Aktual

Dr. Möhsün Səmədov Milli Şuranı xalqa xidmət etmək şərti ilə dəstəkləyib

Azərbaycan Respublikası İslam Partiyasının həbsdə olan lideri Dr. Möhsün Səmədov Demokratik Qüvvələrin Milli Şurasının yaranması, onun ətrafında müxtəlif siyasi partiyaların, cərəyanların rəhbərlərinin yığılmasını xalqın tələbləri çərçivəsində hərəkət etdiyi şərti ilə  dəstəkləyib və eyni halda özünün də Prezident seçkisində namizədliyini vurğulayıb.

Dr. Möhsün Səmədov bəyanatını mediaya  açıqlayan  vəkil Anar Qasımlının verdiyi məlumata görə,  Dr. Möhsün Səmədovun bəyanatında bildirilir: “Seçki öncəsi dövrdə Milli Şura adlı qurumun yaranması, onun ətrafında müxtəlif siyasi partiyaların, cərəyanların rəhbərlərinin yığılması və vahid namizədlə təmsil olunması sevindirici haldır. Təəssüf ki, son 20 ildə belə birlik müşahidə olunmayıb.”

Dr. Möhsün Səmədov vurğulayıb : “Milli Şura nə vaxtadək Azərbaycan xalqının maraqlarına münasib nəzəri və praktik addımlar atacaqsa, biz onu dəstəkləyəcəyik. Azərbaycanda ilk yaranmış və qeydiyyatdan keçmiş və 20 il ərzində xalqımızın ictimai-siyasi səhnəsində müxtəlif mübarizələrdən alnıaçıq çıxmış, bu yolda zindanlarda əsir və şəhadət şərbətini içmiş siyasi partiya kimi Azərbaycan İslam Partiyasının bu hadisələrə münasibəti birmənalıdır.”

AİP lideri əlavə edib :”İslamın ölkəmizdəki ictimai-siyasi nüfuzundan və ədalət ruhiyyəsindən daim ehtiyatlanan qüvvələrə rəğmən bu gün xalqımız siyasi səhnədə də islami çevrələrin ardınca olmasını kifayət qədər nümayiş etdirib.”

 Dr. Möhsün Səmədov eyni halda bildirib : “Şəxsən mənim Milli Şurada təmsil olunmağım onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik. Hərçənd ki, xalqın xeyrinə atılan addımları, hər hansı qurum tərəfindən atılmış olsa da, xüsusən Milli Şura tərəfindən, dəstəkləməyimiz mümkündür və məqsədəmüvafiqdir.”

Dr. Möhsün Səmədov  əlavə edib : “Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir. Bu baxımdan mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik. Qarşıda ola biləcək məhdudiyyətlərin müqabilində yaranmış hadisələrdə öz ilahi vəzifəmizə uyğun olaraq addım atacağıq”.

 Dr. Möhsün Səmədov  2011-ci ilin yanvarından tənqidi çıxışına görə həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button