ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hökumətdən pensiyaçılara növbəti hörmətsizlik

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Öncə sonadək oxuyun, sonra maksimum paylaşın ki, başqaları da məlumatlı olsun.
Milli Məclis iki gün öncə “Əmək pensiyaları haqqında” qanuna 43 dəyişiklik layihəsini qəbul edib. Yandaş mətbuat sözügedən dəyişiklikləri pensiyaçılara şad xəbər başlığı ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət kimi təqdim etdi. Əslində biləndə ki, nə dəyişib, hökümətin “sosial qayğısı” nələrdən ibarətdir onda hakimiyyətin pensiyaçıları necə doladıqları bəlli olur. Gəlin xırdalayaq.
Dəyişikliklər 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək ki, bu da ən yaxşı halda 1,6 faiz pensiyaçını əhatə edir.
Dəyişikliklər üçün 4,2 milyon manat vəsait ayrılacaq ki, bu da gələn il pensiyalar üçün nəzərdə tutulan vəsaitin 0,084 faizini təşkil edir.
Dəyişikliklər pensiya yaşının azaldılmasına deyil, artırılmasına xidmət edir. Belə ki, gələn ilin iyul ayının 1-dən qadınlar üçün pensiya hüququ 63 il 6 aydan sonra yaranacaq.
Dəyişiklərin yaşa görə müavinətə təsiri yoxdur. Qocalıq müavinəti 180 manat olaraq qalır.
Dəyişikliklərin minimum pensiyaya da təsiri olmayacaq. Pensiyalararın minimum məbləği 240 manat olaraq qalır. Bu məbləğdən yuxarı pensiya almaq üçün də pensiya kapitalı 34 560 manatdan çox olmalıdır. Təəssəvür edin ki, ən azı 25 il işləyib 34 560 manat pensiya kapitalı toplayan 65 yaşlı kişi, 63,5 yaşlı qadın 2023-cü ildə pensiya çıxarkən ayda 240 manat təqaüd alacaq. Halbuki, 34560 manatı bankda depozitə qoyub aylıq pensiya məbləğindən dəfələrlə çox faiz gəliri əldə etmək mümkündür.
Baxın, 34600 manatı AccessBanka 24 ay müddətinə qoyanda illik 9,5 faiz və ya 3287 manat gəlir əldə etmək mümkündür ki, bu da ayda 274 manat edir. Gördüyünüz kimi aylıq faiz gəliri, aylıq minimum pensiya məbləğindən 34 manat çoxdur.
Beləliklə də 2 ilə 6574 manat faiz gəliri qazanmaq və müddətin yekununda da 34560 manat əmanətini geri götürmək mümkündür.
Dostlar, mən bu müqayisə ilə bankların depozit siyasətini reklam etmək fikrindən uzağam, məqsədim bu hakimiyyətin pensiyaçılara münasibətdə yeritdiyi soyğunçu siyasətini ifşa etməkdir.
Əziz pensiyaçılar inciməyin mən də sizə şad xəbər çatdırmaq həsrətindəyəm, amma mən yalan danışa bilmirəm, ona görə də acı olsa da reallığı yazıram. Yeganə müsbət gözlənti odur ki, gələn ildən pensiyalar 14-15 faiz civarında indeksləşdiriləcək. Amma bu növbəti il pensiya çıxanlara şamil olunmayacaq, ancaq hazırda pensiya alanların inflyasiyadan dəyərsizləşən pensiyaları bu il üçün nominal əmək haqqının artımına uyğun olaraq 1 yanvar tarixindən indeksləşdirilir.
Dəyərli izləyicilər, biz nə qədər susacagıq, hazırkı yaşayışımıza və gələcəyimizə laqeyd olub haqqımızı tələb etməyəcəyik, pensiyalar, müavinətlər və təqaüdlərlə bağlı dövlət siyasət belə də davam edəcək, hələ bundan da pis olacaq.
Perspektiv belədir: bu hakimiyyət dövründə nə uşaq pulu olacaq, nə də layiqli pensiya, müavinət və maaşlar olmayacaq. Müharibə iştirakçıları 80 manat, 3-cü qrup əlillər 130 manat müavinətlə 22 faizlik ərzaq inflyasiyaın “sinə” gələrək yaşayıb, çoxları pensiya yaşına çatmamış da dünyasını dəyişəcək.
Bəzilər deyir ki, bu hakimiyyət yeyib doyub. Əgər gerçəkdən yeyib doyublarsa bir az da ölkədə sürünərək yaşayan 1 milyondan çox pensiyaçılara və əlillərə də layiqli təqaüd və müavinət versinlər. Əksinə, hələ on illərlə məcburi sosial sığorta ödəyənlər pensiya yaşına çatmamış vəfat edəndə onların yığdığı kapitalı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “mənimsəyir”, ölənin varisinə də qaytarmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button