Aktual

YAP qanunsuz təbliğat aparır

Müzəffər Baxış: «Bununla onlar seçkiqabağı təşviqatın aparılması ilə bağlı qanunla müəyyən edilmiş qaydaları pozurlar»
 Hakim Yeni Azərbaycan Partiyasında seçki təbliğatı ilə bağlı yekdil fikir yoxdur. Hər halda YAP rəhbərliyində təmsil olunanların açıqlamalarına baxanda bunu görmək olur. Məsələn, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun prezident Ilham Əliyevin seçki kampaniyası aparmayacağını bildirib.
Bundan dərhal sonra YAP sədrinin müavini Əli Əhmədov rayonlara səfərlər edərək təbliğat xarakterli görüşlər keçirib. Bunun da ardınca partiyanın icra katibinin müavini Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına sentyabrın 18-20-dən başlayacağını açıqlayıb. Bu da Ə.Həsənovun “Ilham Əliyevin təbliğata ehtiyacı yoxdur” fikri ilə hakim partiyanın razılaşmadığını göstərir. Lakin istənilən halda hakim partiya seçki kampaniyasına start verilmədən öz namizədinin təbliğatına başlayıb. Bu da qanunvericiliyə zidd addımdır.
Bəs vaxtından əvvəl təbliğat-təşviqat kampaniyasına başlamaq hansı cəzanı nəzərdə tutur?
Hüquqşünas Müzəffər Baxış vaxtından əvvəl aparılan təbliğat-təşviqatın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinə görə inzibati məsuliyyətə səbəb olduğunu deyir. Çünki seçki qanunvericiliyinin tələblərinə görə, seçkilər sesvermə gününə 60 gün qalmış başlanılır. Seçkilər gününə 21 gün qalmış isə təbliğat-təşviqat tədbirləri həyata keçirilməlidir. Həmin müddətdən əvvəl bu tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə inzibati məsuliyyət nəzərdə tutur. 39.1-ci maddəyə görə, seçkiqabağı yaxud referendumla bağlı təşviqatın aparılması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydaların və müddətin pozulmasına görə 25 manatdan 50 manata qədər cərimə edilir: “YAP təmsilçiləri seçicilərlə görüşürlərsə, faktiki olaraq seçkiqabağı təşviqatı həyata keçirirlər. Deməli, seçkiqabağı təşviqatın aparılması ilə bağlı qanunla müəyyən edilmiş qaydaları pozurlar. Buna görə onlar 39.1 maddəyə əsasən inzibati məsuliyyətə cəlb edilməlidirlər və həmin qayda ilə tənbeh edilməlidirlər”.
Hüquqşunasın sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən, namizəd qeydə alınandan sonra namizədə aid tələblərin pozuntusu müəyyən edilsə, bu barədə Mərkəzi Seçki Komissiyasına əsaslı sübutlar təqdim edilsə, MSK əvvəlki qərarını ləğv etməlidir. MSK-ya belə bir müraciətlə həm digər namizəd, həm də Azərbaycan Respublikasının istənilən vətəndaşı müraciət edə bilər.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button