ArxivXəbər lentiXəbərlər

“Od tutub yanan” Bakı bazarı: Qiymətləri kim qaldırır?

Yayın əsas təamları olan meyvə-tərəvəzin bahalaşması son günlərin əsas müzakirə mövzusudur. Bunu nəzərə alıb üz tutduq paytaxtın ən böyük bazarlarından olan “Yaşıl Bazar”a.

Yayın əsas təamları olan meyvə-tərəvəzin bahalaşması son günlərin əsas müzakirə mövzusudur. Bunu nəzərə alıb üz tutduq paytaxtın ən böyük bazarlarından olan “Yaşıl Bazar”a.

Quş südü, can dərmanının satıldığı bu bazarda hər piştaxta başqa aləmdir. İstər meyvə-tərəvəzlərin düzülüşü, keyfiyyəti, istərsə də qiymətləri baxımından…

Ötən il ziyan etdilər, bu il əkmədilər 

Alış-verişimizə qiyməti ilə rekord qıran qarpızdan başladıq. Məlum oldu ki, bu bazarda qarpızın kilosu  1-1,3 manat təşkil edir. Bazarda bu məhsulun başqa yerlərdən baha olmasının səbəbi də keyfiyyətidir:

“Sabirabad qarpızının qiyməti 1 manatdan başlayır. 70 qəpiyə, əsasən, Masallı qarpızını satırlar. Doğrusu, bir azdan o da olmayacaq. Çünki bu il qarpız az əkilib. Səbəb də ötənilki bolluq və fermerlərin ziyana düşməsidir”.

Öyrəndik ki, satıcılar qarpızı topdansatışdan 70 qəpiyə əldə ediblər:

“Maraqlanmışam, Sabirabadda fermerlər qarpızı qapıda 55 qəpikdən satırlar. Halbuki keçən il 8-10 qəpik idi”.

Yayın son ayının əsas meyvəsi olan şaftalının kilosu 1,5-3 manat arasındadır. Bu meyvənin kiloqramını 3 manatdan satanlar deyirlər ki, topdansatışdan yeşiyini 20 manata alırlar. Bu da hər kiloya 2,3 manat deməkdir.

Salyan üzümü isə bazarın qiymət rekordçusudur. Üzümün qiyməti 2,5-4 manat arasındadır. Onu da qeyd edək ki, Salyan fermerləri üzümü alverçilərə 50 qəpikdən satırlar.

Bazara gələn yoxdur 

Bazarda endirimli məhsullara da rast gəldik. Məsələn, bir gün əvvəl dəyəri 3 manat təşkil edən “Xələc” üzüm sortu endirimli qiymətlə 1 manata təklif edilirdi. Satıcıdan səbəbi soruşduqda bildirdi ki, alıcı yoxdur:

“İstidir, bazara gələn yoxdur. İkinci bir tərəfdən, bu bazar elə yerdə yerləşir ki, buraya ictimai nəqliyyat işləmir. Nəqliyyatın olmaması alıcı sayına böyük təsir edir”.

Digər məhsulların qiymətlərinə gəlincə, aşağıdakı kimi dəyişir:

Yemiş – 2 manat
Armud – 3-5 manat
Təzə qoz – 12 manat
Fındıq – 4 manat
Sarımsaq – 3 manat
Pomidor – 1 manat
Xiyar – 70 qəpik
Ərik – 6 manat
Gilas – 5 manat
Moruq – 4 manat
Böyürtkən – 4 manat
Gavalı – 3 manat
Alma – 70 qəpik
Cənnət alması – 1,5 manat
Balqabaq – 1,5 manat
Yaşıl bibər (5 ədəd) – 1 manat
Yumru badımcan – 1,5 manat
Çiyələk – 1 manat
Qarğıdalı (Cəlilabad) – 50 qəpik

Gündəlik rasionumuzda istifadə etdiyimiz kartof-soğana gəlincə, bu məhsullar hələlik qiymətindəki sabitliyi qoruyub-saxlayıblar. Soğan 30, kartof 50 qəpikdir. Yerlərdə isə fermerdən kartof 20, soğan 10 qəpikdən alınır.

Yağış yağmadı, lobya soldu 

Bu il qarpızla bərabər, lobyanın da qıt olduğunu deyən Əhməd adlı satıcı bildirir ki, bunun  səbəbi havaların həddən artıq isti keçməsi, yağıntının olmamasıdır:

“Bazarda yaxşı lobya yoxdur. Yağış yağmadı, lobya “sıyrıntılı” oldu. Təzə məhsul 3 manatdan aşağı deyil. Ötən il pomidor da bundan ucuz – 60 qəpik idi. Bu il 80 qəpikdən satırıq”.

Öyrəndik ki, kənd təsərrüfatı məhsullarından badımcan bazarda boldur. Bu səbəbdən qiyməti ucuzdur – 80 qəpik. Badımcanın tarla başında qiyməti isə 40 qəpikdir.

80 manata yabanı bitki 

Bazarda diqqətimizi çəkən isə piştaxtalardakı ərəb əlifbası ilə yazılmış elanlar oldu. Satıcılardan elanların tərcüməsini soruşduqda, dedilər ki, bu, “donbalan var” deməkdir. Sən demə, hazırda bazarda olan bu yabanı bitkiyə tələbat böyükdür. Bu səbəbdən əvvəllər satış dəyəri 12-15 manat təşkil edən donbalan indi 80 manatdır:

“Ölçüsü kiçik, görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı əvvəllər 12-15 manata satılırdı. Əsasən, Goranboy və Gəncədə yetişir. Ərəblər turist kimi ölkəmizə gələndən donbalana tələbat artıb”.

Alıcılar şikayət edir 

Nəzərə çatdıraq ki, bazarda barmaqla sayılacaq qədər piştaxtada məhsulların qiymətləri üstünə vurulmuşdu. Nə meyvələrin, nə tərəvəzlərin, nə də digər qida məhsullarının üzərində qiymət var. Vəziyyətdən alıcılar da şikayət edir:

“Bu bazarda hər şey digər bazarlardan bahadır. Bazarın ilk sıralarında qiymətlər, ümumiyyətlə, əl yandırır. Hər şey turistlərə hesablanıb. Piştaxtalara yaxınlaşan zaman “Biz turist deyilik, yerliyik” demək burada alverin qızıl qaydasıdır”.

Satıcılar isə qiymətlərin bahalığını gündəlik yer haqqının yüksək olması və nəqliyyat xərclərinin yüksəkliyi ilə izah etdilər:

“Gündəlik 8 manat yer haqqı veririk. Bundan əlavə, bazara ictimai nəqliyyat gəlmir. İstər daşınma, istərsə də sərnişin kimi nəqliyyata çox pul xərcləyirik. Kəndli qiyməti qaldırıb, biz niyə ucuz sataq?” (oxu.az)

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button