ArxivIslamXəbər lentiXəbərlər

Həbsdəki fəal: Sizə kim dedi ki, mənim cibimə narkotik atasınız?

  • Həbsdəki müsavatçı polislərin yalan ifadə verdiyini dedi
2014-cü ildən siyasi mühacir statusuyla Litvada yaşayan, 2018-ci ilin oktyabrında xəstə atasına baş çəkmək üçün Bakıya gələn kimi həbs olunan Müsavat Partiyasının fəalı Azad Həsənovun mayın 27-də məhkəməsində bir daha bildirib ki, onun cibinə narkotiki polis əməkdaşlarının özü atıb. Məhkəməsində dindirilən Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin əməliyyat müvəkkili Fikrət Nəsibovdan da soruşub ki, onun cibinə narkotik atmaq sifarişini hardan və ya kimdən almışdılar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə keçirilən budəfəki prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin iki əməkdaşları Şamxal Bağırov və Fikrət Nəsibov ifadə verib. F.Nəsibov müsavatçı fəalın həbs olunmasında iştirak etsə də, digər polis əməkdaşlarından fərqli olaraq, onun adı şahidlər siyahısına salınmamışdı. A.Həsənov isə bildirirdi ki, sənədlərdə onu tutan əməliyyat qrupuna Elvin Kazımovun rəhbərlik etdiyi yazılsa da, doğru deyil, bütün proseslərə F.Nəsibov rəhbərlik edib, göstərişləri o verir, digərləri də yerinə yetirirdi. Bu səbəbdən də A.Həsənovun vəkili F.Nəsibovun da məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət vermişdi.
Polis leytenantı Ş.Bağırov məhkəmədə bildirib ki, polis əməkdaşı Elvin Kazımova Azad adlı şəxsin narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Onun əsasında əməliyyat keçirib A.Həsənovu tutublar, onu Bakı şəhər Baş Polis İdarəsinə gətiriblər. Orada A.Həsənova təklif ediblər ki, üzərində nə varsa, çıxarıb ortaya qoysun. O da telefonunu, pul kisəsini və narkotiki çıxarıb masanın üstünə qoyub: “Dedi ki, qəbiristanlığın yanında, kolun dibindən tapmışam”.
Polis mayoru F.Nəsibov da oxşar ifadə verib. O bildirib ki, A.Həsənovu tutmaq üçün Hövsana gedəndə qara maşında digər dörd həmkarı ilə birlikdə olsalar da, qayıdanda həmin maşında Azad da olduğundan o, tək qayıtmalı olub: “Piyada yola çıxdım, kənd adamlarından birinin maşınıyla idarəyə gəldim. Onlardan təxminən 5 dəqiqə sonra çatmışdım”
A.Həsənov isə bildirib ki, F.Nəsibov yalan danışır: “Yalan danışır ki, protokolu da Elvin yazırdı. Xeyr, hər şeyi özü eləyirdi. Mənimlə şəhərə qədər maşında danışan da bu idi. O birilər bunun göstərişlərini yerinə yetirirdi. İttihamın rəsmiləşməsi məsələsində iki saat bunu gözləyiblər. Telefonumu da məndən bu alıb. Sizə kim dedi ki, mənim cibimə narkotik atasınız? Kişi kimi cavab verin. Kişi kimi yaşayın, kişi kimi də ölün…”.
A.Həsənov bu sualı verərkən hakim onun sözünü kəsib. Müsavat Partiyasının fəal üzvü olduğuna görə qərəzli şəkildə şərlənib həbs olunduğunu vurğulayan A.Həsənov sözünün kəsilməsinə etiraz edib. Bildirib ki, belə məhkəmədə də iştirak etmək istəmir: “Daha məhkəməyə gəlməyəcəm”.
A.Həsənov onu da bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə əlləri qandallanmış vəziyyətdə gətiriblər. Polislər isə onun əllərini qandallamadıqlarını, qısa müddətdə vəkillə təmin etdiklərini, qohumlarına onun saxlanması və yeri barədə məlumat verildiyini iddia edirlər.
“Qohumları “102”yə zəng eləyəndən sonra onun yaxınlarına məlumat verilmişdi. Ərazi polisi xəbər vermişdi”, – deyə polis mayoru F.Nəsibov bildirib.
Vəkil də ondan soruşub ki, əgər vaxtında onun saxlanması barədə qohumlarına məlumat verilmişdisə, bəs niyə ailə üzvləri onun yerini öyrənmək üçün “102”yə zəng eləyirdi? Polis cavabında deyib ki, onların “102” xidmətinə zəng eləməsi ilə məlumatın çatdırılması təxminən eyni vaxta təsadüf edib.
A.Həsənovun məhkəməsi iyunun 3-də davam edəcək.
A.Həsənov 2018-ci il oktyabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button