Aktual

HAKİMİYYƏTİN MÜBARİZ RUHANİ TALE BAĞIROV ÜÇÜN QURDUĞU “MƏZHƏKƏ ŞOUSU”NA SÖZARDI

Gənc yaşlarında ikinci məhbəs həyatını yaşayan vətən və din fədaisi, can qardaşım Tale Bağırovun məhkəməsində, daha doğrusu, hakimiyyətin onun üçün qurduğu məzhəkə şousunda baş verənləri qürbətdə olsam da, çox böyük diqqət və həyəcanla izlədim. Sağlam əqidə, saf mənəviyyat sahibi olan bir din xadiminə qarşı iyrənc bir maddənin “oformit” olunması, həmçinin məhkəməni izləməyə gələn inanclı insanlara qarşı edilən amansız, qeyri-insani rəftar sözsüz ki, məndə də hədsiz nifrət və hiddət yaratdı. Xüsusilə də, çox dəyərli peyğəmbər övladı, şərafətli və nəcib insan, dəyərli alim, Azərbaycanımızın ləyaqətli insanlarından biri olan Seyyid Musa Rza Heydərzadə və saf qəlbli, qəlbi iman və mübarizə eşqi ilə çırpınan əziz qardaşımız Abbas Hüseynin insanlıqdan uzaq bir şəkildə həbs edilməsi unuda bilməyəcəyimiz və rejimə qarşı haqlı nifrətimizi artıran bir hadisədir.

Qardaşımın ilk məhkəməsində də demişdim, bir daha təkrarlayıram. Bu, haqla batilin, tərəqqi və islahat tərəfdarlarıyla irticanın, insanlıqla manqurtların mübarizəsidir. Bu yolda itki də, həbs də, hətta ölüm də var. Bizlər bunu 20 il öncə bu müqəddəs yola qədəm qoyarkən, gözə alıb gəlmişik. Eyni zamanda, bizlər bunu Uca Yaradanın xüsusi minnəti bilməklə yanaşı, həm də şərəf duyuruq ki, bütün məşəqqətlərə, məhrumiyyətlərə baxmayaraq, həqiqət yolunda, azadəlik məktəbindəyik. Bu isə bizə hər iki dünyada yetər.

Mən burdan, bəşər tarixinin ən iyrənc rejimlərindən biri olan əliyevlər iqtidarına səslənib bir daha xatırlatmaq istəyirəm: Bizlər “Öldürülmək bizim adətimiz, şəhadət isə bizim kəramətimizdir” kəlamının müəllifi olan peyğəmbər Əhlibeytinin (ə.s) övladları və ardıcıllarıyıq. Siz kimi nə ilə qorxutmaq istədiyinizin fərqindəsinizmi?! Həyatı əqidə və əqidə uğrunda mübarizəni həyatın zinəti bilənləri zindanlarlamı qorxudacağınızı güman edirsiniz?! Möhürlənmiş gözlərinizi və qulaqlarınızı dörd açıb bir də eşidin: Bu bizim yazmaqda olduğumuz şərəf tariximizdir! Bu, şərəf sahiblərinin şərəfsiz və ləyaqətsizlərlə mübarizəsidir. Sizlər öz iyrənc varlığınıza, mürtəce hakimiyyətinizə bu qədər həris olduğunuz halda, bizlər öz azadlığımıza, həyatımıza dəyər qatan mücadiləmizə biganə qalacağıqmı?!

Əgər elə düşünürsünüzsə, bir də bəyan edək: Bizlər qanıyla qılınc, az sayla mütləqiyyət üzərində əbədi və parlaq qələbə qazanmış Hüseyn ibn Əlinin (ə) övladları, o həzrətin Kərbəla məktəbinin məzunlarıyıq. Bu gün bizi həbs edə bilərsiniz, ancaq bilin ki, əvvəla bu bizim üçün ilahi bir lütfdür. İkincisi isə, bu həbslər gec-tez sizin axırınıza çıxacaq.
Bizə edə biləcəyiniz ən böyük pislik bizi qətlə yetirməkdir. Ancaq bilməlisiniz ki, kor məntiqinizdə pislik və son bildiyiniz ölüm, bizim üçün əbədi və gözəl həyatın başlanğıcı hesab etdiyimiz şəhadətdir. Hansı ki, siz zavallılar bunu heç vaxt anlaya bilməmiş və bilməyəcəksiniz də! Biz sizi ağıllı olmağa da dəvət etmirik, zatən ağlınız əlinizdən alınıb ki, bu cür rəzil duruma düşmüsüz. Bununla demək istədiyimiz odur ki, bundan sonra atacağınız hər bir kiçik addım belə əks təsir göstərəcək, öz əleyhinizə işləyəcək…

Sonda görkəmli islam mütəfəkkiri mərhum Əli Şəriətinin bir kəlamını xatırlatmaq istəyirəm: “Mən azadlığın yetirməsiyəm, ustadım Əlidir”.
Azadlıq uğrundakı zindanlara salam olsun!
Azadlığa gedən yolda azadlıq fədailərinə salam olsun!
Azadlığa dəyər verən haqq carçılarına salam olsun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button