ArxivXəbər lentiXəbərlər

Həbsdəki hacılar ili – onlara “vətən xaini” deyənlər…

İki gün öncə həbsdə olan İslam fəlsəfəsi üzrə fəlsəfə doktoru, yazar Hacı Elşən Mustafaoğlunun həbs müddəti daha 5 ay uzadıldı. Hacı Elşəni 2014-cü ilin dekabrında keçmiş MTN əməkdaşları həbs edib. Hər kəs üçün müəmmalı olsa da, E. Mustafaoğlunun barəsində 274-cü maddə ilə cinayət işi açılıb; yəni dövlətə xəyanətdə ittiham olunur. Artıq istintaq bir ildən çoxdur davam edir və iki gün əvvəlki qərara əsasən Hacı Elşən ən azı 18 ay istintaq altında olacaq. 

Hacı Elşən Mustafaoğlu

Yeri gəlmişkən, Hacı Elşəndən 3 ay sonra daha bir ilahiyyatçı, “Təkamül” tərcümə mərkəzinin rəhbəri Hacı Ceyhun da eyni maddə ilə həbs olunub. Hətta bəzi məlumatlara görə, ikisi də eyni cinayət işi ilə istintaq olunurlar. O da hazırda istintaq altındadır.

Medianın və ictimaiyyətin Məşədi Natiq kimi tanıdığı Nardaran ağsaqqalı, İslam Partiyasının fəalı Natiq Kərimovu da bu günlərdə həbs etdilər. O da dövlətə xəyanətdə ittiham olunur.

“İçəridəki” hacılar hesabına bu siyahını daha da uzatmaq olar. Amma gərək varmı? Doğrudanmı, bu ölkənin din xadimləri, ağsaqqal dedikləri xəyanətkar, satqın oldular? Hələlik məhkəmə keçirilməyib və Hacı Elşənin, Hacı Ceyhunun ittiham olunduğu maddənin nə olduğunu bilmirik. Amma mənim üçün çox maraqlıdır, bir ilahiyyatçı, dini-əxlaqi kitabların tərcüməsi və nəşri ilə məşğul olan nəşriyyatın rəhbəri nə edib ki, ən ağır, qorxulu cinayət olan dövlətə xəyanətdə ittiham olunur?

Məşədi Natiq Kərimov

Və ya Hacı Elşən. Elmlər Akademiyasının elmi işçisi, İslam fəlsəfəsi üzrə fəlsəfə doktoru, uzun müddət telekanallarda aparıcı olmuş, ictimaiyyətin yaxından tanıdığı, hörmət etdiyi bir şəxsin cinayəti nədən və ya nələrdən ibarət olub? N.Kərimovun işindən isə danışmağa dəymir. Nə oldu ki, bu ölkənin ağsaqqalı, din xadimi xəyanətkar oldu?

İstintaqın işinə qarışmaq niyyətim yoxdur, ümid edirəm ki, 1 ildən artıq davam edən istintaq sonda ortaya dəlil-sübut qoyacaq. Amma mənim qəbul edə bilmədiyim, izah etməkdə çətinlik çəkdiyim ruhanilərin bu şəkildə həbs olunmasıdır. Bir filosofun və ya nəşriyyatçının, ya da bölgə ağsaqqalının bu cür ittiham olunması təkcə onların və onların yaxınlarının, dostlarının deyil, bütövlükdə cəmiyyət, onun mənəvi dəyərləri üçün ağır zərbədir.

Hacı Ceyhun

Cəmiyyət bu şəkildə islah oluna bilməz. Heç yanlış ideya və təsirlərdən də bu şəkildə cəmiyyəti qorumaq olmaz. Bu cür fəaliyyətlər kütləvi şəkildə qorxu yaratmağa, hər kəsin potensial cinayətkar olması kimi düşüncənin yayılmasına səbəb olur. Ən pisi isə cəmiyyətdə dini-mənəvi dəyərlərə olan inamı qırır.

Hər bir insanın potensial cinayətkar olması ehtimalından qat-qat çox, onun yaxşı insan olması potensialdır. Əgər bu gün din adamları, dindar alimlər, ağsaqqallar “xəyanətkar” yarlığı ilə tutulursa deməli bu ölkədə hər kəs potensial cinayətkardır. Biz zamanlar bu xalqın çətin günündə, ağır sınaqlarında, qan davasında ortaya girən, insanları barışdıran, sülh yaradan insanlar ağsaqqallar, din adamları olub. Ağsaqqalı, din xadimi satqın, vətən xaini olan ölkədə mənəvi inkişafdan söhbət gedə bilməz.

2016-cı il “multikulturalizm ili” elan olunub. Amma çoxmədəniyyətlilik yalnız fərqli dinlərin Azərbaycanda rahat yaşaması demək deyil. Çoxmədəniyyətli, tolerant ölkədə din xadimləri, dindarlar xain elan edilmir. Unutmaq olmaz ki, Azərbaycanın çoxminillik birgəyaşayış mədəniyyətini, tolerantlığını yaradan, qoruyub saxlayan bu xalqın içindən çıxmış din xadimləri, ağsaqqallar olub. Bir xalqın, millətin xoşgörülü, fərqli mədəniyyətlərə dözümlü yanaşmasını təmin edən dövlətlər. siyasi güclər deyil, onun ruhaniləri, din adamları, ziyalıları, ağsaqqallarıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button