ArxivXəbər lentiXəbərlər

Elə rəqəmlər var, görəndə yer adamın ayaqlarının altından qaçır…

“Süni qiymət artımı” mövzusu gömrükdəki ciddi problemləri yenidən aktuallaşdırıb.
Dəqiq məlumatı və obyektiv mövqeyi olan media təmsilçilərinə və ekspertlərə tam aydındır ki, əgər qiymətlərin əsassız şişirdilməsi varsa, səbəbini idxal üzərində inhisarçılıqda axtarmaq lazımdı. Sadə bir sxemə baxın: şəhərin hər kvadrat kilometrinə azı 10-15 market, bəlkə elə o qədər də aptek düşür. Onların hamısının eyni vaxtda bütün qiymətləri öz aralarında, sonra isə qonşu rayonların ərazilərindəki oxşar obyektlərdə qiymət sövdələşməsinə getməsi fiziki olaraq mümkünsüzdü. Əksinə, hətta bir-birilə qonşu olan pərakəndə satış obyektləri daha ucuz satmağa çalışır ki, müştərilərin çoxunu özünə cəlb eləsinlər.
Lakin idxalla 1-2 deyil, onlarla şirkət məşğul olsa idi, bu şirkətlər pərakəndə satış məntəqələri uğrunda mübarizə aparar, pərakəndə satış məntəqələri isə ən ucuz və keyfiyyətli idxal məhsulu təklif edən idxalçı şirkətlərdən məhsul almağa can atardı. Amma reallıq budur ki, pərakəndə satış şəbəkəsinin seçim imkanı ən yaxşı halda 3-5 şirkət arasındadı.
Gömrüklə bağlı əldə etdiyim ən yeni məlumatlar da bazardakı qiymət artımlarının bilavasitə idxalatçılardan dolayı yarandığını söyləməyə əsas verir. 2014-cü ildə ölkəyə kartofun hər kiloqramı 5.1 qəpiyə idxal olunub. Bu daxili bazar qiymətlərindən 15-16 dəfə ucuzdu. Ev quşlarının ət və ət əlavələrinin hər kiloqramı 59 qəpiyə idxal olunub. Bu daxili bazar qiymətlərindən 5-6 dəfə ucuzdu. Kərə yağının hər kiloqramı 1.9 manata idxal olunub. Bu daxili bazar qiymətlərindən azı 3 dəfə ucuzdu.
Pərakəndə satış şəbəklərinin maksimum 25-30% qazanca işlədiyini hər kəs bilir. Deməli aradakı fərq idxalatçılarındı.
Başqa bir məsələ də var: bu idxalatçılar özlərinə lazım olanda idxalın hansısa hissəsini leqallaşdırmağa belə ehtiyac görmürlər. 2014-cü ildə Azərbaycana düyü idxalı 2013-cü illə müqayisədə birdən-birə 2.7 dəfə azalıb – 18 min tondan 6.6 min tona enib. Nəzərə alsaq ki, Azərbaycan düyü ehtiyaclarının ən yaxşı halda 10%-ni daxili istehsal hesabına ödəyir, deməli idxalın belə kəskin azalmasından şübhələnmək üçün ciddi əsaslar var. Bəlkə bu da pərakəndə ticarətçilərin möhtəkirliyinin nəticəsidi?
Rövşən Ağayev / iqtisadçı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button