ArxivXəbər lentiXəbərlər

Fazil Mustafanın dini lideri hansı ölkədədir?

Azərbaycanda yeddi mədrəsənin açılacağı anonsu verilib. QMİ sədrinə nisbət verilən belə bir təşəbbüsün nə dərəcədə gözlənilən olması, reallaşıb-reallaşmaması hələlik bəhsimizin predmeti deyil. Hər bir halda həqiqi İslamın təbliğ edildiyi mədrəsələrin açılışının tərəfdarıyıq.

Bu xəbəri işıqlandıran “Yeni Musavat” qəzeti nədənsə mövzuyla bağlı Böyük Qurtuluş Partiyasının (adam hansı qurtuluşdan danışır? – hələ də ictimaiyyətə bəlli deyil, amma böyük qurtuluş olması şübhəsizdir) lideri Fazil Mustafadan intervyu alıb. Bəlkə də bir zamanlar hazırda Türkiyə və Azərbaycanda terrorçu təşkilat lideri elan edilən Fətullah Gülən camaatının Azərbaycanda və digər ölkələrdə orta və ali məktəblər, liseylər açmasını təqdir edib bunun müqabilində şiələri təhsilə heç bir qayğı göstərməməkdə ittiham edib ağır təhqir etməsi (şərəfsiz deməsi) səbəbiylədir. Bəlkə də adı çəkilən qəzet Fazil hocaya dolayı yolla “Payız gəldi, buyur cücəni say” demək istəyib. Təəssüf ki, Fazil hoca vaxtında şiələrə olan kini ucbatından bir həqiqətin fərqində olmayıb. O həqiqət də, bundan ibarətdir ki, şiə məzhəbini təmsil edən İran dövlətinin dünyanın bir çox ölkələrində İslami təhsil mərkəzləri var və Allaha şükür heç bir dövlətin, hüquq müdafiyə təşkilatlarının siyahisində terrorçu elan edilməyib. İran demişkən, Fazil hoca bu müsahibəsində də İranı unutmayıb.

Bu yazımızda qısaca olaraq Fazil hocanın dini liderinin kimliyi haqda yazacağıq. Çünki özü bu məsələnin qabardılmasında görünür maraqlıdır. (Birazdan məlum olar)
Burada belə bir həssas məqamda onun dini liderinin Fətullah Gülən olduğunu iddia edib kişinin başını bəlaya salmaq kimi bir fikrimiz yoxdur. Biz sadəcə bir-iki sual ünvanlayacağıq, nəticəni və cavabı oxucunun, bir də Fazil hocanın ixtiyarına qoyacağıq.

Əvvəlcə başdan ayağa təxribat xarakteri daşıyan müsahibəsindəki bir neçə detala toxunaq… Fazil hoca deyir: “Bildiyiniz kimi, yüzlərlə azərbaycanlı tələbə başqa ölkələrdə təhsil alaraq, həmin ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlığa girirlər. Təbii ki, öz imicini qoruyan, vətəninə sadiq insanlar da var. Dindarların içərisində belələri çoxdur.” Əvvəlcə sual: Görəsən ölkədən kənarda neçə azərbaycanlı təhsil alır ki, “yüzlərlə” sözünü (yüz rəqəmi və cəm şəkilçisiylə birlikdə, yəni Allahdan başqa heç kimin bilmədiyi həddə) işlədir? İkinci sual: Məgər Fazil Mustafanın həmin ölkələrdə casusları var, ona danos verirlər? “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəlini hansı ata deyibsə, Allah atasına rəhmət eləsin. Burada lap yeri var ki, Fazil hocanın şəxsi saytı olan fazilmustafa.az saytında özü haqda yazdığı və kifayət qədər qaranlıq məqamlarla dolu olan avtobioqrafiyasından bir neçə fraqmentə nəzər salaq: “1981-ci ildən SSRİ əleyhinə gizli siyasi dərnəklərdə fəaliyyət göstərib.” Görəsən o zamanlar vətən hesab edilən SSRİ-də bu adam hansı gizli-siyasi işlərə girişib? Saytının “Haqqında” bölməsində daha sonra yazılıb: “1995-ci ildə barəsində bir neçə cinayət işi açıldığından Türkiyəyə mühacirətə getməyə məcbur olub və 1998-ci ilədək orada Ə. Elçibəyin Türkiyə Özəl Təmsilçisi vəzifəsini həyata keçirib.” Sual: Hazırda vətən sevgisi, vətənpərvərlik və dövlətə sədaqətdən dəm vuran bu vətənşüvən hoca nə üçün o zamanlar dövlətindən qaçıbmış, alnı açıq, üzü ağ idisə niyə dövlətin hüquqi məhkəməsində cavab vermirdi? Öz vətənində gizli-siyasi dərnəklərdə gizli-siyasi fəaliyyət göstərən bu şəxs Türkiyəyə qaçanda nə iş görürdü? Bəs sonra necə ki, haqqında cinayət işi açılan, Türkiyəyə qaçan, daha sonra həbs edilən şəxs bu gün Milli Məclisdə oturur?
Qayıdaq müsahibəsindəki başqa bir fraqmentə. Hoca daha sonra deyir: “Başqa ölkələrdə o istiqamətdə də hazırlanan insanlar var ki, ölkəmizdə görüntü xətrinə guya dini təbliğat aparırlar, lakin başqa dövlət tərəfindən idarə olunurlar, başqa dövlətdən özlərinə dini lideri seçib, onun arxasınca gedirlər.” Çox gözəl! İndi gəlin, mövzumuzun əsas hissəsini təşkil edən məsələyə keçək, görək Fazil hocanın dini lideri hansı ölkədədir?

Məlum məsələdir ki, onun nəzərdə tutduğu görüntü xatirinə dini təbliğat aparan şəxslər şiələrdir, “başqa dövlətlər” İrandır, dini lider də İranın Ali Dini Lideri Seyyid Əli Xameneidir.

Bəs Fazil hocanın özünün dini lideri kimdir?
Bu insan inkar etməz ki, dünyəvi sahədə olduğu kimi dini sahədə də liderin olması zəruridir. Liderlik funksiyasını inkar etməməsi labüddür. Çünki özü də partiya lideridir. Allah bilir hansı ofisdə toz basan sıradan bir partiyanın Fazil hoca kimi bir lideri varsa, milyonların qəlbini fəth edən müqəddəs bir dinin – İslam dininin də şübhəsiz ki, hər zamanda lideri, yaxud başqa sözlə rəhbəri, başçısı, öndəri olmalıdır. Deməli, liderin varlığı inkaredilməzdir. Özünü bu dinin mənsubu hesab edən Fazil hocaya gəlincə isə…
1. Ya özü dini liderdir;
2. Ya da özü dini lider deyil, onun dini lideri var.
Özü ki, dini lider deyil, Allaha şükürlər olsun ki, hələ ki, belə bir iddia etməyib. İddia etsə belə, dini savadının olmaması buna heç cür imkan vermir. Deməli, onun da dini lideri var. Və onun dini lideri;
1. Ya Azərbaycandadır,
2. Ya da Azərbaycandan kənarda, hansısa ölkələrin birində.
Azərbaycanda olması ki, qətiyyən mümkün deyil. Çünki Azərbaycanda dini lider kimi tanınan QMİ sədri ilə heç arası yoxdur. Onu öz təbirincə desək “Qum saatı” (məqsəd İranın Qum şəhəridir) ilə oturub-durmaqda açıqca ittiham edib. QMİ sədrindən başqa hələ ki, kimsə ölkədə dini liderlik iddiası etməyib. Deməli, ikinci variant qalır, o da Fazil hocanın dini liderinin hansısa xarici ölkədə olması. İndi bunun kimliyini Fazil hocanın öz vicdanına buraxırıq. Bizim üçün zərrə qədər maraq dairəsində olmayan məsələdir.
Fazil hocanın özünə kimisə dini lider seçməsi isə mütləqdir. Necə ki, əvvəldə qeyd etdik. Ən azından Ramazan bayramı ilə bağlı, dini-şəri hökmlərlə bağlı hansısa alimi özünə bu yolda rəhbər seçməsi qaçılmazdır. Yox əgər belə bir lideri yoxdursa, deməli o dindarlığını da düz-əməlli etmir, qarşıya şəri sual, çözə bilmədiyi məsələ çıxdıqda əməl etmir, havada qalır sadəcə. Bu cür dindarlıq qeyri-məqbuldur. Bu cür dini dar olanların dindən danışması gülüncdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button