ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsraildə bütün bağça və məktəblərin bağlanmasına qərar verildi (yenilənib)

İsraildə ölkə üzrə bütün uşaq bağçalarının və məktəblər bağlanacağı bildirilir.

Ölkənin Təhsil Nazirliyi bu haqda məlumat yayıb.
Bu qərarın HƏMAS-ın hücumu ilə bağlı verildiyi bildirilir.
Azərbaycanlı deputatlar İsrailə hücumu pislədilər
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı hücumlarla bağlı bəyanat yayıb.
Bəyanatda baş vermiş hadisə pislənib:
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir. Bu çətin zamanda İsrail xalqının yanındayıq”.
Milli Məclis

İsrailin fövqəladə hallar xidmətləri HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayının 70-ə çatdığını bildirib.

Netanyahu Makron və Rutte ilə danışıb
İsrailin Baş naziri Benyamin Netanyahunun Fransa Prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri Mark Rutte telefon danışığı olub.
Bu barədə İsrail Baş nazirinin ofisinin məlumat yaydığı bildirilir.
Hər iki lider İsrailin özünü müdafiə etmək hüququnu tam dəstəkləyib”, – bəyanatda deyilir.
Daha öncə İsrail hökumətinin mətbuat xidməti Netanyahuya ABŞ Prezidenti Co Baydenin zəng etdiyini və onun da İsrailin özünümüdafiə hüququnu tam dəstəklədiyini bildirmişdi.
Söhbət zamanı İsrailin Baş naziri Qəzza zolağında uzunmüddətli hərbi əməliyyata ehtiyac olduğunu bildirib.
O, İsrailin bundan qalib gələcəyinə əminliyini ifadə edib.
AZAL və “Lufthansa” İsrailə uçuşları ləğv edib
Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edib.
Azərbaycan Hava Yolları”nın yaydığı press-relizdə bildirilib ki, Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
Bildirilir ki, Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə “mailto:callcenter@azal.az” elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.
Almaniyanın da “Lufthansa” aviaşirkətinin də İsrailə uçuşları dayandırdığı bildirilir.
AZAL
İsrail Prezidenti İshak Hersoq HƏMAS-ın hücumunun arxasında İranın dayandığını deyib.
O qeyd edib ki, hücum İsraildə eyni vaxtda, iki böyük yəhudi bayramının – Şemini Atzeret (Səkkizinci gün – bayram toplantısı) və bir həftəlik Sukkotdan sonra Simçat Tövratın (Tövratın sevinci) qeyd olunması ilə üst-üstə düşüb.
“Biz bu gün HƏMAS-ın əsl simasını gördük: yeganə məqsədi kişi, qadın və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror ordusudur. Onlar iranlı proksi-komandirlərinin dəstəyi və göstərişilə müqəddəs yəhudi bayramında yəhudi dövlətinə qarşı heç bir səbəb olmadan, mənfur hücum həyata keçirdilər. Günahsız dinc sakinlər öldürülüb və yaralanıb, çoxlu sayda insan hələ də hücuma məruz qalır”, – TASS agentliyi yazır ki, dövlət başçısı açıqlamasında belə deyib.
Fələstin rəsmilərinin məlumatına görə, hava zərbələri nəticəsində 161 adam həyatını itirib, 1000 nəfər yaralanıb.

İsrailin fövqəladə hallar xidmətləri yerli medianın Qəzzadan raket hücumları nəticəsində 40 nəfərin həlak olması ilə bağlı xəbərlərini təsdiqləyib. Həmçinin, 740 nəfərin yaralandığı qeyd olunub.
Məlumatı BBC yayıb.
Təl-Əvivdə konsert verən azərbaycanlı müğənni sığınacağa yerləşdirilib
Oktyabrın 7-də Təl-Əvivdə konsert verən azərbaycanlı müğənni Samira Əfəndi şəhərdən çıxa bilməyib.
O, qaldığı otelin sığınacağına yerləşdirilib.
“5000 raket, aeroport bağlanıb. Təl-Əvivi partladırlar. Partlayış və həyəcan siqnalı adamı dəhşətə gətirir. Bizə deyirlər ki, otelin sığınacağına yerləşin. Allah özü kömək olsun”, – müğənni “İnstagram”da yazıb.
Azərbaycanın İsraildəki səfirliyindən APA-ya bildirilib ki, müğənni Samirə Əfəndi ilə təmasdadırlar.
Onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.
Samirə Əfəndi

Azərbaycanın İsraildəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.
Bu barədə səfirliyin “X” (twitter) hesabında paylaşım edilib.
“Azərbaycan vətəndaşlarının nəzərinə – İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”, – deyə Azərbaycan səfirliyi paylaşımda qeyd edilib.
Azərbaycanın İsraildə Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.
İsrail KİV iddia edir ki, günorta saatlarında ölkənin Baş naziri Benyamin Netanyahu tərəfindən bütün Fələstin qruplarına qarşı rəsmi olaraq müharibə elan olunacaq
Oktyabrın 7-də səhər saatlarında İsrailin Qəzza zolağından iri raket hücumuna məruz qaldığı bildirilir. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Ölkənin hər yerindən israillilər Şənbə və Simchat Tövratında siren səsləri və Qəzzadan HƏMAS-ın raket atəşinə oyandılar. Biz özümüzü müdafiə edəcəyik”, – məlumatda deyilir.
Səhər saat 06:28-dən başlayaraq Təl-Əviv və Qüds də daxil olmaqla, ölkənin bir çox şəhərində həyəcan təbili çalıb. Atışma təxminən yarım saat davam edib. Ordu İsrailin cənub və mərkəzi bölgələrinin milyonlarla sakinini qorunan ərazilərdə qalmağa çağırıb.
“Həmas terror təşkilatı Qəzza zolağından İsrail ərazisinə böyük raket zərbəsi endirib. Bir sıra yerlərdə terrorçular İsrail ərazisinə daxil olublar”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib.
Hücumdan sonra HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başladıqlarını açıqlayıb. İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Dayf, Əl-Əqsa daşqınının ilk mərhələsində İsrailə qarşı 5 min raket və minaatan atdıqlarını açıqlayıb. Əl-Dayf, əməliyyatı “İsrailin qanun pozuntularına” görə başlatdıqlarını bildirib və ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb.
“Bu, yer üzündəki son işğala son qoymaq üçün ən böyük döyüş günüdür”, – Məhəmməd əl-Dayf deyib.
İsrail ordusu həmçinin Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə soxulduğunu elan edərək, “müharibə xəbərdarlığı” elan edib. Ordu daha sonra Qəzza zolağına hücuma keçdiklərini açıqlayıb.
İsrail mediasının məlumatına görə, Həmas silahlıları Eretz keçid məntəqəsini ələ keçirib, daha sonra İsrailin cənubundakı sərhəd Sderot şəhərinə daxil olublar. “Associated Press” xəbər verir ki, sosial şəbəkələrdə Sderotdan olan həvəskar videolar peyda olub, orada silahlı hərbi geyimli insanların göründüyü və atışma səsləri eşidilir. Video çəkilişlərin həqiqiliyi təsdiqini tapmayıb.
İsrailin xilasetmə xidməti Magen David Adom bildirib ki, Gederot regional şurasının binasına raket hücumu nəticəsində 60 yaşlı qadın həlak olub. Səhər saatlarına olan məlumata görə, bir nəfər ölüb, 16 nəfər yaralanıb (onlardan ikisinin vəziyyəti ağırdır). Raket hücumu nəticəsində 80 nəfər xəstəxanaya qaldırılıb.
“The Jerusalem Post”un verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri “müharibəyə hazır vəziyyət” elan edib. Ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya cəlb olunmasını təsdiqləyib. İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirdiyini və anklav ətrafındakı yolları bağladığını bildirib.
İsrail Prezidenti İsaak Hersoq bildirib ki, ölkə Qəzza zolağından hücumlar fonunda çox çətin an yaşayır:
“Bizə zərər vermək istəyənlərin hamısını məğlub edə bilərik”.
İsrail KİV iddia edir ki, günorta saatlarında ölkənin Baş naziri Benyamin Netanyahu tərəfindən bütün Fələstin qruplarına qarşı rəsmi olaraq müharibə elan olunacaq.
İsrail Dövlət Radiosu bildirir ki, İsrailin cənubundakı Şaar HaNegev yerli şurasının rəhbəri Ofir Lipşteyn Qəzza zolağından sızan yaraqlılarla toqquşma zamanı həlak olub.
İsrail XİN bildirib ki, HƏMAS hərəkətlərinin əvəzini ağır ödəyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button