ArxivXəbər lentiXəbərlər

Elçin Qasımovun məhkəməsi keçirildi – Vəkildən açıqlama

Tale Bağırzadənin müavininin etirazı qəbul edilməyib. Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr tarixli qərarı qüvvədə qalıb.

Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımovun həbsdə saxlanma müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsi qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrlik etdiyi proses qapalı keçirilib.

İlahiyyatçının vəkili Fariz Namazlı məhkəmədə olub-bitənlər barədə AzadlıqRadiosu-na məlumat verib. Vəkil prosesə Elçin Qasımovun da qatıldığını bildirib. İlahiyyatçı həbsdə saxlanma müddətinin uzadılmasına, ümumiyyətlə, ona verilən ittihamlara etirazını dilə gətirib.

Qısa müşavirədən sonra hakimlər kollegiyası şikayətin təmin olunmadığını və Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr tarixli qərarının qüvvədə qaldığını açıqlayıb.

“Elçin Qasımovun bir az ağrıları olsa da, ümumilikdə, vəziyyəti pis deyil. Prokurorluq onun həbsdə saxlanmasını ibtidai istintaqın artıq sona çatması, cinayət işi materialları ilə tanışlığın başlanması və digər istintaq hərəkətləri aparmaq zərurəti ilə əlaqələndirib. Elçin Qasımova ibtidai istintaqın yekunlaşdığı elan olunsa da, cinayət işinin materialları tanışlıq üçün ona təqdim olunmayıb”, – deyə Fariz Namazlı bildirib.

Elçin Qasımov ötən il noyabrın 5-də həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra onun haqqında cinayət işi başlanıb və ilkin istintaq dövrü üçün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan bir neçə dəfə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Elçin Qasımova Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək) maddələri ilə ittiham verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button