ArxivIslamXəbər lentiXəbərlər

Matəm mərasimləri nəyə lazımdır axı?

Bu, sadəcə kövrək duyğulardan qaynaqlanan ibadi və mənəvi bir məsə deyil, həmçinin ictimai-siyasi məsələdir.

Allaha və ümmətə olan xəyanətə qarşı, zülmə, ədalətsizliyə, haqsızlığa qarşı qiyam olan Kərbəla vaqeəsi bütün əzəmət və ucalığı ilə yenidən bəşəriyyətə şəhadət, cəsarət, qəhrəmanlıq, fədakarlıq və gerçək eşq mesajını verməkdədir.
Qəlblərin hüznlənməsiylə eyni zamanda Allaha inam və tağutun inkarı anlamına gələn azadlıq şuarları “Ləbbeyk Ya Hüseyn!”, “Zillət bizdən uzaqdır” sədaları ilə iman sahibləri öz Rəbbi və Onun xəlifəsilə olan tövhid beyətini təzələyirlər.
Tarix boyunca Əhl-i beyt üçün edilən matəm mərasimləri bu tövhid məktəbində əhəmiyyətli bir yerə sahibdir.
Xüsusilə Məhərrəm və Səfər aylarındakı əzadarlıq mərasimləri bu məktəbin canlı qalmasını, yaşamasını təmin etmişdir.
Amma təəssüf ki, bu matəm məclislərinin həqiqi məğzinin hələ də bəziləri tərəfindən dərk edilmədiyi görülməkdədir.
Ola bilər ki, kimlərsə bu mərasimlərin davam etdirilməsini mənasız və tarixdə baş vermiş bir hadisə üçün bu qədər kədərlənmənin, gözyaşı tökmənin yersiz olduğunu düşünür.
Belə fikir sahiblərinin heç biri əzadarlığın hikmətini bütün istiqamətləriylə anlaya bilməyiblər.
Çünki matəm məclislərinin, mərsiyə və novhələrin həqiqətinə baxıldıqda və Əhl-i Beytdən nəql olunan bu əməllərə təşviq edən hədis və ravayətlər araşdırıldığında məsələnin heç də bəsit rituallardan ibarət olmadığı və nə cür dünyəvi və uxrəvi faydalarının mövcudluğu görüləcəkdir.
Kərbəla vaqeəsinin niyə meydana gəldiyi və İmam Hüseynin(ə) nə səbəbə Kərbəlada şəhid edildiyi, Aşura günü hansı hadisələrin baş verdiyi və bu kimi suallarının cavabı araşdırıldığı zaman bu matəm məclislərinin fəlsəfəsi də aydın olar.
Bu mərasimlər, “Ləbbeyk ya Hüseyn” nidasının fəlsəfəsini anlamaq və İmam Hüseynin(ə) dövrünün tağutu qarşısında necə bir mübarizə sərgilədiyini öyrənməklə eyni zamanda, dövrümüzdəki yezidlərə qarşı ilahi vəzifəmizi dərk etməyimizi və necə hərəkət etməli olduğumuzu bizə başa salır.
Bu mərasimlər, İmam Hüseynin(ə) əsrlər əvvəl İslamın yox olmaması, insanların hürr, azad yaşamsı naminə “Ey qılınclar doğrayın məni!” fəlsəfəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün misilsiz nemətdir.
İmamın (ə) 13 əsrdir “Mən və mənim kimilər Yezid və yezidkimilərə tabe olmaz” ideologiyası bu günə qədər necə azadlıq aşiqlərinin qəlblərini rahatladıb, şövq və izzət bəxş edibsə, bundan sonra da gələcək nəsillərə heç bir süstlüyə yol verilmədən çatdırılmalıdır.
Çünki quruyan İslam ağacını qanıyla suvaran, dəyişdirilmək və unutdurulmaq istənilən Qurani-Kərimi qorumaq üçün canını, malını hər şeyini bu yolda fəda edən Peyğəmbərin(s) nəvəsinin şəhadəti canlı tutulmalıdır.
Çünki həyatın gerçək mənası bu şəhadətin fəlsəfəsində bəyan edilməkdədir.
Bu matəm mərasimləri haqq yolunda mübarizə edənlərin vəhdətini, tağutlara qarşı mübarizədə mütəşəkkil olmalarını təmin edir.

İmam Hüseyn(ə) bütün azadlıq mübarizləri üçün bir öndərdir. Kərbəla və Aşura məvhumları isə bu mübarizlər üçün bir simvoldur.
Bu ilahi simvolların yaşadılması, ilham qaynağı olan imam Hüseynin(ə) tanınmasına görə məhz belə əzadarlıq məclislərinin keçirilməsi zəruridir.
Bu mərasimlər özünəməxsus mənəvi mühiti ilə azadlıqsevərlərin qəlbini imam Hüseynin(ə) qəlbinə peyvənd edir.
Əlbətdə ki, özü üçün mənəvi təhsil ocağı olaraq imam Hüseyn(ə) məktəbini deyil, süni şəkildə düzəldilmiş, ilk baxışdan gözə, qulağa xoş gələn, lakin, köksüz olan, söz oyunu üzərində qurulmuş başqa məktəbləri seçənlər həqiqi hürriyyətin, eyni zamanda məzlumiyyətin nə demək olduğunu anlaya bilməzlər və bu məzlumiyyət üçün göz yaşı tökə bilməzlər.

Bəli, bu matəm mərasimlərində tökülən göz yaşları imam Hüseynə və Kərbəla şəhidlərinə bir fayda verməyəcək, amma imam Hüseyn ilə könül rabitəsi qurmaq istəyənlərin ürəklərini mənəvi cəhətdən gücləndirəcək və qəlblərini bir-birinə yaxınlaşdıracaq.
İmam Hüseyn və Kərbəla şəhidlərinə göz yaşı tökməyin özü bir fəzilət və üstünlükdür.
Hədislərin birində belə buyrulur ki, “Hüseynin şəhadətindən ötəri möminlərin qəlbində əsla sönməyən bir alov vardır”.
Digər bir hədisdə isə buyurulur ki, “Qiyamət günü bütün gözlər ağlayar, Hüseynin müsibətinə ağlayan gözlərdən başqa. Dünyada Hüseynə ağlayan göz axirətdə gülər və cənnət nemətləriylə mükafatlandırılar.”
İmam Hüseynə və Kərbəla şəhidlərinə ağlamanın axirətdə savabı olduğu kimi dünyada da şəhadət məqamını ucaldır, insanın hədəfini aliləşdirir.

Bu sadəcə kövrək duyğulardan qaynaqlanan ibadi və mənəvi bir məsə deyil, həmçinin ictimai-siyasi məsələdir.
Buna misal olaraq imam Məhəmməd Baqirin(ə) öz şəhadətindən sonra imam Hüseyn üçün həcc mövsümündə Minada mərsiyə və novhə oxunmasını vəsiyyət etməsini göstərmək olar.
İmamın vəsiyyətində bunu xüsusilə Həcc mərasimi zamanı, həm də Minada istəməsi bu əməlin həm mənəvi həm də siyasi olduğunu göstərir.
Çünki bu mərasimlərdə İmamın “Zillət bizdən uzaqdır” şuarının mahiyyəti açıqlanacaq, zamanın tağutunun etdiyi zülmlər bəyan ediləcək, müxtəlif ölkələrdən Məkkəyə gələn hacılar İmam Hüseynin gerçək hədəfinin nə olduğunu öyrənəcək və məmləkətlərinə qayıtdıqdan sonra bu azadlıq mesajını öz xalqlarına çatdıracaqdılar. Beləcə insanlar haqq və batili öyrənmiş olurdular.

Allah-taala imam Hüseyn (ə) məktəbini haqqla batili qəti şəkildə ayır edəcək bir meyar olaraq qərar vermişdir.
“Ləbbeyk Ya Hüseyn!”, ədalətin, cəsarətin, qəhrəmanlığın, fədakarlığın, mübarizliyin, azadlığın, bir sözlə həyatın mənasının məhək daşıdır.
Həyatın mənasını dərk edən azadlıqsevər mübariz möminlərin də eşqi məhz bu “Ləbbeyk ya Hüseyn”-dən nəşət tapır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button