ArxivXəbər lentiXəbərlər

“Qələm Yazarlar Birliyi” yaradıldı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Qurban Cəbrayılın yeni təsis etdiyi “Qələm Yazarlar Birliyi”nin təqdimat mərasimi baş tutdu.

Qafqaz.ir-ın verdiyi xəbərə görə, jurnalistlərin, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimi açan Qurban Cəbrayıl iştirakçılara öz təşəkkürünü bildirib və yeni təsis etdiyi “Qələm Yazarlar Birliyi” nin ölkənin qələm əhlini bir araya gətirəcəyini bildirib.

İlahiyyatçı-filosof,  DEVAMM sədri İlqar İbrahimoğlu isə öz çıxışında yeni yaradılan qurumun fəaliyyətinin uğurlu olacağına, qarşıya qoyduğu məqsəd və hədəflər uğrunda əzmlə irəliləyəcəyinə inandığını deyib.  O, bildirib ki, təkcə zahirdə söz və qələm sahibi olmaqla iş bitmir. Günün vacib məsələləri haqda  fikir yürütmək çox vacibdir: “İndiki zamanda təəssüflər olsun ki, məlumatlı insanlar çoxalır, ziyalı  şəxslərin sayı isə azalır.  Amma bu iki məfhum bir –birindən müəyyən mənada fərqlənir”.

İlqar İbrahimoğlu tanınmış ruhani alim Şeyx Sərdar Hacıhəsənlinin həbsinə də toxunub və bunu son günlərin ən vacib məsələsi kimi dəyərləndirib.  İlahiyyatçı alim bildirib ki, bu gün İslami kimliyini dərk edən yeni nəsil formalaşmaqdadır.  Bununla yanaşı İslami mədəniyyətə sahib çıxan,  həm də universitetlərdə gözəl təhsil-savad alan tələbələr də yetişir.  Son bir neçə ildə ölkədə yaranan İslamafobiya dalğası fonunda, bu cür təşkilatın yaranmasının əhəmiyyətinin böyük olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli Qurban Cəbrayılın vaxtilə baş redaktoru olduğu “Nəbz” qəzetindəki mübariz fəaliyyətinə toxunub və onun yeni yaratdığı qurumda da uğur qazanacağına inandığını bildirdi.

Qarabağ qazisi Rey Kərəmoğlu isə daha maraqlı məqama toxunub. O, Azərbaycan ədəbiyyatında, böyük şəxsiyyət İmam Hüseynin layiqli bədii obrazının yaranmamasından narahatlığını dilə gətirib.

Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli qarşıdan gələn Novruz bayramı, iffəti, mübarizəsi ilə dünya qadınlarına örnək olan Fatimeyi Zəhranın mövludu ərəfəsində təqdim olunan bu qurumun uğur qazanacağına inandığını bildirdi:

“Qurani Kərimdə “And olsun Qələmə və onunla yazılanlara” andı qələmin və onunla bəyan olunan mətləblərin necə mühüm olmasına bir daha diqqəti çəkir. Bu günki cəmiyyətmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında qələm sahiblərinin müstəsna məsuliyyət və xidmətləri tələb olunur. Yaradılan bu qurumun milli və dini dəyərlərimizin düzgün təbliğ olunmasında, dövlətçiliyimizin təməl prinsiplərinin daha da möhkəmləndirilməsində yaxından iştirak edəcəyinə inanırıq və ona uğurlar diləyirik”.

Maraqlıdır, görəsən “Qələm Yazarlar Birliyi” ölkədə fəaliyyət göstərən digər yazarlar birliklərindən, məsələn, AYB-dən fərqlənəcəkmi?

Sualımıza yeni qurumun rəhbəri belə cavab verdi:

-“Qələm” Yazarlar Birliyi hər hansı təşkilata alternativ deyil”. İkincisi, adını çəkdiyiniz AYB çox nəhəng qurumdur, minlərlə üzvü var, hər kəsin probleminə vaxt ayırması mümkün deyil. Üçüncü, ölkədə kifayət qədər İslami mövzuda ən müxtəlif janrlarda yazan, kitab nəşr etdirən qələm əhli var.

Bilmirəm, təvazökarlıqlarından, ya müəyyən baryerlərdən əsərlərini böyük salonlarda auditoriyaya təqdim edə bilmirlər. Oxucu onlardan, yaradıcılıqlarından xəbər tuta bilmir. Dördüncü, İslami, mənəvi-əxlaqi mövzuda yazan gənclərin həvəsləndirilməsi, mükafatlandırılması olduqca zəifdir, lazımi diqqət və qayğı ayrılmır. Beşinci, İslami yazar addımbaşı cəmiyyətimizdə kök salmış neqativ hallar, məmur özbaşınalığı ilə rastlaşır, həbsə atılır, hüquqları lazımi səviyyədə qorunmur.

Altıncı, İslami qələm sahibləri, saytlar bəzən pərakəndəlik üzündən əsas hədəfdən yayınır, zərbəni gərəkli nöqtəyə vura bilmirlər, nəsə bir koordinasiyaya ehtiyac yaranır. Yeddinci, hazırki qurumlar tərəflilikləri səbəbindən nəinki Qərbdən gələn hədyanlara cavab vermək marağında deyillər, hətta adekvat addım atanları da zərərsizləşdirməyə çalışırlar… Bu siyahını xeyli uzatmaq olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button