“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 28 noyabr-11 dekabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 62 saylı bülleteni
30 noyabr 2022-ci il. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. Özünün verdiyi məlumata görə, ona qarşı bu ilin oktyabrın 27-dən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında şikayət verilib. Gültəkin Hacıbəyli Nəsimi Polis İdarəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
01 dekabr 2022-ci il. Daxil olan məlumata görə AXCP Qaradağ rayon şöbəsinin üzvü Elnur Həsənov haqqında 30 sutka inzibati qaydada həbs seçilib. Rəsmi ittiham bəlli deyil. Müxalifətçi sosial şəbəkələrdə hakim siyasəti tənqid edən postlar paylaşmaqla fərqlənib.
02 dekabr 2022-ci il. Dövlət yol polisi əməkdaşları ilə taksi sürücüləri arasında insidentin videogörüntüsünü çəkib yayan jurnalist Elmar Əziz polisin təzyiqi ilə üzləşib. Onun valideynləri də Xəzər rayon polis idarəsinə aparılıb.
02 dekabr 2022-ci il. Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev Maştağa qəsəbəsində yaşadığı evin qarşısından mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
06 dekabr 2022-ci il. Müsəlman Birliyi Hərəkatının 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sədri Tale Bağırzadə saxlanma şəraitinə etiraz olaraq aclıq edir.
09 dekabr 2022-ci il. İctimai fəal Bəxtiyar Hacıyev barəsində qurama ittihamlar əsasında Bakı şəhəri, Xətai Rayon Məhkəməsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. İctimai fəal B. Hacıyev xuliqanlıqda, məhkəməyə hörmətsizlik etmədə təqsirləndirilir. “Müdafiə Xətti” göstərir ki, B. Hacıyev rəsmi siyasəti, hüquq mühafizə orqanlarının zorakı və repressiv mahiyyətini, xüsusilə, Daxili İşlər Nazirliyinin fəaliyyətini açıq və sərt tənqid etməklə fərqlənib. Buna görə dəfələrlə təqib edilib, cari ildə işlədiyi ofisin və yaşadığı mənzilin qarşısında iki dəfə oğurlanaraq zorakılığa, pis rəftara, ləyaqəti alçaldan davranışa məruz qalıb, ona xəbərdarlıq edilib ki, DİN-nin rəhbərliyi barədə tənqidi qeydləri dayandırmazsa, həyat və sağlamlığı üçün daha ciddi təhlükələr yaradılacaqdır.