Ekspertlər anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib. Komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o, hadisəni törədərkən anlaqsız vəziyyətdə olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Əhməd Əhmədovun hadisə vaxtı anlaqlı olub-olmadığını müəyyənləşdirmək üçün o, fevralın sonunda Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülmüşdü. Psixiatriya sahəsində mütəxəssislər onu müayinə edib, həm hadisə vaxtı, həm də hazırkı psixi durumuyla bağlı rəy verməliydi.
Məhkəmə-psixiatrik ekspertizasının rəyi aprelin 4-də məlum olub. Mütəxəssislərin rəyinə əsasən, o, anlaqsız vəziyyətdə olub.
Amma prokurorluq Əhməd Əhmədovun yenidən ekspertizadan keçirilməsinə qərar verib.
“Əhməd Əhmədovun cinayət törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü ildə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub. O, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Birinci ekspertiza zamanı o, fevralın sonunda Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülmüş, müayinələr başa çatandan sonra martın 22-də Bakı İstintaq Təcridxanasına qaytarılmışdı.
Onun psixiatriya xəstəxanasına köçürülməsi barədə hər iki qərarı prokurorun təqdimatı əsasında Xətai Rayon Məhkəməsi verib.
Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrlə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.
İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir.
Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.
Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı. Bu üzdən onun əvvəllər xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir.