ArxivXəbər lentiXəbərlər

“Rusiya Ermənistanın Qarabağda vuruşmasını istəmir”

Rusiya ilə birləşmiş qoşun qrupunun yaradılmasını nəzərdə tutan sazişi Ermənistanda bu cür dəyərləndirənlər də var

Xəbər verildiyi kimi, Ermənistan Rusiya ilə birləşmiş qoşun qrupunun yaradılması haqqında sazişi təsdiq edib. Erməni ictimaiyyəti, əsasən də müxalif kəsim bunu müstəqillyin növbəti atrubutundan məhrum olmaq kimi qiymətləndirirlər.

Ermənistan müxalifəti sazişin bəzi müddəaları ilə ordunun imkanlarının məhdudlaşdırılacağı qənaətinə gəlib.

Belə ki, sazşin 1-ci maddəsində deyilir: “Saziş çərçivəsində hərbi texnikanı tədarük edən tərəfin onun mövcudluğunu və məqsədəuyğun şəkildə istifadə olunmasına nəzarət etməyə hüququ, silah alan tərəfin isə bunun üçün qarşı tərəfə hər cür şərait yaratmaq vəzifəsi var.

Ermənistan parlamentinin deputatı Gevork Qorgisyan (“Yelk” bloku) parlamentin müdafiə komissiyasının sədri Karyun Nahapetyana bununla bağlı sual ünvanlayaraq sazişin Ermənistanın Rusiyadan aldığı silahları Qarabağda istifadə etməsinə təhlükə yaradıb-yaratmayacağı barədə soruşub.

Nahapetyan isə cavabında sözü gedən sazişin Qarabağda istifadə ediləcək silahları nəzərdə tutmadığını söyləməklə kifayətlənib.
Serj Sərkisyan iqtidarına müxalif yazarlardan sayılan Ermənistanın politoloqlarından Akop Badalyan da məlum anlaşmanın Ermənistanın Qarabağda əl-qolunu bağlamaq təhlükəsisinin olmadığını düşünür.

Lakin o, Rusiya ilə imzalanan istənilən müqavilə ilə bağlı narahatlığın əbəs yerə olmadığını qeyd edir:

“Çünki bu ilk növbədə Rusiya-Ermənistan münasibətlərinin xarakterindən irəli gəlir. Burada həmişə bir tərəf diktə edir, o birisi isə onu şərtsiz yerinə yetirir”.

Digər erməni politoloqu Stepan Qriqoryan da “Azadlıq” radiosunun Ermənistan bürosuna (“Radio Azatutyun”) verdiyi müsahibədə Ermənistanın bu sazişdən heç bir fayda əldə etməyəcəyini bildirir. Onun fikrincə, bu anlaşma ilə Ermənistanın hakim partiyası sadəcə ömrünü uzadır. Qriqoryan sazişin bəzi müddəalarının Ermənistanın dövlət müstəqilliyini hərfi mənada pozduğunu söyləyir.

Image result for putin sərkisyan

O, yaradılacaq vahid ordu qruplaşmasının strukturu və sayının nizamlanması ilə bağlı sazişdə dəqiq müddəaların olmadığını xatırladıb.

Sazişə görə birləşmiş ordu qruplaşmasının komandanı Ermənistan silahlı qüvvələrinin ali baş komandanı tərəfindən Rusiya silahlı qüvvələrinin ali baş komandanı ilə razılaşdırmaqla təyin və ya azad edilə bilər.

Sülh dövründə birləşmiş qoşun qrupunun komandanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə tabe olacağı müəyyənləşib. Lakin müharibə dövründə isə hərbi birləşmənin situasiyadan asılı olaraq ya Ermənistan ordusuna, ya da Rusiya Cənub dairəsi qoşunlarının komandanına tabe olacağı qeyd olunub.

Stepan Qriqoryan bu müddəalarda Ermənistan üçün təhlükə olduğunu bildirir.

O, Azərbaycanla müharibə halında Rusiyanın Ermənistanı öz ordusunun bir hissəsindən məhrum edə biləcəyi və hərbi əməliyyatlarda iştirakına izn verməyəcəyi kimi fərziyyə irəli sürüb. “Bu qruplaşma ilə birlikdə ordumuzun bir hissəsi döyüş meydanından çəkdirilir. Təsəvvür edin ki, ruslar yaradılacaq yeni korpusun Qarabağa deyil, Türkiyə ilə sərhəddə dislokasiyasını əmr edirlər. O zaman nə edəcəksiniz”, – Qriqoryan sual edir.

Bu məsələ Ermənistanın “Azad demokratlar” partiyasının saziş əleyhinə verdiyi bəyanatda da qabardılıb.

“Rusiya Ermənistanı öz maraqlarına xidmət etdirməyə və bölgə dövlətləri ilə münaqişəyə cəlb etməyə çalışır. Sözü gedən anlaşma Rusiyaya Ermənistan Respubikasının müvafiq hərbi hissələrində əsl söz sahibi olmasına gətirib çıxarır. Bu müqavilə ilə Rusiya qanun gücü ilə ordunun coğrafi yerləşməsi üzərində nəzarət əldə edir və Ermənistan ordusunun Qarabağda məqsədyönlü şəkild istifadə olunmasına əngəl törətmək üçün şərait yaradır”, – bəyanatda deyilir.

“Yelk” blokunun digər deputatı, sabiq baş nazir Aram Sərkisyan isə erməni mətbuatına müsahibədə Ermənistan prezidentinin bundan sonra silahlı qüvvələrin ali baş komandanı statusunu itirdiyini düşünür.

“….İndi də Rusiya-Ermənistan qruplaşması haqqında qanunu qəbul etdilər. Hesab edək ki, sabah Ermənistan Türkiyə ilə müharibə etdi. Bunun üçün hərbi baza, vahid hava hücumundan müdafiə sistemi, KTMT yoxmudur?…. İndi belə çıxır ki, Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Vladimir Putindir. Türklər bizə hücum etməsin deyə Rusiyanın tərkib hissəsinə çevrilirik. Bunun təhqiramiz bir hal olduğunu anlatdığımda isə insanlar inciyir”, – keçmiş baş nazir söyləyib.

Musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button