ArxivXəbər lentiXəbərlər

QAT İsrail və ABŞ-ı ittiham etdi

Qarabağ Azadıq Təşkilatı (QAT) fələstinlilərin kütləvi şəkildə qətlə yetirilməsinə qarşı bəyanat verib.

QAT mətbuat xidmətindən daxil olan bəyanatda deyilir:

Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrail hakimiyyətinin fələstinlilərin dinc etiraz aksiyasına qarşı silahlı güc tətbiq etməsini, mülki əhalinin, o cümlədən uşaqların kütləvi şəkildə qətlə yetirməsini qətiyyətlə pisləyir, bu hərəkətləri insanlığa qarşı cinayət kimi dəyərləndirir. İsrail rəhbərliyi tərəfindən törədilən qətliam nəticəsində 60-a qədər fələstinli öldürülüb, 3 minə qədər insan yaralanıb. Bu dəhşətli cinayətə görə İsrail və ABŞ rəhbərliyi birlikdə məsuliyyət daşıyır. ABŞ rəhbərliyi Fələstin xalqının qanuni haqlarını, beynəlxalq hüququ kobud şəkildə pozaraq səfirliyini Qüdsə köçürməklə təxribat törədib, bu qırğınların baş verməsinə şərait yaradıb. ABŞ rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, İsrailin dinc əhalini qətlə yetirməsini özünü müdafyiə kimi təqdim edir. Biz bir daha ABŞ və İsrailin antibəşəri hərəkətlərini ittiham edir, kütləvi qırğın törədənləri lənətləyirik. Biz hesab edirik ki, Fələstin xalqının Qüdsə, digər ərazilərə haqqı bütün dünya tərəfindən tanınmalı, Fələstin xalqının öz qanuni torpaqlarında öz dövlətini yaratmasına heç bir maneçilik törədilməməlidir. Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional qurumlar İsrail hakimiyyətinin törətdiyi kütləvi qətliama obyektiv qiymət verməli, ABŞ və İsrail dünya birliyi tərəfindən qınanmalı, törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Biz xüsusi olaraq, İslam dünyasını Fələstin məsələsi ilə bağlı, son qanlı hadisələrlə əlaqədar vahid mövqe nümayiş etdirməyə, birlikdə təsirli addımlar atmağa çağırırıq. Bu cinayət bütün İslam dünyasına qarşı törədilmişdir. Ona görə də İslam dünyası işğala, təcavüzə, qətliama qarşı birlikdə cavab verməlidir. Biz hesab edirik ki, bütün mütərəqqi bəşəriyyət İsrail və ABŞ-ın cinayətləri qarşısında susmamalı, haqqın və həqiqətin yanında olmalıdırlar. Hər bir dövlət, vətəndaş, ictimai, siyasi qurum, beynəlxalq və regional təşkilat bəşəriyyətin qlobal fəlakətdən, qarşıdurmadan qurtulması üçün bütün imkanlarından istifadə etməlidir. ABŞ və İsrailin, bəzi digər dövlətlərin, o cümlədən, alət rolunda çıxış edən Ermənistanın, onun arxasında dayanan Rusiyanın yeritdiyi siyasət dünyanı fəlakətə doğru sürükləyir. Bu təhlükəli gedişata “dur” deməyin vaxtı artıq çoxdan çatib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button