ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müdafiə Nazirliyinin polkovniki: “Nəcməddin Sadıkova otağında 20 milyon vermişəm”

 “Mən hərbçiyəm, nə əmr verilibsə, onu da icra eləmişəm”

Orduya ayrılmış vəsaitlərdən 92 milyon manatlıq mənimsəməylə bağlı cinayət işi üzrə həbs olunan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin məhkəməsi başlayıb. Onlar ayrı-ayrılıqda mühakimə olunsalar da, hamısı əlbirlikdə ittiham olunurlar. Eyni zamanda, onmilyonlarla manatlıq yeyinti cinayətini sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığı və rəhbərliyi altında törətməkdə təqsirləndirilirlər.
Həbsdə olanlardan biri – Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, polkovnik Məlikməmməd Qurbanov sentyabrın 15-də məhkəmədə etiraf edib ki, qiymətlərin şişirdilməsi yoluyla əldə olunan təxminən 20 milyon manatı Baş Qərargah rəisi Nəcməddin Sadıkova çatdırıb.
Məlikməmməd Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyilə baxılır. Sentyabrın 15-də məhkəmədə əvvəl prokuror ittiham aktını elan edib.
İttihama əsasən, Məlikməmməd Qurbanovun vəzifədə olduğu 2015-2019-cu illərdə Silahlı Qüvvələrin keyfiyyətli mallarla təmin olunması üçün büdcədən vəsait ayrılsa da, təyinatı üzrə xərclənməyib, qiymətlər şişirdilib. İddia olunur ki, vəsaitlər o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığıyla öncədən razılaşdırılmış şirkətlərin hesabına köçürülüb. Şirkətlərlə bağlanmış müqaviləyə əsasən onlardan alınacaq malların dəyəri isə süni şəkildə şişirdilib.
Həmin şirkətlərlə əvvəldən olan razılaşmaya əsasən, köçürülmüş vəsait nağdlaşdırılandan sonra onun bir hissəsi geri qaytarılıb.
Cinayət işinin materiallarında Məlikməmməd Qurbanovun şəxsən özü tərəfindən 4 il ərzində mənimsənilən məbləğin 542 min 438 manat olduğu iddia edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Prokurorun səsləndirdiyi ittihama münasibət bildirən polkovnik özünü qismən təqsirli bilib. O deyib ki, verilən tapşırıqları icra edib.
“Mən hərbçiyəm, əmr yerinə yetirirəm. Mənə nə əmr verilibsə, onu da icra eləmişəm”, – Məlikməmməd Qurbanov bildirib.
O deyib ki, cinayət işi üzrə ona qarşı mənimsəmə ittihamıyla bağlı öhdəsinə düşən ziyanı tam ödəyib.
Təqsirləndirilən polkovnik etiraf edib ki, Nəcməddin Sadıkovun göstərişiylə şirkətlərin hesabına pulların köçürülməsi və s. işlərlə məşğul olub. Lakin bunu özbaşına etməyib. O vurğulayıb ki, əvvəlcədən olan razılaşma əsasında şirkətlərin hesabına köçürülən pulların 15 faizi geri qayıdırdı. O pulları da toplayıb, aparıb Nəcməddin Sadıqova verirdi. Onun sözlərinə görə, Nəcməddin Sadıkova 4 il ərzində ümumilikdə 20 milyon manat verilib. Bu vəsaitdən hara nə qədər çatdırmağı isə Baş Qərargah rəisi özü müəyyənləşdirirdi:
Müxtəlif şirkətlərlə işləyirdik. Amma əslində, o şirkətlərin hamısı bir nəfərin idi. O adamın adını çəkmək istəmirəm. Süni şəkildə artırılan qiymətlər nəticəsində əldə olunan pulları nağdlaşdırıb bizə qaytarırdılar. Mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat verilib. Mən də 20 milyonun hamısını iş otağında Nəcməddin Sadıkova vermişəm”.
Məlikməmməd Qurbanovun məhkəməsi davam edir.
2022-ci ilin əvvəlində DTX-nın keçirdiyi əməliyyat nəticəsində Məlikməmməd Qurbanovla yanaşı, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Məlikməmməd Qurbanovdan əvvəl Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Mahir Şirvanov, nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və digərləri həbs olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button