ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Minsk qrupu inadkarlığından əl çəkmək istəmir-Təhlil

Bakı Dövlət Universitetinin professoru ATƏT Minsk qrupunun yenidən fəallaşmasını Səhər Kanalına şərh etdi.

Qafqaz.ir-nin məlumatına əsasən, universitetin Jurnalistika Fakültəsinin dösenti, siyasi elmlər doktoru Sabir Məmmədli Səhər TV-nin vebsaytında dərc olunmuş məqaləsində yazır:

İkinci Qarabağ müharibəsi bir çox beynəlxalq aktyorları qəflətən yaxaladığına görə, onlar Cənubi Qafqazda cərəyan edən hadisələrdən bir növ kənarda qaldılar. Bununla belə müharibə dövründə onların sərgilədiyi davranış əsl simalarını açdı və dünya ictimaiyyətinə göstərdi. Fransa açıq şəkildə Ermənistanı dəstəklədi və bütün diplomatik vasitələrlə ona kömək etməyə çalışdı. Hətta bir çox hallarda Fransa çox qaba davranmağı da unutmadı. Fransa prezidenti Makronun müxtəlif açıqlamaları, Ermənistanın ünvanına müəyyən mesajlar səsləndirməsi, humanitar yardım adı ilə bir neçə dəfə naməlum yüklər göndərməsi, müharibədən sonra isə Fransa parlamenti üzvlərinin Yerevana səfər etmələri, səsləndirdikləri bəyanatlar onu deməyə əsas verir ki, Fransa rəhbərliyi bütövlükdə Ermənistanın yanında idi. Belə davranış sözsüz ki, Azərbaycanı hiddətləndirdi, həyacanlandırdı. Çünki Fransa ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir və beynəlxalq statusuna görə bitərəf qalmalıdır.

Bununla əlaqədar Azərbaycan rəhbərliyi və ictimai-siyasi xadimlər Fransanın həmsədr kimi neytral olmalı olduğunu dəfələrlə səsləndirdilər və öz etirazlarını bildirdilər, hətta Fransa səfiri bu məsələdə haqlı olaraq qınaq öbyektinə çevrildi.

Onu da nəzərə almaq lazımdır ki, Fransanın bir iddiası da Ermənistanda Rusiyanı əvəzləmək meyilləri ilə bağlı idi. Rusiya isə sözsüz ki, buna imkan vermək istəyindən uzaq idi və Fransanı imkan düşdükcə dalana yönəldirdi.

Rusiyanın proseslərə münasibəti əvvəlki imperiya ambisiyaları ilə səsləşirdi və ictimai rəyə oynamaqla güya neytral mövqe tutduğunu göstərirdi, amma əslində bütün imkanlarla Ermənistana kömək edirdi. Qarabağda yerləşdirilən bütün hərbi texnika, silah-sursat Rusiya istehsalıdır və 4 milyard dəyərində olan bu silahı əldə etməyə Ermənistanın maliyyə vəsaiti yox idi. Odur ki, Rusiya üzdə bitərəf mövqe tutduğunu göstərsə də, atəşkəsə, hərbi əməliyyatların dayandırılmasına çalışırdı və bu addımlar birbaşa Ermənistanın xilas edilməsinə yönəlmişdir.

Nəticə etibarilə 9 noyabrda Rusiya bir növ “xilasetmə” əməliyyatını həyata keçirə bildi.

ABŞ-a gəlincə, Tramp administrasiyası müharibə dövründə xeyli passiv davrandı və məsələlərə müdaxilə etmək təşəbbüsünü fəallaşdıra bilmədi, atəşkəs rejiminə nail olmağa çalışsa da, çevik davranmadı və bir neçə dəfə ermənipərəst açıqlamaları ilə yadda qaldı.

Beləliklə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri açıq və gapalı şəkildə Ermənistanın yanında olduqlarını göstərmiş oldular.

Məhz bu kontekstdə 44 günlük hərbi kampaniyadan sonra ATƏT-in Minsk qrupunun üzvləri regiona müdaxilə etməyə yol axtarırdılar və proseslərə nüfüz etməyə çalışırlar.

Amma görünən odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri öz inadkarlığından əl çəkmək istəmir və regiondakı proseslərə qarışmağa çalışırlar.

Azərbaycan rəhbərliyinin isə ATƏT-in Minsk qrupu qarşısında qaldırdığı məsələ ondan ibarətdir ki, yeni reallıqlar nəzərə alınsın, regionda sülh prosesi gücləndirilsin və bu istiqamətdə yeni fəaliyyət planı hazırlansın.

Düşünürəm ki, Azərbaycan qətiyyətli mövqe ortaya qoysa, Minsk qrupu ilə çevik diplomatik xətt yürüdə bilsə və əsasən də Qarabağa dair BMT-nin məlum qətnamələrində qeyd edildiyi kimi erməni silahlı birləşmələrinin Xankəndi və ətraf ərazilərdən çıxarılmasına, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, Yuxarı Qarabağdan keçən kommunikasiya xətlərinin açılmasına nail ola bilsə, digər problemləri yoluna qoymaq mümkün olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button