ArxivXəbər lentiXəbərlər

İŞİD Azərbaycanı təhdid edirmi? – ölkəmizi terror və xaosdan qoruyan “qızıl formul”

Dünyanın istənilən ölkəsi İŞİD-in potensial hədəfinə çevrilə bilər…
Mosulun azad edilməsindən sonra dünya mediası İŞİD-in gələcək taleyindən yazır. Mosul azad edildikdən sonra faktiki olaraq İraqda İŞİD sıradan çıxarılıb. Eyni zamanda Suriyada da həm hökumət qüvvələri, həm də şimalda ABŞ ordusu və kürd gücləri (Suriya Demokratik Qüvvələri) İŞİD-in Suriya “paytaxtı” olan Raqqa şəhərini ələ keçirməyə çalışır.
Doğrudur, hazırda İraqın özündə İŞİD-in nəzarət etdiyi böyük bir ərazi var. Bundan başqa, İraqda Telafer kimi böyük yaşayış məntəqələri hələ də İŞİD-in nəzarətindədir. Yəni İŞİD-in İraqda və Suriyada müqaviməti hələ də davam edəcəyi ehtimal olunur. Ancaq “paytaxtını” və liderini itirən İŞİD-in əvvəlki əzmlə müqavimət göstərməsi mümkün olmayacaq. Üstəlik, təşəbbüsü ələ alan, son 3 ildə aparılan aramsız savaşlarda ciddi təcrübə qazanan İraq ordusu terror təşkilatına qarşı uğurlu əməliyyatlarını davam etdirəcək.
Bir sıra Yaxın Şərq analitiklərinə görə, digər terror qruplaşmaları kimi İŞİD-in də ən son çarəsi “yer altına çəkilmək” olacaq. Qruplaşma “torpaqları”nı itirdikdən sonra gizli fəaliyyətə keçə bilər. Daha əvvəl “Əl-Qaidə” terror təşkilatının həyata keçirdiyi taktikadan istifadə edərək varlığını terror hücumları ilə nümayiş etdirə bilər. Bu isə əvvəlki ilə müqayisədə daha böyük təhdid anlamına gəlir. Çünki daha əvvəl savaş aparmaq və əlində olan əraziləri qorumaq üçün bütün tərəfdarlarını İraq və Suriyaya çağıran qruplaşma bundan sonra “yerli hücrə evlərinə” üstünlük verə bilər. Bu isə o deməkdir ki, dünyanın istənilən ölkəsi İŞİD-in potensial hədəfinə çevrilə bilər.
Bir çox ekspertlərə görə, İŞİD əlində olan şəhərləri və torpaqları itirdikdən sonra gizli silahlı qruplaşmalar şəklində dağınıq fəaliyyətə keçə və İraq və Suriyada hökumət qüvvələrinə uzun müddət müqavimət göstərə bilər. Yeri gəlmişkən, bəzi mənbələrə görə, İraq və Suriyada 30, hətta 40 minə yaxın İŞİD üzvü əcnəbi terrorçunun olduğu ehtimal edilir. Bununla da İŞİD həm adıçəkilən ölkələrdə, həm də bütün dünyada hələ də varlığını davam etdirdiyini, mübarizə apardığını nümayiş etdirə bilər.
İkinci tərəfdən isə dünyanın fərqli ölkələrindəki yerli qruplar və oradakı tərəfdarları vasitəsilə silahlı hücumların artması mümkündür. Misal üçün, hazırda Yəməndə, Nigeriyada, Şimali Afrikada – Misir və Liviyada, o cümlədən Filippində İŞİD-ə beyət edən silahlı terror təşkilatları var ki, hələ də aktivdir və terror hücumlarını davam etdirir.
İŞİD-in ikinci gücü isə gizli üzvlərinin olduğu digər dünya ölkələri, o cümlədən Avropa ölkələridir. Son illərdə fərqli kəşfiyyat və polis məlumatlarına görə, Avropaya mühacirət etmiş bir milyona yaxın qaçqının içərisində 4 mindən artıq İŞİD üzvü də Avropaya qayıdıb. Bunların yanında Avropada yaşayan İŞİD təsirinə düşən ekstremistlər var.
Analoji təhlükə Azərbaycanı da təhdid edir. Çünki Azərbaycandan yüzlərlə sakin bu qruplaşmalara qoşulub. Dəqiq rəqəmlər məlum olmasa da, 400 nəfərdən artıq azərbaycanlının İŞİD və bənzər qruplaşmalara qoşulması haqda məlumatlar vardı. Ancaq sonrakı illərdə bu rəqəmlərin dəyişdiyi bildirilir. Azərbaycan artıq 3 ildir ki, bu təhlükəyə qarşı preventiv addımlar atmağa çalışır. 2014-cü ildə qanunlar sərtləşdirilib, geri qayıdan (təsbit edilən – K.R.) İŞİD üzvləri yaxalanaraq mühakiməyə cəlb olunur. Ancaq risk hələ də güclüdür. Çünki burada və Yaxın Şərqdə nə qədər azərbaycanlının bu təşkilata qoşulduğu dəqiq bilinmir. Eyni zamanda nə qədər insanın geri qayıtdığı və burada radikal qrupların təsirində olması da məlum deyil.
Bir qədər əvvəl MDB Antiterror Mərkəzi geri qayıdan terrorçularla bağlı xəbərdarlıq edib. Çünki ümumilikdə postsovet respublikalarından müxtəlif vaxtlarda verilən rəqəmlərə görə, 3-5 min nəfər arası insan İŞİD-ə qoşulub. İndi onların bir qisminin geri dönməsi təhlükəsi var. Bu isə ciddi təhdid deməkdir, çünki bu insanların əksəriyyəti yaxşı təlim görmüş, ideoloji hazırlığı olan peşəkar döyüşçülərdir.
Azərbaycan hökuməti bir tərəfdən ölkə daxilində radikal dini mərkəzləri ləğv etmək, digər tərəfdən isə geri qayıdanları həbs etməklə preventiv tədbirləri davam etdirir. Lakin hər kəsə məlumdur ki, bu cür terror qrupları istənilən bölgədə deyil, “uyğun şərtlərin” mövcud olduğu, etnik-dini gərginliyin yarandığı və ən əsası, beynəlxalq güclərin maraqlarının toqquşduğu məkanlarda fəallaşır. Çünki indiyə qədər olan təcrübə göstərir ki, terror təşkilatlarının arxasında hər zaman müxtəlif ölkələrin kəşfiyyat xidmətləri dayanır. Terrorçuların silahla, pulla təmin olunması, kəşfiyyat məlumatları əldə etməsini məhz xüsusi xidmətlər təmin edir. Bu mənada bir bölgədə terror fəaliyyətlərinin başlaması orada böyük güclərin maraqlarının toqquşması və ya mənafe tələbləri olduğu zamanı baş verir.
Bu mənada Azərbaycan hələlik terrordan sığortalanmış kimi görünür. Çünki dünyanın münaqişə gücləri üçün hələlik Azərbaycan mühüm enerji dəhlizi və “sabitlik adası” olaraq lazımdır. Digər tərəfdən, yerləşdiyimiz coğrafiya, cənubdan İran, şimaldan Şimali Qafqaz kimi “barıt çəlləyi” ilə qonşu olmamız Azərbaycanda hansısa iğtişaşları böyük güclər üçün həddən artıq riskli edir. Bu səbəbdən Azərbaycanda xaos və münaqişə hələlik böyük güclərin marağında deyil. Bunu hər kəs anlayır.
Kənan RÖVŞƏNOĞLU

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button