ArxivXəbər lentiXəbərlər

İsrail Azərbaycana niyə terror xəbərdarlığı edib?

İsrailin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb. Həmin xəbərdarlıqda təhlükəli ölkələr sırasında Azərbaycanın da adı daxil edilib.

Qaynar.info internet portalının verdiyi məlumata görə, Azərbaycan Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məsələyə münasbət bildirərəkən Azərbaycanda heç bir terror təhlükəsinin olmadığını deyib.

“Birincisi, Azərbaycanda təhlükəsizlik sistemi elə qurulub ki, burada terrorun sosial bazası yoxdur. Terroru həyata keçirəcək şəxs və qruplar Azərbaycan mühitində formalaşmayıb. İkincisi, hər bir dövlət strukturunun öz işinə məsuliyyətlə yanaşması, hansısa terrorun həyata keçrilməsini mümkünsüz edir.” – deyə millət vəkili qeyd edib.

Deputat daha sonra İsrailin hansı səbəbdən belə bir xəbərdarlıq etməsinin də aydın olmadığını bildirib: “Bakıda təhlükəsiz şəhər sistemi fəaliyyət göstərir. Şübhə doğuran hər bir kəs həmin andaca qeydə alına bilir. Eyni zamanda terror aktı törətmək üçün müvafiq hərbi sursatlar lazımdır. Bunun üzərində ciddi nəzarət var. Silahı əldə etmək və ondan istifadə etmək mümkünsüzdür”.

REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı isə yaranmış vəziyyəti belə izah edir: “Yəqin onlarda elə məlumatlar var ki, Qarabağda müharibə yenidən alovlana bilər. Bu baxımdan vətəndaşlarına müraciət ediblər”.

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti də İsrailin terrorla mübarizə qərargahının bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda terror təhlükəsinin olması barədə xəbərdarlığına reaksiya verib. DTX-nin rəsmi açıqlamasında deyilir: “Azərbaycanda təhlükəsizlik şəraiti yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur və Azərbaycan ərazisinə keçməyə çalışan terrorçular cəzalandırılacaqlar”.

Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı Pesax bayramı ərəfəsində çoxlu sayda israillinin ölkə xaricinə getməsini nəzərə alaraq xəbərdarlıq yayıb. Qərargahın saytında yer alan məlumata görə, Türkiyə, Pakistan və bir neçə Afrika ölkəsi səfər üçün ən təhlükəli yerlərdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button