ArxivIslamNardaranXəbər lentiXəbərlər

Hacı Zülfüqar məhkəmədə: Mən ömrümü Quran öyrənməyə sərf etmişəm ki…

“”Bandotdel”də adamı elə həddə çatdırırlar ki, intihar etmək istəyirsən. Əgər mən dindar olmasaydım, intihar edərdim”.

Qafqaz.ir Meydan.tv-yə istinadən verdiyi xəbərə görə, bunu fevralın 2-də keçirilən məhkəmənin hazırlıq iclasından təqsirləndirilən (ilahiyyatçı) Elman Ağayev deyib. O, azərbaycanlıya, İslam dininə yaraşmayan işgəncələrə məruz qaldığını bildirib.

Ondan əvvəl isə digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər…

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Eldar Bünyadov, Mehman Quliyev, Elxan Həsənov, Ramin Seyfullayev, Ruzi İsmayılov, Cabir Əliyev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Məmmədov və Mübariz İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Elxan Həsənovun vəkili Ramiz Məmmədov çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs 2 dəfə Kərbəla ziyarətində olub:

“26 noyabr 2015-ci ildə Elxan Həsənov ölkədə olmayıb. Elxan Həsənov 11 dekabrda ölkəyə qayıdan zaman Astara Gömrük Keçid Məntəqəsində saxlanılaraq Bakıya gətirilib. Tutulan vaxt onun üzərində və yükündə axtarış aparılması barədə məlumat yoxdur. Bir gün Bakıda saxlanıldıqdan sonra guya onda silah-sursat olması haqqında məlumat daxil olub və bundan sonra əməliyyat qrupu onun Lənkərandakı evinə gedərək axtarış aparıblar. Aparılan axtarış zamanı isə onun evindən silah-sursat və Taleh Bağırzadənin müraciət kitabçısı olduğu deyilən kitabçadan beş ədəd tapılıb”.

Vəkilin sözlərinə görə, bu, Cinayət Prossesual Məcəllənin qaydalarının kobud şəkildə pozulmasıdır:

“Çünki axtarış aparmaq üçün məhkəmənin qərarı olmalıdır. Lakin həmin evdə axtarış bu qərar olmadan həyata keçirilib”.

Ramiz Məmmədov bildirib ki, axtarış-götürmə haqqında olan protokol qanunsuz olaraq tərtib edildiyi üçün sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə, vəkil axtarışda iştirak edən 2 hal şahidinin də məhkəmədə dindirilməsini istəyib. Daha sonra vəkil Ramiz Məmmədov müdafiə etdiyi şəxsə qarşı edilən qanunsuzluqlardan danışıb:

“Elxan Həsənova verilən xasiyyətnamədə o, Ben Laden kimi təqdim edilir. Guya Nardaran hadisələri zamanı Elxan Həsənov Lənkərandakı məsciddə onların təbliğatını aparıb. Həmin vaxt Elxan Həsənov faktiki olaraq ölkədə olmayıb. Lənkəranın icra başçısı Taleh Qaraşov Elxan Həsənova verilən xasiyyətnaməyə imza edib. Xahiş edirəm həmin Taleh Qaraşov da gəlib məhkəmədə ifadə versin”.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Elman Ağayevin vəkili Akif Əliyev vəsatətlə çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin Lənkəran şəhərindəki mənzilində axtarış Lənkəran şəhər Polis Şöbəsinin keçmiş rəisi Möhübbət Hüseynov, onun müavini və digər polis əməkdaşları tərəfindən keçirilib. Lakin cinayət işinin materiallarında olan sənədlərdə axtarışın BMCMİ-nin əməliyyat müvəkkili Elman Bayramov tərəfindən keçirilməsi yazılıb:

“Elman Ağayev saxlanılaraq Bakıya, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Orada polkovnik Moşu Paşayevin iştirakı ilə ona işgəncə verilib. Hazırda bədənində işgəncə izləri var. Orada başına olmazın oyunları açılıb. Ona mənəvi və fiziki işgəncələr verilib. Lakin burada danışmaq olmur”.

Vəkilin sözlərinə görə, E.Ağayevə işgəncə verərək silah və Taleh Bağırzadənin kitabçaları ilə bağlı ittihama razı olmasını istəyiblər:

“Elman Ağayev onlara deyib ki, dindar adamdır və silah ittihamını qəbul etmək istəmir. Bundan sonra Taleh Bağırzadənin kitabçaları ilə bağlı ittihamı məcburən qəbul edib. Axtarış-götürmə protokolunda adları qeyd edilən hal şahidlərindən Balaxan Hüseynov bir çox işdə hal şahidi kimi iştirak edib. Moşu Paşayevin yekunlaşdırdığı bir çox işdə hal şahidi kimi adı keçir. Bu da onu göstərir ki, həmin şahidin polislərlə əməkdaşlığı var”.

Vəkil Akif Əliyev bildirib ki, müvəkkili 19 gün BMCMİ-də saxlanılsa da, onlara bu haqda məlumat verilməyib:

“Biz dəfələrlə prokurorluğa müraciət etdik, lakin cavab vermədilər. Onun öz vəkili ola-ola təyinatla vəkil təqdim edib, sənədləri saxtalaşdırıblar. Müdafiə hüququ kobud şəkildə pozulub. Bu tamamilə sifarişli işdir. Biz istintaq orqanından Möhübbət Hüseynov, onun müavini və digər polis əməkdaşlarının şahid kimi dindirilməsini istədik. Lakin əhəmiyyət vermədilər. Heç olmasa görüntü xətrinə bunu edərdilər. Elman Ağayevin cinayət təqibi qanunsuzdur”.

Vəkil cinayət təqibinə xitam verilməsini istəyib.

Təqsirləndirilən Elman Ağayev isə deyib ki, onu həbs-qətimkan tədbiri seçmək üçün hakim Babək Həsənovun yanına sürüyüb aparıblar:

“Hakim də gördü ki, ayaq üstə dura bilmirəm. İşgəncələrlə bağlı gəlib baxdılar, dedilər ki, işgəncə izi yoxdur. Lakin özüm əlimlə göstərmişdim. İndi də o izlər qalır. Məndən sonra qardaşımı həbs etdilər, məni ailəmlə hədələdilər. Siz heç düşməninizə də bunu arzu etməzsiniz. Mənə təyinatla təqdim edilən vəkil Rəhim Qurbanov idi. O da gəlib ifadə versin”

E. Ağayev onun telefon danışıqlarının bir neçəsinə qulaq asıldığını deyib:

“Həmin hadisələr vaxtı telekanallarda bizi terrorçu kimi təqdim edirdilər. Kimsə də görüb mənim adımı çəkirlər, zəng edib, maraqlanıb ki, görsün həbs olunmuşammı. Həmin adamların hamısını cinayətkar adı ilə həbs ediblər. İcra başçısı Taleh Qaraşov mənim barəmdə rəy yazıb. Rəydə məni separatçı və təhlükəli ünsür adlandırıb. Lənkəranda məmurların özbaşınalığına görə sabitlik pozulanda icra başçısı bizdən kömək istəyirdi. İstintaq zamanı məndən ancaq Taleh Bağırzadəni tanıyıb-tanımamağımı soruşublar. Hamı bilir ki, Lənkəranda narkomaniya geniş yayılıb, SPİD xəstəliyi yayılıb. Biz çıxışımızda pis nə demişik? Narkomaniya, pis vərdişlər, radikal təriqətlərlə mübarizə aparmışıq. Əgər bizi çıxışımıza görə həbs ediblərsə, buna uyğun da maddə versinlər. Bu ittihamları bizə yaraşdırmaq olmaz. Allah hər şeyi görür”.

Vəkil Ramiz Məmmədov isə bildirib ki, son zamanlar kim həbs olunsa, deyirlər, həmin adam zibillikdən silah tapıb:

“Biz də zibil atırıq. Heç vaxt silaha rast gəlməmişik. Bu, artıq kütləvi hal alıb. Ya deyirlər silahı zibillikdən tapıb, ya deyirlər tanımadığı adamdan alıb. Adam tanımadığı şəxsdən niyə silah alsın ki?”

Haqqı deməkdən başqa mənim heç bir fəaliyyətim olmayıb

Daha sonra iclasda Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs BMCMİ-də işgəncəyə məruz qalıb:

“Zülfüqar Mikayılova deyiblər ki, qeyd olunan ifadəni imzalamasan soyundurub lüt videonu çəkib, internetdə yayacağıq”.

Vəkilin sözlərinə görə, Z.Mikayılovun evində axtarış aparmağa gələn polis əməkdaşlarının video görüntüləri var:

“Həmin videoda görünür ki, polislər qara torbalarda evə nəsə daşıyırlar. Buradan aydındır ki, onlar axtarışdan əvvəl evə silah qoyub, sonra da onu çıxarıblar”.

Vəkil müdafiə etdiyi şəxsin cinayət təqibinə xitam verilməsini istəyib.

İclasda çıxış edən Zülfüqar Mikayılov isə bildirib ki, Azərbaycan xalqı müstəqillik uğrunda saysız şəhidlər verib:

“Biz istəmişik ölkəmiz, dövlətimiz müstəqil olsun, məhkəmə müstəqil olsun. Heç kim bizim ölkəyə nəyisə diktə etməsin. Bu gün məhkəmələrin müstəqil olmaması şəhidlərin qanına hörmətsizlikdir. Haqqı deməkdən başqa heç bir fəaliyyətim olmayıb. Bu qədər ittiham veriblər, lakin heç nə araşdırılmadı. Mən evimin qarşısında həbs olunmuşam. Həmin hadisənin görüntüləri də var. Mənə dedilər çıxaq evə. Biz evə çıxanda dedilər ki, pencəyi soyun. Pencəyi soyunanda gördüm arxa cibimdə tapança. Mən ömrümü “Quran” öyrənməyə sərf etmişəm ki, terrorçu olum? Desələr də, buna heç kim inanmaz. Mənim fəaliyyətim göz qabağında olub. Hər zaman dövlətin yanında olmuşam”.

Mehman Məmmədovun vəkili isə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Digər vəkillər isə deyiblər ki, ittiham aktında məhkəməyə çağırılacaq şahidlərin siyahısı yoxdur. Onlar məhkəmədən həmin siyahını istəyiblər.

Prosesdə çıxış edən dövlət ittihamçısı isə heç bir vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə iclası fevralın 6-da davam edəcək. Vəsatətlərlə bağlı məhkəmə qərarı həmin gün açıqlanacaq.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

T.Bağırzadənin müavini Elçin Qasımov və daha bir qrup şəxsin məhkəmə prosesi isə davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button