Paşinyan yanvarın 13-də Mülki Müqavilə Partiyasının təşəbbüs qrupunun iclasındakı çıxışı zamanı deyib ki, bir neçə dəfə açıq və qəti şəkildə razılıq əldə olunub ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır.
Xatırladaq ki, İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində demişdi: “Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Çünki əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır”.
Ermənistanın baş naziri buna cavab olaraq deyib: “Niyə mən Azərbaycanın son günlər verdiyi açıqlamaları zərbə hesab edirəm? Çünki onların ən yüksək səviyyədə dedikləri birbaşa bu məntiqə və bu razılaşmaya ziddir”.
Nikol Paşinyan əlavə edib: “Biz təklif edirik ki, təhlükəsizliyi təmin etmək və toqquşma riskini neytrallaşdırmaq üçün Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhəd xəttindən qoşunların güzgü prinsipi ilə çıxarılmasını həyata keçirək, amma Azərbaycan bunu rədd edir. Biz deyirik ki, gəlin sərhəd rayonlarını delimitasiya edək, Azərbaycan bunu da rədd edir”.
O iddia edib ki, razılaşmalara zidd olaraq Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır, ancaq bu, qətiyyən qəbuledilməzdir.
Paşinyan İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı açıqlamasına da münasibət bildirib ki, Azərbaycan “dəhliz məntiqi”ni formalaşdırarkən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edir. Amma əslində bu üçtərəfli bəyanatın imzalandığı andan 2023-cü ilin sentyabrına qədər hər iki tərəf göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Yəni Dağlıq Qarabağda, o cümlədən Rusiyanın iştirakı ilə həyata keçirilən tədbirlər bu sənədin artıq olmadığına sübutdur.
Ermənistanın baş naziri Azərbaycanla ərazilərin, sərhədlərin, habelə anklav və eksklavların tənzimlənməsi ilə bağlı qarşılıqlı razılaşdırılmış xəritələr əsasında əməli addımların atılmasının da vacibliyini vurğulayıb.
“Azərbaycan dörd kəndin, Ermənistan Respublikası isə 32 kəndin problemini qaldırır. Ermənistan və Azərbaycan arasında işğal olunmuş ərazilər olmamalıdır. Ona görə də Ermənistanın “de-yure” Azərbaycana məxsus olan ərazilərə nəzarət etdiyi müəyyən olunarsa, Ermənistan geri çəkilməli olacaq. Eynilə, “de-yure” Ermənistana məxsus olan, lakin hazırda Azərbaycanın nəzarətində olan ərazilər üçün Azərbaycan da geri çəkilməli olacaq”, – deyə baş nazir Paşinyan bildirib.