Aktual

Bakıda 50 minə yaxın ev söküləcək (Foto)

Təkcə 22 min ev ARDNŞ-in ərazisindədir; “Xutor” Qaraşəhər, “Sovetski”, “Kubinka” və Böyükşorda söküntü bumu yaşanır; 600 ev Olimpiya Stadionuna görə sökülür. Paytaxt Bakıda əsl söküntü bumu yaşanır. Hazırda Bakının “Xutor”, Qaraşəhər, “Sovetski”, “Kubinka” və Böyükşor qəsəbəsində dövlət əhəmiyyətli projeyə görə 10 mindən çox ev plana düşüb. Artıq bir neçə aydır ki, “Sovetski”, “Xutor” və “Kubinka”da söküntü işlərinə start verilib. Sakinlər isə onlara verilən kompensasiyadan narazıdırlar.Ölkə başçısı keçirdiyi müşavirələr zamanı dövlət əhəmiyyətli projelərə görə evləri sökülən əhaliyə mənzilinin kvadratına görə minimum 1500 manat kompensasiya verilməsi ilə bağlı tapşırıq versə də, hələlik heç bir icra hakimiyyəti orqanı dövlət başçısının bu tapşırığını əməl etməyib. Məsələn, Bakının qədim məhəllələrindən olan “Sovetski” və “Kubinka”da evləri sökülən sakinlərlə evlərinin hər kvadratına görə 1500 manat kompensasiya verilməsi ilə bağlı müqavilə bağlasalar da, onlar “Kapital Bank”dan 1200 dollar alıblar. Sakinlər yerli icra hakimiyyətləri ilə bağlı Prezident Administrasiyasına şikayət məktubu ünvanlasalar da, hələlik onlara hər hansı bir cavab verilməyib.
“Xutor”da isə vəziyyət tamamilə başqadır. Yaxınlıqdakı magistral yolun genişləndirilməsi məqsədi ilə yüzlərlə evi sökürlər. Sakinlər isə iddia edir ki, onların evləri yaxınlıqdakı yeni prezident iqamətgahına görə sökülür. Evləri sökülən sakinlərə isə mənzillərinin hər kvadratmetrinə görə 1080 manat kompensasiya verilir. “Xutor” sakinləri verilən kompensasiyanın onları qane etmədiyini iddia edilər.

Olimpiya stadionuna görə söküntülər başladı: 600 ev plana düşüb
Böyükşor qəsəbəsində bir tərəfdə yeni stadion tikilir, digər tərəfdə yeni çəkiləcək yola görə plana düşən evlərin sakinləri etiraz edir. Sakinlər deyir ki, onlara evlərinin bir kvadrat metri üçün 1020 manat pul verilir. Hazırda 600 ev plana düşüb. Tikilən olimpiya kompleksinə görə, ərazi Dövlət Neft Şirkəti, “Azeryolservis” ASC və Bakı Şəhər İcra Hakimiyyəti arasında bərabər bölünüb. “Audit-Ekspert” adlı qiymətləndirmə qrupu gəlib sakinlərlə danışıqlar aparıb. Daha sonra sakinlərə qəbz verilib ki, pullarını “Kapital Bank”dan götürə bilərlər. Hazırda olimpiya stadionunun tikinti meydanına yaxın evlərini çox sökülüb.
Sakinlər “Yeni Müsavat”a bildirilər ki, verilən 1020 manat kompensasiyadan imtina ediblər. Yerli icra hakimiyyətindən onların müvəqqəti kirayədə qalması üçün pul ayrılıb. Böyükşor qəsəbəsinin yaxınlığında yaşayan sakinlər həmçinin bildirdilər ki, 100-dən çox ailə 30 kvadratlıq evdə yaşayır. Verilən kompensasiya ilə 30 min manat ev almaları mümkünsüzdür. Köçürüləcək sakinlərdən bəziləri isə dövlətin onları mənzillə təmin etməli olduğunu vurğuladı.
Qeyd edək ki, ərazidə yerləşən Böyük Azərbaycan Partiyasının qərargahı da sökülür. Partiya sədri Elşad Musayevin sözlərin görə, Sabunçu rayonu, Böyükşor gölünün yaxınlığında tikilən olimpiya stadionuna görə, 600 ailə ilə birlikdə onun da qərargahını sökəcəklər. Üstəlik ailəsi ilə yaşadığı ev də söküntü planına düşüb. Evin qaz, su və telefon xətləri bir neçə gün öncədən kəsilib.

ARDNŞ-in 22 min evlə bağlı məhkəmə çəkişməsi davam edir
Dövlət Neft Şirkəti isə neftli torpaqların üstündə 22 mindən artıq tikilmiş evlə bağlı məhkəmə müstəvisində çəkişməni davam etdirir. Artıq Sulutəpə qəsəbəsində 15 min evlə bağlı sənədlər məhkəmələrə təqdim edilib. Bir çox evin sökülməsi ilə bağlı qərar çıxarılıb. Yaxın aylarda həmin evlərin sökülməsi nəzərdə tutulub. Sakinlər isə evlərinin hər kvadratına verilən 1200 dollar kompensasiyadan narazıdırlar. Onların sözlərinə görə, ARDNŞ-in xüsusi audit qrupu evlərini bazar qiymətindən qat-qat aşağı qiymətləndiriblər.

Dövlət Neft Şirkətinin yaydığı rəsmi məlumata görə təkcə Bakı şəhərində şirkətin balansında olan mədən sahələrinin təqribən 30 faizi qanunsuz şəkildə zəbt olunub. Məsələn, Binəqədidə 12 milyon tona qədər neft ehtiyatı var və bunun 5 milyon tonu çıxarıla bilən hissəsi qanunsuz tikililərin altında olanlardır. Balaxanı və Buzovnanın hər birində isə 7 milyon ton çıxarıla bilən neft ehtiyatı var. Sözügedən ərazidə qanunsuz şəkildə məskunlaşan sakinlər yaxın günlərdə ərazidən çıxarılacaqlar.

musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button