Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından biri – partiyanın Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənovun aprelin 18-dən istintaq təcridxanasında quru aclıq etdiyi bildirilir. Bu barədə onun özü aprelin 19-da məhkəməsində məlumat verib.
2023-cü ilin noyabrından həbsdə olan Elnur Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baxılır. Elnur Həsənov bildirib ki, aprelin 19-da məhkəmədə ifadə verəcəyini nəzərə alaraq, deyəcəklərini öncədən təcridxanada 11 vərəqə yazıb. O, ifadəsini hakimə yazılı şəkildə vermək istəyib. Lakin təcridxanada buna imkan verməyiblər – ifadəsi yazılan vərəqləri əlindən alıblar.
“Məni şərləyib həbs eləməkləri azdır, ifadəmi yazmağa belə imkan vermirlər”, – Elnur Həsənov bildirib.
Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama əsasən, Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları onu Xətai rayonu ərazisindəki maşın bazarının yanında saxlayıb, polis bölməsinə gətiriblər. Onun cibindən 5,372 qram narkotik tapılıb. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Elnur Həsənov ittihama münasibət bildirərkən özünü qətiyyən təqsirli bilmədiyini, narkotikin ona aidiyyıti olmadığını deyib.
Mayın 3-də keçiriləcək növbəti məhkəmə iclasında dindirmələr başlayacaq.
Elnur Həsənov quru aclıq keçirməsi barədə bir sıra dövlət orqanlarına, o cümlədən Prezidentin hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərova, Ombudsman Səbinə Əliyevaya, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova məktub göndərib.
“Şərlənərək qanunsuz həbs olunmağıma etiraz edirəm. Hüquqlarım təmin edilənə qədər ölüm aclığı elan edirəm.
Mən şəhid qardaşıyam. Həbsimdən 17 gün sonra 62 nəfər erməni əsiri azad edilib. Hansı ki, onlar 3000 şəhidin canına qıyanlardır. Ancaq mən haqq və hüquqlarımı tələb etdiyimə görə zindanda Vilayət Eyvazov tərəfindən əsir saxlanılıram və bütün qurumlar susur”, – Elnur Həsənov məktubunda yazıb.
AXCP fəalının Bakı İstintaq Təcridxanasında quru aclıq keçirməsi barədə dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.
AXCP fəalı noyabrın 28-də günorta saatlarında paytaxtın Babək prospektində yerləşən “Maşın bazarı”nda avtomobil ehtiyat hissələri satılan mağazaya girərkən saxlanılıb.
Elnur Həsənov narkotiklə heç bir əlaqəsi olmadığını, cibinə də metamfetamini polislərin özlərinin atdığını bildirib. O hesab edir ki, həbsi AXCP üzvü olması, sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır.
AXCP fəalının tutulmamışdan az öncə “Facebook” hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.