Qubad İbadoğlunun qardaşı onun tibbi müayinəsinin nəticələrinin saxtalaşdırıldığını deyir
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, professor Qubad İbadoğlunun qardaşı onun müayinə və analizlərinin nəticələrinin saxtalaşdırıldığını deyir. Söhbət Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün tərtib olunmuş sağlamlıq sənədlərindən gedir.
Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova müvəkkilinin müayinəsinin nəticələrilə bağlı tibbi sənədləri almaqdan ötrü 10-a yaxın sorğu göndərib. Lakin uzun müddət ona professorun müayinə və analizlərinin nəticələri təqdim olunmayıb – vəkilin sorğularına ya imtina cavabı gəlib, ya da ümumiyyətlə, cavab verilməyib.
“Sonuncu sorğu ilə əlaqədar sentyabrın 4-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədovla danışdım, nəticələri istədim. Dedi ki, 10 günə versək, şükr edin. Ancaq ertəsi gün tələsik vəkilə zəng edib ki, “gəlin, sənədləri götürün”. Yarımçıq nəticələri veriblər. Cəmi 21 səhifə veriblər, halbuki, tam nəticə 80 səhifəyə yaxındır. Belə tələsik qərar dəyişikliyinin səbəbi nədir? Cavab məktubunu Avropa Məhkəməsinə göndərilən sənədlərə əlavə etsinlər ki, “nəticələri verdik”, – Qalib Bayramov bildirib.
O deyir ki, sənədlərlə tanış olanda gerçək vəziyyətin təhrif olunduğunu görüblər. Yazılanlardan belə aydın olur ki, Qubad İbadoğluda müayinənin nəticələri normaldır:
“Obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər atrırıblar. Onu da olduğu kimi yazmağa cəsarət etməyiblər. Hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar. “Məhkumun tibbi kitabçası”nda bir neçə dəfə yazıblar ki, guya Qubad İbadoğlu səhhəti ilə bağlı heç bir şikayəti, narahatlığı olmadığını deyib”.
Qalib Bayramov əlavə edib ki, saxtakarlığı təsdiqləyən faktlar da var. Məsələn, analizlərin nəticə hissəsinin qələmlə, əllə (manual) yazılması; nəticələrdən bəzilərinin sonunda həkim-laborantın kimliyinin göstərilməməsi və s.
“Hazırda bütün kliniklarada xəstənin ID göstəriciləri kompüterə daxil edilir və kompüter özü nəticələri emal etdikdən sonra onları avtomatik qeyd edir, göstəriciləri əllə yazmağa ehtiyac qalmır. Nəticələrin bəzilərinin sonunda həkimin yalnız imzası var, adı, soyadı yoxdur. Guya qanın biokimyəvi analizinin bütün göstəriciləri norma daxilindədir. Halbuki, ürəyində aortanın anevrizması, sol mədəciyin hipertrofiyası və diastolik disfunksiya kimi ciddi problemləri, yüksək şəkəri və arterial təzyiqi olan, iki aya yaxın müddətdə həbsxanada oturaq həyat tərzi keçirən şəxsin qan analizi nəticələri bu qədər ideal ola bilməz”, – Qalib Bayramov vurğulayıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğlunun yaxınlarının dediklərinə münasibət bildirməyib.
Təxminən bir həftə öncə Avropa Məhkəməsi 39-cu Qaydaya əsaslanıb, onun həyat və sağlamlığına təhlükəni nəzərə alaraq, Qubad İbadoğlunun işi üzrə müraciəti operativ şəkildə araşdırmaq qərarı verib. Məhkəmədən bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə suallar göndərib.
Eyni zamanda, London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.