ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gültəkin Hacıbəyli “Bu proses hakimiyyətin özünü ifşasına yönəlib”

Amerikanın Səsinə  xəbər verir ki, dekabrın 23-də Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəmə prosesi keçirilib. Ötən məhkəmədə Gültəkin Hacıbəyli işin Nəsimi Rayon Məhkəməsində baxılmasına etiraz edib, məhkəmə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Gültəkin Hacıbəyli bildirib ki, barəsində ittiham qaldırmaq üçün əsas yoxdur, çünki sosial şəbəkə vasitəsiylə yazdığı şərh də, paylaşım da artıq silinib:
“Aydındır ki, bu mənə və Milli Şuraya qarşı təzyiq xarakteri daşıyır. Biz ümid edirik ki, Nəsimi Rayon Məhkəməsinə verdiyimiz etiraz Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunacaq. Bu işin icraata götürülməsi kökündən yanlış olub”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hesab edir ki, “əsassız” məhkəmə çəkişməsi uzanır və bunun da təzyiq olduğunu bildirib.
“Ola bilsin, əvvəlcə bu ittihama xüsusi planlarla başlamışdılar. Bu proses ümumilikdə hakimiyyətin özünü ifşasına yönəlib. Bu işi icraata götürmək üçün heç bir hüquqi əsas yoxdur. İstənilən başqa bir şəxs eyni qaydada, eyni iddialarla sənədlərini tərtib edib Azərbaycan məhkəmələrinə təqdim etsə, o sənəd götürülməyəcək. Birinci dəfə deyil ki, Azərbaycan hakimiyyətinin belə irrasional addımlarını görürük, bu da həmin addımlardan biridir” deyə AXCP sədri deyib.
Qarşı tərəfin nə özü, nə də müdafiə tərəfi məhkəməyə gəlməyib, bu səbəbdən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Gültəkin Hacıbəyli barəsində bu il oktyabrın 27-də Cinayət Məcəlləsinin 147.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında cinayət işi açılıb. O, xarici ölkədə olduğu halda məhkəmə xəbərdarlıq etmədən iddianı icraata götürüb və barəsində saxlanma qərarı çıxarıb.
Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, bir neçə saat saxlanıldıqdan sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb və hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra sərbəst buraxılıb. Vəkil Bəhruz Bayramov bildirib ki, Leyla Arif adlı Facebook istifadəçisi onun statusuna şərh yazdığına görə Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Gültəkin Hacıbəyli Milli Məclisin keçmiş deputatı, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olub. O, müxalif qüvvələrin prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənlinin rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurasının funksionerlərindən biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button