan yenidənqurma işləri əhalini narahat edir. Çünki kompleksin restavrasiyası onun tarixi koloritliyini itirir. Şəhərdə içməli su ilə bağlı problemlər də həll olunmayıb. Gəncəyə içməli su 3 istiqamətdən verilir. Bununla belə, Göy-göl, Qızıl qaya və içməli su üçün vurulan artezian quyuları əhalinin tələbatını qismən ödəyir. Şəhərdə səliqə-sahmanlı bulaqlar tikilib. Lakin həmin bulaqlar artıq iki ildir ki, susuz qalıb.

Maşınlarda satılan suyun dadı-tamı da əvvəlki kimi deyil. Şəhər sakinləri suyun keyfiyyətindən və tərkibinin qarışıq olmasından şikayətlənirlər.
Kənar maşınların su daşınması ilə məşğul olması vəziyyəti çətinləşdirib. Həmin maşınlar nəzarət olunan mənbələrdən deyil, müxtəlif yerlərdən su götürüb satırlar. Belə suların əhaliyə satılması bakterioloji cəhətdən təhlükəli olub, müxtəlif yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır.(musavat)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button