ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qubada boşalan kəndlər, ehtiyacdan mərkəzə üz tutduğunu deyən kəndlilər…

“Kəndlini qınayanlar uzaqbaşı yayda tətilə gəlib bir-iki gün kənddə qalanlardır”

Qubanın bir neçə kəndi dolanışıq üzündən boşalıb. Məsələn, Söhüb kəndinin inzibati ərazisinə daxil olan kəndlərdə, Rük, Xırt, Qarxun. Əlikdə evlərin əksəriyyətinə qıfıl vurulub. Elə kənd var ki, bir-iki, bəzisində ən çoxu ona yaxın ailə qalıb”.

Bunu  dolanışıq ucbatından rayon mərkəzinə köçmək məcburiyyətində qaldığını deyən Əbdül Səmədov bildirib. Onun sözlərinə görə, bu gedişlə əksər kənd boş qalacaq. İmkanı olan Bakıya, rayon mərkəzinə köçür, daha çox yaşlılar, gedəcək yeri olmayan qocalar kəndlərdə qalır.

“Məsələn, Xırtda 10-12, Cimidə 5-10, Güləzidə 3-4 ev qalıb. 7 nəfərlik ailə mənim himayəmdədir, bizim kənddə iş yoxdur. Boşalan kəndlərdə yüz hektarlarla əkin sahələri istifadəsiz qalıb, texnika yoxdur ki, əkib-becərilsin. İki-üç inəyim vardı, çaqqal yedi. Elə qapı qalmadı ki, kömək üçün müraciət etməyim. Dedilər ki, ucqar kənddi çaqqal, canavar olur, heyvanını sığorta etdirməmisən”,– Səmədov danışıb.

Rük kəndinin sakinləri isə deyirlər ki, sovetlər dönəmində iş yerləri olub, dolana biliblər. Sakinlərdən biri deyib ki, kənddəki bütün evləri bir-bir döysələr, ümumilikdə, toplanan pul əkin-biçin üçün texnika almağa yetməz:

“Küçələr boş qalıb, adamın ürəyi ağrıyır. Köçüb gedənləri qınamaq olmur, dolanışıq yoxdur. Mal-qaranı yemləmək lazımdır, heç toyuq-cücə üçün yem ala bilmirik”.

Rayon mərkəzindən 45 kilometr kənarda yerləşən Əlik kəndində də boşalan evlərin sayı hər il bir az daha artır. Kənddə daha çox yaşlılar yaşayır.

Xırt kəndi isə mərkəzdən 40 kilometr uzaqdadır. SSRİ dönəmində kənddə 150-dən çox ailə yaşayıb. Hazırda isə Xırtda yaşayan ailələrin sayı 20-yə çatmır. Səmədov deyir ki, Xırt kəndinin təbiəti turizm cəlb etmək üçün əlverişlidir. Amma sakinlərin imkanı yoxdur ki, iş qurub dolana bilsin:

“Kimə müraciət etsən, deyir ki, əkib-becər, heyvan saxla, dolan. Kəndlini qınayanlar uzaqbaşı yayda tətilə gəlib bir-iki gün kənddə qalanlardır. Heç kim işsiz, məktəbi, həkim məntəqəsi olmayan kənddə bir həftədən artıq qala bilməz. Hər şey çörəyə bağlıdır, heç kim öz evini qoyub kirayədə ömür sürmək istəməz”.

Quba Rayon İcra Hakimiyyətindən isə kəndlərin boşalmasının şərait və işsizliklə bağlı olması ilə razılaşmayıblar. İcra hakimiyyətinin telefonlarına cavab verən əməkdaşı deyib ki, digər rayonlarda da kəndlərdən mərkəzə köçənlər var, bu, ümumi problemdir.

Dövlət Statistika Komitəsi 2019-cu ildə əhalinin siyahıya alınması zamanı Azərbaycanda əhalisi ən az olan kəndlərin adlarını açıqlayıb. Məlum olub ki, Azərbaycanda əhalisinin sayı 50 nəfərdən az olan 129 kənd var. Şamaxı rayonunun Acıdərə kəndində cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri 2 nəfərlə İsmayıllı rayonunun Pirqəm kəndi, 3 nəfərlə Gərzə kəndi tutub.

AMEA-nın Coğrafiya İnstitutunun mütəxəssisləri də həmin il əhalisi azalan kəndlərlə bağlı araşdırma aparıb. Əhalisinin sayının azalmasının nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını qeyd ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button