Islam

Fərəcin intizarı (Köşə yazısı)

“İmam Zaman, gəl” deyirsən!

Hər namazdan sonra fərəc duasını oxuyursan. Nə üçün oxuduğunu dərk etmirsən? Hazırsan Ağanın zühuruna? Ağa gecə ibadətlərini edir, möminlər üçün dua edir. Ağa şiələrini heç bir zaman unutmur. Bəs biz Ağamızın istədiyi kimi olmuşuq? Buna cəhd etmişik? Ondan ayrı olduğumuz üçün qəlbən narahat olmuşuq? Heç fikirləşmirik ki, bu gün, bu ay, bu həftə ağamız üçün nə etmişik?! Ağa məndən bu gün nə istəyir?! Heç fikirləşmisən ki, Ağanın zühurunu gecikdirənlərdənsən ya da fərəcin baş tutmasında vəsilə olanlardan. Sən öz dostlarını tanıyırsan. Sən onları görürsən, onlarla söhbət edib,  görüşlərinə gedirsən. Heç istəməzsən ki, Ağa sənin də qonağın olsun? Təəssüf hissi keçirmirsən? Hər kəsi görüb, lakin səni görə bilməmək çox çətindir. Bu mənim naqis qəlbimdir ki, deyir: “sənə aşiqəm, sənsiz qala bilmirəm.” Amma illərdir sənsiz keçən anlar üçün heç də narahat deyiləm. Zalımların tüğyan etdiyi bir zamanda, günahsız yerə axıdılan qanları gördükdə sən də əməllərin üçün peşman deyilsənsə nə üzlə Ağanı gözləyirsən? Düşmən müxtəlif-müxtəlif yollarla bu məhəbbəti bizim qəlbimizdən çıxarmaq istəyir. Məhz saxta mehdiçilik və son zamanlarda qismən də olsa aktiv olan yəmanilik və.s kimi düşmənin hazırladığı qurğular desək yanılmarıq, bu yolla qəlbimizdən bu məhəbbəti silmək istəyirlər. Çünki düşmən layiqincə fərəcin intizarını çəkənlərin nə gücə malik olduğunu bilir. Düşmən bilir ki, həqiqi intizarçılar şəhadət aşiqləridir. Hər an qəlbim səninlə deyilsə, hər an səni gözləmirəmsə, nəyin iddiasında olum? Hələ də ixtilafların arxasınca getməyimizin bizə nə faydası olacaq? İmam Sadiq (ə) buyurur: “Əməllərin ən üstünü zühuru gözləməkdir.” Ağa, biz bu üstün əməli unutmuşuq. Biz səni layiqincə tanımasaq da, mütləq sənə qəlbən, əməllə bağlı olanlar vardır. Bir gün gələcəksən, bu mütləqdir. Amma mən o günü görməməkdən qorxuram. İndiki zaman zühur əsri zamanıdır. Bu günə qədər baş verən prosesler, hədislərdə zühur ilə bağlı olan hadisələrin birə-bir eynisi olmasa da bənzər hadisələrin  baş verdiyinin şahidiyik. Bu gün bizim mövqeyimiz nədir? İraqda, Suriyada, Fələstində və digər müsəlman ölkələrində yaşananlardan lazımi dərsləri ala bilmişik? Sən bu hadisələrdə susmaqla, danışmaqla, yazı yazmaqla özünə lazımi nəticəni çıxarda bilmisən?

Baş verən, insani olmayan davranışlar, dezinfarmasiyaya məruz qalmış xəbərlər bizi həqiqəti görməkdən uzaqlaşdırmamalıdır. Absurd fikirlər bizi şübhəyə salmamalıdır. Bizim mövqeyimizdən asılı olmayaraq, İmam Zaman ağa (ə.f) zühur edəcəkdir. Bu Allahın vədəsidir! Peyğəmbərin (s) verdiyi xəbərdir!
Salam olsun qəlblərin sevinəcəyi cümə gününə! Salam olsun İmam Hüseynin (ə) intiqamını alacağın günə! Salam olsun dünyada ədaləti bərqərar edəcəyin günə!

Allah, İmam Zaman ağanın (ə.f) zühurunu təcil et! Günlərimizi, dəqiqələrimizi İmam Zaman (ə.f) üçün xərcləməyi bizə nəsib et!
Uca və Əzəmətli Allahdan başqa güc və qüvvə yoxdur!

Nurlan Qurbanzadə

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button