ArxivXəbərlər

Gənclər təşkilatları bahalaşma əleyhinə aksiyalara hazırlaşır

Hökumətin son bahalaşma qərarından sonra cəmiyyət müxalifətin etiraz aksiyası keçirib-keçirməyəcəyi ilə maraqlanır. Düzdür, hazırda Azərbaycanda sıravi vətəndaşlar müxalifətin hətta sanksiyalaşdırılmış aksiyalarında da iştirak etməkdən çəkinirlər. Amma bununla yanaşı həm də müxalifətin bu cür situasiyalarda aktivləşməsini, etiraz aksiyaları keçirməsini istəyirlər.
Artıq Milli Şura mitinq qərarı verib. Lakin hələlik aksiyanın zamanı və məkanı bəlli deyil. Bəs ölkənin gənclər təşkilatları bahalaşma əleyhinə hər hansı aksiya keçirməyi planlaşdırırmı?
Bununla bağlı bir neçə gənclər təşkilatı rəhbərlərinə müraciət etdik.
Əhliman Abbas: “Cəmiyyətə impuls vermək üçün kütləvilik çox önəmlidir”
Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas etiraz aksiyaları ilə bağlı Milli Şuranın qərarlarını gözləyəcəklərini bildirdi: “Açığı, indiki mərhələdə gənclər təşkilatları ilə bu barədə bir müzakirəmiz olmayıb, təşkilat olaraq ayrıca belə bir qərarımız da yoxdur. Həm də, bildiyiniz kimi Milli Şuranın bu barədə bir qərarı olmalıdır. Yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcəyi deyilir. Ona görə, düşünürəm ki, hazırkı dönəmdə Milli Şuraya daxil olan böyük partiyaların, konkret olaraq Müsavatın, AXCP-nin təşkilatçılığı ilə belə bir tədbirlərin keçirilməsi daha məqsədəuyğun olar. Çünki cəmiyyətə impuls vermək üçün kütləvilik çox önəmlidir, cəmiyyət lazımi reaksiyanı göstərəndən sonra, lazım gələrsə, gənclər təşkilatları da bu işin təşkilatçılığını öz üzərinə götürə bilər.” Əhliman Abbas dekabrın 8-ə təyin olunmuş dinc aksiya ilə bağlı fikirlərini dedi: “Qarşıdakı günlərdə həmin dinc aksiyanın təşkilatçıları ilə bağlı müzakirə edib, bir qərara gələcəyik
Pünhan İmamlı: “Milli Şura aksiya qərarı versə, qoşulacağıq”
VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı hər hansı gənclər təşkilatının ayrılıqda aksiya təşkil etməsinin gözlənilmədiyini söylədi: “Bahalaşmaya görə aksiya təşkil olunması Milli Şuranın qərarından asılıdır. Əgər Milli Şura aksiya qərarı versə, gənclər təşkilatları lazımi dəstəyi verəcəklər. Bildiyiniz kimi, gənclər təşkilatlarının əksəriyyəti Milli Şurada təmsil olunur. 8 dekabr aksiyasına gəldikdə isə bu aksiya hər hansı təşkilat tərəfindən təyin olunmayıb. Adından da göründüyü kimi, bu, vətəndaş tələbidir və üzvlərimizin bu aksiyada iştirakı sərbəstdir.”
Turqut Qəmbər: “Benzinin bahalaşması ilə bağlı artıq etirazlar başlayıb”
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər bahalaşmaya necə etiraz edəcəklərindən danışdı: “Bahalaşmaya münasibətim mənfidir. Əslində bu, çox ciddi məsələdir. Benzinin bahalaşması qaçılmaz şəkildə ölkədəki digər məhsulların qiymətini qaldıracaq. Bu isə birbaşa vətəndaşın cibinə təsir edir. Əmək haqları da az olduğundan bu, çox ciddi etirazlara səbəb ola bilər. Artıq demək olar ki, insanlar bir şəkildə etirazlarını bildirirlər. Biz NİDA Vətəndaş Hərəkatı olaraq hal-hazırda aksiyaların keçiriləcəyi ilə bağlı məsləhətləşmələr və müzakirələr aparırıq. Bir qərar olsa, ictimaiyyəti məlumatlandıracağıq.”
Orxan Rüstəmzadə: “Bahalaşmaya görə bütün xalq etiraz etməlidir”
Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Orxan Rüstəmzadə bahalaşmanın əhalinin sosial durumuna çox pis təsir edəcəyini dedi: “Bahalaşma gündəmdə olan mövzudur. Bahalaşmaya münasibətimiz təbii ki, pisdir. Hamımız bilirik ki, benzinin və neft məhsullarının qiymətinin artırılması ölkədə bütün sahələrə öz təsirini göstərəcək. Bunun nəticəsində də sosial vəziyyət daha da pisləşəcək. Düşünürəm ki, bütün bunlar öncədən planlaşdırılmış addımlardı. İnsanların artıq qul vəziyyətində yaşamasını istəyirlər. Bu cür vasitələrlə Azərbaycan vətəndaşını alçaldırlar. Bunun qarşısını almaq üçün artıq bütün xalq etiraz etməlidir. Əgər Milli Şura mitinq məsələsi ilə bağlı belə bir qərar qəbul etsə, həmin mitinqdə tam heyətlə iştirak edəcəyik.”
O.Rüstəmzadə dekabrın 8-ə olacaq aksiyadan da danışdı. O bildirdi ki, çox güman ki, həmin aksiyaya təşkilat olaraq qoşulsunlar.
Artıq facebookda bahalaşma əleyhinə aksiya keçiriləcəyi ilə bağlı səhifələr yaradılıb. Onlardan biri də Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının təşkilatçılığı ilə olan aksiyadır. Etatist.com-a dekabrın 8-də keçirəcəkləri aksiya haqqında danışan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı “vermiş olduğu bütün qərarlarda Azərbaycan dövləti vətəndaşlarla hesablaşmalıdır, ən azından onları məlumatlandırmalıdır” deyib. O, aksiyanın hədəfinin insanların haqq səsinin ucaltmaq olduğunu bildirib. Aksiyanın dinc xarakter daşıyacağını, heç bir şüar səsləndirilməyəcəyini deyən R.Hacılı, bunun sadə vətəndaşların aksiyası olacağını bildirib.

musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button