Aktual

Müəllimlər Müdafiə Nazirliyini məhkəməyə verir

39 təhsil işçisinə məxsus torpaqlarda hərbi hissə tikilib
 «Bizə ya alternativ bağ sahələri verin, ya da kompensasiya ödəyin!»

“39 müəllimə dövlət tərəfindən Yaşma ərazisində bağçılıq təsərrüfatı üçün torpaq sahəsi ayrılıb. 2010-cu ilin may ayında Yaşma bağçılıq təsərrüfatının ərazisində, torpaq sahiblərinə xəbərdarlıq edilmədən, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tikilib. Bizim torpaqların zəbt olunması hesabına”.

Sumqayıtdakı müxtəlif təhsil müəssisələrində çalışan 39 müəllim vaxtilə onlara ayrılmış, sonradan bağ sahiblərinin narazılığına baxmayaraq üzərində hərbi hissə tikilmiş torpaqlarını geri tələb edir. Müəllimlərdən biri Nüşabə Əşrəfova deyir, qapısını döymədikləri idarə qalmayıb. Ancaq 39 müəllimin pozulmuş hüquqlarına sahib çıxan yoxdur: “Azərbaycan SSR Nazirlər Sovetinin 15 sentyabr 1987-ci il tarixli 326 saylı qərarı ilə Bakı-Rostov yolu boyunca kollektiv bağçılıq təsərrüfatını inkişaf etdirmək üçün Sumqayıt şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinə dövlət fondundan 750 hektar torpaq sahəsi ayrılıb. Sumqayıt şəhər İcraiyyə Komitəsinin 22 iyun 1989-cu il tarixli qərarı ilə həmin sahədən Sumqayıt şəhər Təhsil şöbəsinə 72,76 hektar sahə ayrılıb. Bu torpaqlar xüsusi komissiyanın qərarı ilə hər birinə 6 sot olmaqla, 1000 nəfərdən çox təhsil işçisinin istifadəsinə verilib. 1980-ci illərin sonlarındakı keçid dövrünün çətinlikləri ilə əlaqədar olaraq bağçılıq təsərrüfatından istifadə çox zəif idi. 1990-cı illərin sonundan isə ayrılmış bağçılıq sahəsinə işçilərin öz hesabına su çəkildi, yol salındı, bir çox sahələr yaşıllaşdırıldı, bəzi sahələrdə isə bağ evləri tikildi”.

Şikayətçinin sözlərinə görə, bağçılıq təsərrüfatının bütün üzvləri 2001-ci ildən 2008-ci ilədək bələdiyyə idarəsinə dövlət rüsumları ödəyiblər. 2010-cu ilin may ayında Yaşma bağçılıq təsərrüfatının ərazisində, torpaq sahiblərinə xəbərdarlıq edilmədən, Yaşmada Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yaradılıb.

Nüşabə Əşrəfova deyir, 39 müəllimin torpaq sahəsi Yaşma “N” saylı hərbi hissəsi tərəfindən zəbt edilib. Ərazi hasarlanıb, bağ sahibləri öz sahələrinə buraxılmırlar. Hər dəfə hərbi hissənin əsgərləri tərəfindən təzyiqlərə məruz qalırlar. “Hökumət bu bağ sahələrini bizə vəziyyətimizi yaxşılaşdırmaq üçün ömürlük istifadəyə vermişdi. Neçə ildir ki, Müdafiə Nazirliyinə, yerli bələdiyyəyə, Həmkarlar İttifaqının sədrinə və başqa qurumlara yazdığımız şikayətlərin birinə də cavab verilməyib. Halbuki, ərizələrimizi aldıqları barədə əlimizdə çoxlu qəbzlər var”.

Nüşabə Əşrəfova yaxın vaxtlarda müraciətlərinə cavab verilməsə, 39 müəllimin məhkəməyə müraciət edəcəyini deyir. Bağ sahələri əllərindən çıxmış müəllimlər onlara ya alternativ bağ sahələrinin verilməsini, ya da bağ sahələrinin dəyərində kompensasiya ödənilməsini tələb edirlər.(tia)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button