ArxivIslamXəbər lentiXəbərlər

Müasir dünyanı gücsüzlər qarşısında aciz qoyan ən mühüm dəyər

İçində olduğumuz xüsusi vəziyyət son sözü başda deməyimizi, kitabı sondan oxumağa başlamağımızı tələb edir. Buna görə mövzu istər-istəməz sizin üçün darıxdırıcı ola bilər. Lakin hər ehtimala qarşı vaxt olmadığı üçün bir neçə mövzunu bir mövzuda birləşdirməyi qərara aldım. Bu da məsələləri daha qapalı vəziyyətə gətirir. Sonda deyəcəyim şeyləri başda deməyim mövzunun qapalılığını artırır. Amma başqa çarəm yoxdur.

Böyük aldanma
Sizə demək istədiyim ən təməl mövzu, elmi bir məsələ deyil, fikri bir məsələdir. Mənim dilə gətirmək istədiyim, ancaq açıqlama və izaha ehtiyac duymayan ən önəmli məsələ budur: Gəlin özümüzü elmi nöqtədən qanə etməklə fikri baxımdan doymayacağımızı bilək. Əslində bu günümüzün savadlılarına, ziyalılarına məxsus saxta və böyük bir aldanma növüdür. Həmin savadlı və ziyalı şəxs elmi baxımdan qane olduğunda, yəni yüksək qazanclar, elmi olaraq geniş bilgilər və çox xüsusi rütbələr qazanınca, böyük müəllimlər, kitablar görüncə və son dərəcə orijinal teoriyalar öyrənincə özlüyündə qürur və xoşbəxtlik hiss edər və fikri baxımdan müdriklik dərəcəsinə yüksəldiyini düşünər. Bu sadə, siravi bir insanda belə ən az alim bir insan olduğu hissi oyandıran bir aldanmadır. Bir ustad, bir tərcüməçi, bir filosof, bir böyük sufi, bir ədəbiyyatçı, bir tarixçi ümumən fikri baxımdan tamamilə sıfır ola biləcəyini, şüuru ən düşük səviyyədəki cahil dərəcəsində qala biləcəyini heç vat düşünməz.
Bu çox həssas bir vəziyyətdir. Cahil müdrik olmaq,  şüursuz təhsilli qalmaq, çox yüksək diplomları və həqiqətən həkimlik, mühəndislik və ya professorluq kimi yüksək rütbələri olan bir insan olmaq – amma şüur, anlayış, bilgi, dövrün şərtlərinə, zəmanənin problemlərinə qarşı düşüncənin sıfır olması, bu tip məsələlərə kor, lal və kar qalması – baxın əsl tragediya məhz budur. Gün keçdikcə bu tragediya böyük təhlükəyə çevrilir. Alim olmaq və cahil qalmaq təhlükəsi. Bu təhlükə insana elmi mənfəət versə də fikri mənfəətdən məhrum buraxır. Bəli, əslində bu gün dünya gündəmində olan məsələ elmi deyil, bəhs etdiyimiz fikri məsələdir.

Müəyyənləşdirici seçim
Bu gün Afrika, Asiya və Latın Amerikasındakı üçüncü dünya cəmiyyətləri sənayedə çox geridə qalmalarına, elmi olaraq çox aşağı səviyyədə olmalarına, texnologiya, fəlsəfə və dünyəvi elmlər baxımından Avropa və Amerikanın tələbəsi kimi görünmələrinə, tamamilə yoxsul olmalarına rəğmən onlara qarşı hər cür texnika ilə silahlanmış olan bütün Qərb qarşısında dura bilmə gücü verən yeni bir silaha sahiblər.
Qərb ən üstün texnoloji, elmi və fəlsəfi güclərə sahib olmasına və dünyadakı bütün zəkaları satın almasına baxmayaraq  (Çünki pul olunca bu gün zəka da mal kimi alınıb satılmaqdadır. Elmi təhsillər, filosoflar, fiziklər və yazıçılar da eynən əşya kimi alınıb satılır. Pulu olan hər kəs bütün bunlara sahib ola bilir indi) bütün dünyanın elm  mirasına  sahib  olmasına və bəzən alaraq  bəzən də istehsal   edərək bütün elm məhsullarını özündə toplamasına baxmayaraq bir şeydən məhrumdur. Bu məhrumiyyət bütün maddi, mənəvi və hərbi silahlarına rəğmən onu hər cür silahdan yoxsul cəmiyyətlər, yalın ayaqlar, aclar, evsizlər və hətta özlərinin və ailələrinin normal yaşamlarını müdafiə edəcək vasitələrdən belə məhrum olan kimsələr qarşısında zəifləməkdə, məğlubiyyət və təslimiyyətə sürüklənməkdədir.
İndi dünyada “nə” “nə ilə” müharibə etməkdədir? Elmi güc cəmiyyəti hər cür elm və sənayedən məhrum cəmiyyətlə müharibə etməkdədir. Bu müharibənin nəticəsi bir neçə gün və ya bir neçə il fərqlə dünyadakı bu kasıbların, bu ayaq yalınların və oxuma, yazma belə bilməyən insanların lehinə və insanlıq tarixinin bütün elmi və texnoloji xəzinələrini öz əlində tutan güclərin əleyhinə işləyəcəkdir.
“Nə” “nə” ilə savaşmaqdadır? Elm düşüncə ilə savaşmaqdadır. Bu ayaq yalın, kasıb, fağır, aclıq, xəstəlik və çılpaqlıq məhkumu sadəcə bir şeylə silahlanmışdır – Düşüncə, iman, idealogiya, hədəf, ziyalı görüşlü bir şüur. (Üstəlik təhsili də olmamasına rəğmən) Qarşı tərəfdə isə insanlığın elmi, texnoloji cəhətdən maksimum silahlanmasına baxmayaraq həm də bütün dünyanın sərmayəsini əlində saxlamış bir güc. Bu güc digərinə qarşı müharibə edir, lakin məğlub olur. Buna görə bu bəhs etdiyimiz şey elmdən, fəlsəfədən, texnologiyadan, sərmayədən, gücdən və xoşbəxtçilikdən başqa bir şeydir. Əgər biz bu “başqa şey”ə sahib olmanın və ya olmamanın önəmini anlamazsaq günümüz kapitalist Qərbi kimi inkişaf qalamızın ən yüksək zirvəsinə də çıxsaq – ki çıxa bilmərik – yenə də zamanımızın “ayaq yalınlar”ı qarşısında (hələ bunlar məzlum qullar isə) məğlubiyyətə uğrayacağıq, daxilən çökəcəyik və çürüyəcəyik! Buna görə eyni zamanda bir seçim etmək istəyən cəmiyyətlərin önündə başqa bir yol var olmaqdadır. Bu ya elm, kapitalizm, güc və sənaye yolunu seçməkdir, yaxud fikri bir yolu, bir ideal və ideologiyanı seçməkdir. İdealı, ideologiyası və imanı olan bir cəmiyyət hər güc, hətta günəş sisteminə boyun əydirən bir güc qarşısında belə zəfər qazana bilər. Belə bir cəmiyyət şübhəsiz ki on, on beş və ya iyirmi il sonra mədəniyyətə də texnologiyaya da sahib olacaqdır.
Əgər idealsız, imansız, şüursuz, həm öz şüurdan həm də ictimai şüurdan məhrum bir cəmiyyət sadəcə sənayenin, gücün və kapitalizmin arxasına düşər və günümüzdə sənaye və elmi inkişaf adlandırılan şeyi izləyərsə bunda müvəffəq olsa belə – ki ola bilməz – həmişə istehlakçı olaraq qalacaq, lakin həqiqətdə özünü istehsalçı olaraq görəcəkdir. Bu aldanma bütün geri qalmış ölkələrin içinə düşdüyü böyük aldanmadır. Amma o, aciz və məhrum bir köləyə ən böyük dünya gücünü məğlub etmə qüdrəti verən o şeydən məhrum qalacaqdır.
Buna görə əgər ideologiyamız olsa ideoloji uğur və iman uğuru mərhələsindən sonra anidən ən böyük mədəniyytin qurucusu olacağıq. Əgər fikir əskikliyini hiss etməzsək iman, ideologiya və yol məsələsi bizim üçün həll olmazsa, onu almaz və ona ehtiyac duymazsaq tez-tez Avropa mədəniyyətini alacaq və digər istehsalçılara möhtac istehlakçı kölələr olaraq qalacağıq. Bu baxımdan geri qalmış ölkələrindəki çağdaş ziyalı (harda olursa olsun, istər Latın Amerikasında, istər uzaq Asiyada, istər Orta və yaxın Şərqdə olsun fərqi yoxdur. Çünki Fanonun ifadəsiylə geri qalmış cəmiyyətlər oxşar aqibətə, bənzər dərd, ehtiyac və seçimə sahibdirlər. Çünki eyni güc qarşısında və eyni zamanda var olmaqdadırlar.) ya öncə fikri seçməlidir, ya da fikirsiz mədəniyyəti! Burda Mədəniyyət dediyimizdə mədəni insanların ortaya qoyduğu şeydir. Son 20-30 ilin, hətta son 40-50 ilin təcrübəsi, işə ideologiya ilə başlayıb öz şüur və ictimai şüur qazandıqdan sonra hərəkətə keçən cəmiyyətlərin bu gün dünyanın mədəniyyət qurucusu gücləriylə eyni sırada yer aldıqlarını göstərmişdir. Amma yola sürətli bir Qərb təqlidçiliyi ilə girən, öz şüur və ictimai şüurdan məhrum olan, ideologiyası olmayan, sadəcə Avropa mədəniyyətindən istifadədə saxta bir oyanışla kifayətlənən cəmiyyətlər, Qərbin istehlakçısı olmuşlar, onun əsarət və zillət boyunduruğu, əsarəti altında qalmışlar. Buna aid nümunələri şəxsən siz öz beyninizdə çox araşdırmadan tapa bilərsiniz.

İnsan – çox yaxın və çox uzaq
Danışmaq istədiyim şey bəzəkli bir konfrans və simpozium deyil, bir dərsdir, bütün sosial məsələlərin özlüyündən doğub şöbələrə ayrıldığı bir məsələdir. Əvvəl dediyim şeylərin hamısını bir misalla açıqlamaq istəyirəm. Dinə görə insan bütün təbii olanlardan daha üstün bir mənliyə sahibdir. Bu həm dinin eqzistansiyalizmin, həm də Sartrın (Jean Poul Sartre) sözüdür. Sadəcə dini bir iddia deyil . Sartr belə Allah inanmadığı halda insanı bütün təbii varlıqlardan tamamilə ayrı bir mənlik,  göy ilə bağlantısı qopmuş yad bir varlıq, taleyi özünə buraxılmış, öz taleyini özü yazan, özü özünün yaradıcısı, özü özünün tanrısı, təbiətə hakim və hamısı təbiət qüvvələrinin əsəri və onların cinsindən olan digər varlıqların əksinə təbiət qüvvələrini xidmətində istifadə edən bir varlıq olaraq qəbul edirdi. Buradan həm dinin, həm humanizmin, həm də eqzistensializmin eyni eyni qənaətə gəldiyini görürük. ”İnsan təbiətdən və fiziki kainatdan daha üstün bir varlıqdır.” İnsanla əlaqəli ən üstün analizləri aparan, ən çox humanist ekollarda belə insanlığın bu qədər ucaldılmadığı İslam terminologiyasına görə insan Tanrının qohumu, Tanrının bənzəri, Tanrının təbiət aləmindəki təmsilçisi və xəlifəsidir. Həmçinin bütün varlıqlar və bütün təbiət qüvvələri insanın əmrindədir. Allahın bütün mələkləri insanın önündə səcdəyə getmiş və boyun əymişlərdir.
Dünyada bax belə bir ağadır, hökmdardır insan. O, tanrının kainatda etdiyi işin eynisini maddi dünyada və təbiət aləmində edə bilir. Nə işi? Yaratmaq, bilmək, idarə etmək, seçmək və müstəqil olmaq. Kainatda sadəcə Allaha aid olan bu sifətlər daha aşağı səviyyədə insanda birləşmişdir: “Bilgili, iradəli, seçici, yaradıcı, dəyişdirici, bütün təbiət sistemini əmri altına alan və tarixinin, cəmiyyətinin və öz mənliyinin taleyini alt-üst edən.”

Gündəlik həyat
İlahi dəyərlərə və ilahi mənliyə sahib olan belə bir varlıq gündəlik həyatın dalına düşər. Bu hər canlı insanın qatili və içinə hər gün insanın ən uca dəyərlərinin batdığı bir bataqlıqdır. İnsan həyatın, gündəlik həyatın, təkrarlanan həyatın, dairəvi, daima dönən həyatın eyni axmaq dönməsinə, amip və mikroplardan bitki və heyvanlara qədər bütün həyatlara hakim olan eyni döngüyə düşər. O döngü içincə tez-tez yeyər, yatar, qalxar, yemək üçün çalışar, çalışmaq üçün yeyər, istirahət üçün işləyər, işləmək üçün istirahət edər, istehlak üçün istehsal edər, istehsal üçün istehlak edər. Belə ki, harasından tutsan dönər. Hz Əlinin ifadəsiylə eynən “dəyirman eşşəyi” kimidir. Səhər yola salarlar, çalışıb, çabalayaraq hərəkət edər, gedər, gedər gün batanda isə baxar ki, başladığı yerdədir. Bu qəribə dairə həm keçmişdə, həm də indi mədəni və ya ibtidai, Şərqli və ya Qərbli hər insanın taleyidir.
Bu döngüdə insan biraz şüurlu olan insanı heyrətləndirəcək dərəcədə özəl duyğular, ehtiyaclar, komplekslər, ideallar, qısqanclıqlar, kinlər, eşqlər və acılar tapar. Bəzən bir adamın önəmli bir məsələylə önünüzə gəlib sizinlə dərdləşmək və qarşınızda inləmək istədiyini görürsünüz. Elə bir hay-küy, intriqa və qəribəliklə dərdini danışar ki, həqiqətən çox gülüncdür. Bu yazığın axmaqlığına gülmək lazımdır. Gecə gündüz istədiyimiz, həyatımızda həzz aldığımız, arzuladığımız, sahib olanları qısqandığımız və ya qibtə etdiyimiz hər şeyi bir kağız parçasına yazsaq və şüurlu bir şəkildə baxsaq öz şəklimizdən və görünüşümüzdən bezər, öz qəlibimizdən, vücudumuzdan və canlılığımızdan nifrət edərik.
İnsan yavaş-yavaş bu cür şeyləri, xarici məsələləri anlayar. Məsələn insan evində, məhəlləsindəki heç kim evində olmadığı şəkildə olmaqdan ləzzət alar. Sadəcə bir geyim çıxacaq qədər bir parça əlinə keçər. Təsadüfən mağazaya o tez çatmışdır. Biraz geç çatsaydı əlindən qaçıracaqdı. O zaman belə bir parça başqa bir insanın əlinə düşərdi. Xülasə toyda bu paltarı, geyimi o yox, başqası geyinərdi. Onda o necə də üzülərdi, heyfislənərdi. Daha sonra həzzləri, hüznləri, nifrətləri, intriqaları və insan üçün nə qədər dəyərli olduğunu bilmədiyimiz daha bir çox şeyi kirli əməllərinə çatmaq üçün asanca fəda edərdi.
Nəhayət bu qürurlu, başı varlıq qübbəsinin xaricinə çıxmış, hətta Tanrıya belə meydan oxumuş insanın rütbə, dərəcə, vəzifə, yer və hətta xəyalı əldə etmək üçün itdə belə rastlanmayan ölçüdə alçaldığını görərik. Belə bir insan, həyasızlıq və biabırçılıqda bütün varlıqlardan daha üstün bir istedada sahibdir.
Bəzən bir insanın xoşbəxtlikdən ölmək istədiyini, evinin içində yerə-göyə sığmadığını, (məhşur bir məsəllə) özünə aşiq olduğunu görürsünüz. Nə üçün? Çünki səhər vaxtı pilləkənlərdən keçərkən müdir bəy ona gözünün ucuyla baxmışdır: baxışında biraz məmnuniyyət oxunmaqdadır və biraz təbəssüm vardır. Eynən şəfqətli bir sahibin itinə baxdığı o baxış kimi.
Sonra zövqlər!..Geyim, avtomobil, ev, rütbə, vəzifə, təhsil, və dost kimi bəyəndiyimiz, xəyalımızda canlandırdığımız və əldə etmək istədiyimiz bütün şeylərin bir listini hazırlayıb baxarsaq onları ələ keçirmək üçün nələr fəda etdiyimizi və ya edəcəyimizi görərik: Zamanı, insanı, şüuru, istedadı, insanın ilahi qürurunu, üsyan etmə imkanını, azad seçim bacarığını, rədd etmə gücünü və bizə soxuşdurulan hər şeyi yıxıb yerinə öz istədiyimiz şeyləri qoyma gücünü fəda edərik. Bütün bunları heç anlamadan, onlara bir vaxt belə ayırmadan və üzərində bir an olsun düşünmədən əldən çıxararıq!
İnsan özünə ləzzət verən şeylərə yönələr və onlara doğru sürüklənər. Sonra görürük ki, “mən” Tanrıyla eyni cinsdən olan “mən” yüksəklərdən zibil dərəsinə enirəm. Bir çaqqal kimi leş yeməkdən həzz alıram. Sonra “mən”im bu bütün varlığım parça-parça olur və hər parçası vəhşi və ya əhliləşdirilmiş bir heyvanın pəncəsində iyrənc bir dad, iyrənc bir həvəs əldə etmək üçün hər şeyi, ən dəyərli şeyləri fəda etməkdədir.

Sarsıntı
Sizə əxlaqı nəsihət vermək istəmirəm. Göz ardı edilməkdə olan insan məsələsidir. Keçən hər gün insani dəyərlər qurban edilməkdədir. İnsanlığın təməlin əhatə edən ən böyük insani dəyərlər, rədd edə bilmə və üsyan edə bilmə xüsusiyyətləridir. Hz.Adəmin yaradılış təkamülü də belə başladı. Bu meyvəni yemə dedilər, yedi. Sonra Adəm oldu, insan oldu, yer üzünə endi. Əgər belə olmasaydı, bütün mələklər kimi mənasız olardı. Sonra başqası gələr Adəm olardı, o gələr bunun önündə səcdəyə gedərdi. Amma özü üsyan etdi və şəxsən Adəm oldu.
İnsanın gündəlik həyatında məhv etdiyi, əldən çıxardığı və fəda etdiyi şey üsyandır. İnsanı dünyada Tanrı bənzəri edən üsyanı itirir. Nə üçün? Bəzən kredit üçün. İki, üç, beş illik sənəd imzalayır və yerindən tərpənə bilmir! Başına gələn hər bədbəxtlikdə “Yaxşı, baş üstə!” deməsi lazımdır, çünki kreditlər onun maaşına, gəlirinə və mövcud vəziyyətinə görədir. İnsanın tanrı bənzəri olmasının, bir soyuducuya, bir evə, bir avtomobilə fəda edildiyini görürük. Sonra bu insan nələri itirdiyini, bunlara qarşılıq olaraq nələri qazandığını və nələrdən ləzzət aldığını anlamaz. Üsyankarlıq, ilahi olma istedadı və Allahın yer üzündəki xəlifəliyini fəda etmə qarşılığında bir avtomobilə sahib olmaq, nə qədər ləzzət edər ki, bu ləzzətin əvəzi üsyan və inkar olsun? Üsyanın, rədd etmənin, yaradıcı olmanın, şüurun dadını almış bir nəfər heç vaxt bunu başqa bir dəyərlə dəyişməz. Lakin necə olur ki, biz bu qədər asan dəyişirik? Çünki bizim öz (mənlik) şüurumuz yoxdur. Güclü bir əl və ya acımasız bir qırmanc, sıxıntıya düşdüyümüz zaman, boğuşduğumuz gecə və gündüzlərdə – hətta yuxumuzda belə real həyatda arzuladığımız vəzifə, mal-mülk, geyimləəlaqəli yuxular görürük – belə vəziyyətlərdə yaxamızda tutub silkələməli, bizi bu gicəlləndirici axmaq labirantdan qurtarmalıdır. Əslində nə qədər vaxt xərclədiyimizi, ömür deyilən karvanın harasında olduğumuzu, ölümə nə qədər vaxtın qaldığını nə qədər fürsəti qaçırdığımızı, bu şeylərlə məşğul olduğumuz üçün həyatda daha ələ keçirəmədiyimiz neçə-neçə ləzzətlərin və dəyərlərin olduğunu bilmirik. Bax bizi bu bataqlığın içindən çəkib çıxarmalı, günəşin içində mühafizə etməli, qurutmalı, sarsmalı, öz divarımıza mismarlamalı və “Sənsən, sən!” deməlidir.

Ardı var…

Doktor Əli Şəriəti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button