ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İqtisadçı Natiq Cəfərli: Hökumətin fəaliyyəti də, onun hesabatı da həddindən artıq formaldır

Martın 17-də Azərbaycan Respublikası parlamentində hökumətin 2022-ci il üzrə hesabatı dinlənilib. Hesabatı elə məhz bu kimi fəaliyyətlərlə məşğul olan Baş nazir Əli Əsədov təqdim edib.

Əli Əsədov vurğulayıb ki, ötən il Azərbaycanda inflyasiya 13.9 faiz təşkil edib. O bildirib ki, Azərbaycandakı inflyasiya əsasən idxal edilib.

Əsədovun sözlərinə görə, ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.

Hökumətin hesabatı parlamentdə hər il dinlənilir. Müxalifət, bir qayda olaraq, bu prosesi formal sayır.

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından  deputatı Elşad Mirbəşiroğlu Turan-a bildirib ki, dinləmələrin formal xarakter daşıması ilə bağlı fikirlər əsassızdır. Onun qənaətincə, nəticələrdən çıxış etmək lazımdır və nəticələr də bütövlükdə hökumətin fəaliyyətinin qənaətbəxş olduğuna əsas verir.

İqtisadçı, ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə  bildirib ki, bir sıra ölkələrdə hökumətin hesabatı ilə bağlı parlament dinləmələri bəzən həftələrlə, aylarla davam edir: “Azərbaycanda bir gün ərzində bu hesabatın dinlənilməsi, bəzən sualların verilməsi ilə proses yekunlaşır. Bizdə bu proses formaldır. Hökumət hesabatını verir, deputatlar isə sual verərkən hesabatdan başqa hər şeydən soruşurlar: kimsə öz dairəsində qəbiristanlığın divarlarının uçduğunu söyləyir, kimsə öz dairəsində suyun çəkilməsini istəyir. Bu, hökumətin hesabatına aid məsələ deyil”,-Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində hökumətlərin fəaliyyətinə qiymət verərkən bir neçə indikatorlar önə çıxır: “Onlardan ən vaciblərindən biri inflyasiyadır. Azərbaycanda inflyasiya və qiymət artımının sürəti hökumətin özünün belə etiraf etdiyi qədər yüksəkdir. Deməli, bu məsələdə hökumət sinifdə qaldı, çünki inflyasiya ilə mübarizənin aparılmasında biz ciddi addımları görmədik. Hökumətin əlində müəyyən alətlər var. Məsələn, ərzaq məhsullarının, dərmanların əlavə dəyər vergisini azalda bilərdi, bu da qiymətlərin tənzimlənməsinə səbəb olardı”.

Cəfərlinin fikrincə, Azərbaycanda çox qarışıq sistem formalaşıb, hökumətin səlahiyyətinin harada başladığı və harada bitdiyi bilinmir: “Azərbaycan prezident respublikası olduğu üçün Nazirlər Kabineti bir atavizmdir. Bizdə prezident Nazirlər Kabinetinin aylıq, rüblük və illik iclaslarını keçirir. Özü tapşırıq verir və hesabatını dinləyir. Amma hökumətin fəaliyyəti də, onun hesabatı da həddindən artıq formaldır, çünki ondan asılı olan heç nə yoxdur. Bizdə bəzi nazirliklər və nazirlər Nazirlər Kabinetindən daha güclüdür və səlahiyyətlidir”,-İqtisadçı Natiq Cəfərli bildirib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button