ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paul Karuana Qaliziya: Anamın öldürüldüyü gün…

Dafne Karuana Qaliziyanın ölümündən 5 il keçir

Londonda saat 2 radələri idi. Dostumun evindəydim. Naharı təzəcə bitirib, kofe dəmləmişdik. O an telefonuma tanımadığım Malta nömrəsindən ardı-arası kəsilməyən zəng gəlməyə başladı. Ailəmin bir hissəsi Maltada idi, narahat oldum. Tez nömrəni anama göndərdim.
“Tanıyırsanmı?” soruşdum. Mesaj çatmadı. Sevgilim zəng etdi. Xalamın onu aradığını və qardaşımla təcili əlaqə saxlamağımı dedi. Həmin nömrə yenidən zəng etdi. Qardaşım idi – “onun maşınına bomba qoyulmuşdu”, – dedi. Fikrim dağıldı, dostumun evində, divanda oturmuşdum və qardaşım anamıza sui-qəsd edildiyini deyirdi. “Nə edim indi? Uzun fasilədən sonra soruşdum. “Evə gəl dedi”.
Maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziyanın oğlu Paul Karuana Qaliziya yazır.
Dafne Karuana Qaliziyanın ölümündən 5 il ötür. Oğlu onun barəsində kitab yazıb.
“The Guardian” həmin kitabdan bir parça dərc edib.
Paul Karuana Qaliziya yazır ki, anası ona və qardaşlarına çox oxumağı, azad düşünməyi və danışmağı, canlılara qayğı ilə yanaşmağı öyrədib. O, kobudluğa və insanların qeyri-ciddi olmasına nifrət edirdi.
“Anam 1990-cı ildə Maltanın “Sunday Times” qəzetinin təklifi ilə onlara köşə yazmağa başladı. Bununla o, ölkədə öz adı ilə yazan ilk qadın köşə yazarı oldu. Qalan hamı repressiya qorxusundan anonim yazırdı. Anam ölkəsinin çatışmazlıqlarından, ədalətsizlikdən, problemlərdən yazırdı. Zamanla, ölkənin problemləri dəyişdikcə, anam narkotik tacirlərini, prezidentləri, baş nazirləri və müxalifət liderlərini araşdıracaqdı. O, Malta ofşor cənnətinə çevriləndə araşdırma jurnalistikasının ən gözəl nümunələrini yaradacaqdı”.
Paul yazır ki, bir müddət sonra bizi soyadımız və adımızla yox, Dafnenin övladları, atamı isə onun əri kimi tanımağa başladılar.
“Onun yazdıqları təxminən yarım milyon əhalisi olan ölkədə hər gün, xüsusən də seçki kampaniyaları dövründə bir milyondan çox oxunurdu. Bu, Maltanın gündəlik qəzetlərinin ümumi tirajından böyük rəqəm idi”.
Dafne Karuana Qaliziyanın partladılan maşını.
Kitabda bildirilir ki, elə ölümü də “yazısına görə qisas” olub.
Maltalı araşdırmaçı jurnalist Karuana Qaliziya 2017-ci ilin oktyabrında evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb. Onun avtomobilinə partladıcı yerləşdirməkdə şübhəli bilinən 3 nəfər – Alfred və George Degiorgiolar və Vincent Muscat həbs edilib. Onların qətlə görə 150 min avro (165 min dollar) aldıqları bildirilir.
İlkin istintaq zamanı prokurorluq qətli dövlət rəsmiləriylə yaxın əlaqələri olan iş adamı Yorgen Feneçin təşkil etdiyinə inanırdı. İş adamı isə bu iddiaları təkzib edirdi.
“Bir qadın Wikileaks”, – olaraq adlandırılan Karuana Qaliziya öz ölkəsində və xaricdə korrupsiya şəbəkələrini ortaya çıxaran araşdırmaları ilə tanınırdı.
Öləndə 53 yaşı var idi və o, ömrünün 30 ilini jurnalistikaya həsr etmişdi. O, məşhur “Running Commentary” blogunda Malta siyasətçilərini və digər məmurları korrupsiyada günahlandırırdı. Bir sözlə, hökumətin sərt tənqidçisi idi.
Dafne Karuananın ailəsi jurnalistin ölümündən sonra cinayətlə bağlı müstəqil bir ictimai araşdırma tələb etmişdi. Baş nazir istefasından bir neçə ay öncə buna izin vermişdi.
Araşdırmaçılar son iki ildə müstəntiqlər, siyasətçilər və jurnalistlər də daxil olmaqla xeyli insanlar arasında sorğu keçirmiş, onlarla şahidi dinləmişdi. Nəhayət, yenicə tamamlanan 437 səhifəlik hesabatda dövlətin ən yüksək eşelonlarının cəzasızlıq mühiti yaratdığı qənaətinə gəlinib.
Hesabatda bildirilir ki, böyük bizneslər və hökumət arasında “əsassız yaxınlıq” var. Hesabatda Maltada qanunların təkmilləşdirilməsi və jurnalistlərin daha yaxşı qorunması yönündə tövsiyələr də verilib.
Dafne Karuana Qaliziya özünə məxsus “Running Commentary” bloqunda “17 Black Limited” adlı məxfi şirkət haqda məlumat paylaşıb. O, həmin materialda şirkətin maltalı siyasətçilərə bağlı olduğunu söyləyirdi. Ancaq şirkətin tam olaraq kimə məxsus olduğunu tapa bilməmişdi. Elə həmin material dərc olunandan 8 ay sonra öldürüldü.
Jurnalistin ölümündən sonra “Reuters” Agentliyi “17 Black Limited” şirkətinin iş adamı Yorgen Feneçə məxsus olduğunu tapmışdı. Həmin araşdırmada və qalmaqalda Azərbaycanın da adı hallanırdı. Çünki Dafne Karuana müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi məsələsində Azərbaycan, Moldova və Rusiyanın adını çəkirdi.
Yazılarından birində isə o, Azərbaycan Prezidentinin qızlarına məxsus şirkətin Maltanın baş nazirinin həyat yoldaşına məxsus şirkətə bir milyon dollar köçürdüyünü yazırdı.
Amma “Malta Today” yazır ki, Əliyevalara məxsus şirkətlərin müxtəlif şübhəli əməliyyatlarda iştirakı sənədlərə sübut olunsa da, Malta baş nazirinin xanımına pul köçürülməsi faktı öz təsdiqini tapmayıb.
Azərbaycan hakimiyyəti indiyədək bu iddiaları cavablandırmayıb.
Amma 2017-ci ildə Azərbaycanın adı hallanan pulyuma əməliyyatı ilə bağlı açıqlama verən rəsmilər bunu “Azərbaycanı istəməyən qüvvələrin işi” – adlandırmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button