ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Entoni Blinken: “Yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”

Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri Vaşinqton görüşü barədə açıqlama yayıb

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 günlük danışıqlarının yekunu barədə açıqlama verib.
Dövlət katibi bildirib ki, inkişaf var, lakin qarşıda xeyli çətin işlər gözləyir.
E.Blinkenin sözlərinə görə, görüşlər səmimi və açıq şəkildə keçib:
“Hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”.
Bu barədə məlumat yayan “Turan” E.Blinkenin nazirlərlə yenidən görüşdüyünü qeyd edib. Bildirilir ki, dövlət katibi nazirlərlə həm ayrılıqda, həm də hər ikisilə birlikdə görüşüb.
Diplomat həmçinin Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edib:
“Mən sülh sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanmasını, eləcə də qalan məsələlər üzrə tərəflərin mövqelərinin anlaşılmasını, ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”.
“Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -Blinken deyib.
Vaşinqton görüşü. Foto: XİN
Görüşün sonunda Ceyhun Bayramov və Ararat Mirzoyan çıxış etməyiblər.
3 günlük danışıqlar barədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri də açıqlama yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə əlavə tərəqqiyə nail olunduğunu bildiririb.
Nazirlik saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edildiyini və sənəd üzrə qarşılıqlı anlaşmaya doğru addım atıldığını əlavə edib:
“Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd olunub”.
Nazirlik həmçinin 27-29 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdüklərini bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də bildirib ki, tərəflər Saziş layihəsi üzrə daha bir neçə maddə və qarşılıqlı anlaşma üzrə irəliləyişlə bağlı razılıq əldə ediblər:
“Eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin daha çox iş tələb etdiyini bildiriblər”.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button