ArxivXəbər lentiXəbərlər

Günnüt minalardan təmizlənir

Azərbaycan Ordusunun nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi minalardan təmizlənir. Bu iş yekunlaşandan sonra kəndin məskunlaşdırılması planlaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Tariyel Talıbov yerli mediaya açıqlamasında belə deyib. Onun sözlərinə görə, 1992-ci ildə işğal edilən Günnüt kəndinin əhalisinin çoxu rayonun başqa ərazilərində və Sədərəkdə məskunlaşıb.
Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidməti bildirir ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb: “Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yeri xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.
Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib. Bununla da ordu daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, Qızılqaya dağı və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirilib.
Dərələyəz mahalının Arpa kəndində (Areni) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə Yerevandan Xankəndiyə gedən avtomobil yoluna nəzarət imkanı verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
26 illik həsrətdən sonra iyunun 7-də günnütlülər doğma torpağa qayıdıb əzizlərinin məzarını ziyarət ediblər”.
toplum.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button