Aktual

“Mübarizə yolundan geri çəkilənlər zalıma dəstək vermiş olacaqlar“

Akif Heydərli: “Mövsüm Səmədov və İlqar Məmmədov kimi prezidentliyə namizəd olan şəxslərin həbsini qəti şəkildə pisləyirik”
Növrəstə İbrahimova: ”Doktor Səmədov kifayət qədər yüksək keyfiyyətlərə məxsus şəxsiyyət və ən layiqli namizəddir”

Bu gün “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkatın” Məşvərət Şurasının növbəti toplantısı keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, tədbirdə AİP rəsmilər, Məşvərət Şurasının üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Toplantının gündəmində duran əsas məsələlər Seçki Məcəlləsi və demokratik seçki mühiti, ölkədə vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların dövlət qeydiyyatı problemi, “Əxlaqlı seçki bloku”nun ölkədə fəaliyyət göstərən digər birliklərə münasibəti, qarşıdakı prezident seçkilərində islamçıların əsas hədəfi və məqsədləri, din alimlərinin cəmiyyətdən təcrid olunmasının gətirə biləcəyi fəsadlar, dünyada baş verən hadisələrin Azərbaycanda doğura biləcəyi əks səda, Məşvərət Şurasının tərkibinin təqdimi və cari məsələlər olub.

İlkin olaraq çıxış edən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, Azərbaycanın Seçki Məcəlləsi ölkədə demokratik seçki keçirməyə şərait yaratmır. Hazırkı Seçki Məcəlləsinin yalnız hakimiyyətin maraqlarına xidmət etdiyini bildirən AİP rəsmisi, “digər siyasi təşkilatlar isə hazırkı məcəllə ilə seçkilərdə tamamilə neytrallaşdırılır. Mərkəzi Seçki Komissiyasının tərkibinə uyğun olaraq deyə bilərik ki, sözü gedən qurum hakimiyyətin maraqlarına xidmət edir, – deyə bildirdi: “Bu cür Seçki Məcəlləsi ilə qanuni demokratik seçki mühitinin yaradılması mümkünsüzdür. MSK-da hazırkı hakimiyyətin maraqların güdməyən və onu təbliğ etməyən üzv tapmaq belə mümkün deyil. MSK yalnız hakimiyyətin sifarişini yerinə yetirməklə məşğuldur. Qeyri bərabər seçki mühiti seçki marafonu başlanmamış özünü göstərməkdədir. Belə ki, bölgələrə səfər edən müxalifət liderlərinə və nümayəndələrinin basqılara və təzyiqlərə məruz qalması deyilənlərin bariz nümunəsidir. Baş verənlərə uyğun olaraq deyə bilərik ki, Azərbaycanda demokratik seçki keçirmək mümkünsüzdür. Ona görə də mübarizənin ilk variantı kimi demokratik seçki mühitinin yaradılması və seçki məcəlləsinin dəyişdirilməsi uğrunda olmalıdır.”

Akif Heydərli onu da bildirdi ki, əxlaqlı seçkinin təşkili yalnız Azərbaycan xalqının iradəsi ilə mümkündür: “ Azərbaycan xalqının mental xüsusiyyətləri özünü göstərməlidir. AİP olaraq hesab edirik ki, Azərbaycanda əxlaq normalarına riayət olunmadan demokratik seçki keçirmək doğru deyil.”

Mövsüm Səmədov kimi şəxsiyyətlərin həbsdə saxlanılmasının əxlaqsızlığın, fəsadın, haqsızlığın yayılmasına rəvac verdiyini bildirən Akif bəy, “ Mövsüm Səmədov və İlqar Məmmədov kimi prezidentliyə namizəd olan şəxslərin həbsini qəti şəkildə pisləyirik. Din alimi xalqın içində olarsa, insanları düzgün və sağlam yola yönəldər”, – deyə bildirdi: “Din alimlərini cəmiyyətdən təcrid etdikdə sonra insanlıqdan, milli mənəvi dəyərlərdən kənar yad mədəniyyətləri xalq sıramağa çalışırlar. ”

Ölkədə vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların dövlət qeydiyyatı probleminə də toxunan Akif bəy bildirdi ki, sözü gedən problem AİP üçün ciddi bir maneəyə çevrilib: “Belə bir hallar Azərbaycanda demokratiyanın olmamasına şərait yaradır. Azərbaycanda nə demokratik mühit var, nə də ki, buna şərait yaradılır. Əlbəttə ki, AİP olaraq hesab edirik ki, istər QMİ, istər Dini Komitə, istərsə də Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən qeydiyyat məsələsinə ciddi korrektələr edilməlidir. 2007-ci ildən etibarən AİP-in sənədləri Ədliyyə Nazirliyinə təqdim edilməsinə baxmayaraq, indiyə qədər heç bir cavab verilməyib. Sözü gedən qeydiyyata alınmama məsələsi fəaliyyətimizlə bağlı ciddi problem yaratmasa da seçkilərdə iştirak etməyimizə imkan vermir. AİP-in kifayət qədər sosial bazası və gücü varadır ki, istənilən seçkilərdə aktiv fəaliyyət göstərə bilsin. AİP olaraq hakimiyyət qarşısında qeydiyyatla bağlı tələb qoyuruq.”

Sonra çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirdi ki, dünya yaranandan etibarən haqla nahaq daima üz-üzə dayanıblar: “Siyasi partiya və təşkilatların qeydiyyat problemi daima olub. Özünü demokratiya keşikçisi kimi göstərən hakimiyyətlər özünə müxalif olan siyasi təşkilatları və partiyaları qeydiyyata almayaraq əvvəlcədən işlərini rahatlaşdırırlar. Təzyiqlərə və basqılara baxmayaraq hər bir kəs öz vəzifəsinə uyğun mübarizəsini davam etdirməlidir. Biz həm sözümüz, həm də əməlimizlə cihad etməliyik. Mübarizə yolundan geri çəkilənlər zalıma dəstək vermiş olacaqlar. “

Mövsüm Səmədovun namizədlik məsələsinə də toxunan Növrəstə xanım, Doktor Səmədovun əsirin lideri olduğunu söylədi: “O, kifayət qədər yüksək keyfiyyətlərə məxsus bir şəxsiyyətdir və ən layiqli namizəddir. Biz nəyin ki, layiqlik üçün irəli gəlmişik, hətta istədiklərimizə layiq olacağıq. Allah vəd verib ki, haqqa tabe olanları qalib edəcək. Biz hər zaman qalib olanlardanıq.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button