ArxivXəbər lentiXəbərlər

Deputatlar hakimiyyəti niyə tənqid edir? – İQTİDARDAXİLİ SAVAŞ, YOXSA…?

Sərdar Cəlaloğlu: “İcra başçıları Azərbaycan dövlətini talamaqla məşğuldur”

Mirmahmud Mirəlioğlu: “Heydər Əliyevin silahdaşlarını sıradan çıxarmaq istəyirlər”

Gültəkin Hacıbəyli: “Millət vəkilləri ölkədəki yarıtmaz idarəetmənin nəticəsi olan durumu etiraf etmək zorundadırlar”

Son günlər bəzi millət vəkillərinin parlamentdə çıxışları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. O cümlədən, deputat Siyavuş Novruzovun parlamentdə struktur islahatları məsələsinə toxunan zaman “icra hakimiyyətləri küçə süpürməklə məşğul olur” fikri də diqqət çəkir.
Görünür ki, Siyavuş Novruzovun stuktur islahatları ilə bağlı təkliflər etdiyi məqamda icra hakimiyyətlərinin gördüyü işləri “kiçiltməsi” elə onların fəaliyyətlərinə olan qiymətdir.
“Neçə ki, neft pulları gəlirdi, hökumətimiz “səxavətli” idi, amma neft gəlirləri azalanda hökumətimiz başladı xəsisləşməyə. Milyardlar talananda biz onları “görməmişik”, bu, bir yana, amma dövlət zəmanəti ilə verilən kreditlərin də talanmasını görməmişik. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər. Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik”.
Bu fikirlərin müəllifi millət vəkili Zahid Orucun isə təmsil olunduğu hakimiyyəti aşkar ifşa etməsi səbəbsiz deyil.
Millət vəkili Yevda Abramovun valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğunu və bunu maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bildirməsi də əsassız deyil: “Rüfət müəllim, Samir müəllim, Elman müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq yoxdur. Bununla biz xalqın belini qırırıq”.
Bu, həqiqət olsa da, son vaxtlar millət vəkilləri həqiqəti deməyə nədən ehtiyac duyurlar? Düşünmək olar ki, Yevda Abramovun yəhudi lobbisi kimi, böyük, güclü dayağı var. Ona görə, həqiqəti söyləməkdən çəkinmir, ədalətli bir millət vəkili kimi yaddaşlarda qalmaq istəyir. Bəs, Zahid Orucu milyardlarla vəsaitin talandığını məhz indi – illər sonra dilə gətirməsinə səbəb nədir? Görünür, millət vəkili ya vicdanı qarşısında hesabat verməyə başlayır, ya da elə bir yerdən əmr alıb ki, həqiqəti deməyə məcburdur. Siyasətdə maraqlar olduğu üçün isə vicdanın səsinin keçərli olmadığı bəllidir. O baxımdan, millət vəkilinin də icazəsiz çıxışı imkansızdır. Elə onun özü demişkən, bəs vaxtında hər şeyi niyə demirdilər? İndi nə dəyişib ki, həqiqəti aşkar deyir?!

“İqtidarın fəaliyyəti ilə bağlı tənqidi fikirlərin deyilməsi ən azı konyuktura üçün lazımdır”
Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu Hurriyyet.org-a bildirib ki, burada söhbət hakimiyyəti ifşa etməkdən getmir: “Burada yalançı müxalifətçilik yaratmaq cəhdindən söhbət gedir. Azərbaycan müxalifəti kifayət qədər hakimiyyət tərəfindən sıxışdırılıb. Demək olar ki, müxalifətin heç bir şəraiti yoxdur, müxalifətə qarşı qeyri-qanuni məhdudiyyətlər qoyulur, total blokadaya alınıb. Belə bir şəraitdə iqtidarın fəaliyyəti ilə bağlı tənqidi fkirlərin deyilməsi ən azı konyuktura üçün lazımdır. Ona görə də öz içlərindən özlərini tənqid edən adamlar var. Məsələn, Siyavuş Novruzov icra başçılarını küçə süpürməklə bağlı tənqid edib. Nə əcəb icra başçılarının korrupsiyası ilə bağlı bir dənə də fakt demir?”.
S. Cəlaloğlu dedi ki, Zahid Oruc da baş nazirin fəaliyyətini tənqid edib: “Nə üçün Azərbaycan nazirlərinin milyard dollarla dövlət büdcəsindən pul oğurladığını demir?”
“Yevda Abramov isə manatla dolların kursunun fərqinin yüksək olmasından danışır. Amma banklarn kimin olduğunu, kimlərin nəzarəti altında olduğunu və gecələr dolların kursunun yuxarı qaldırılması ilə kimlərin milyonlar qazanmasını demir”-deyə ADP sədri vurğuladı.

“Bu, yalançı bir müxalifətçilik, yalançı bir tənqiddir”

S. Cəlaoğlunun sözlərinə görə, bu millət vəkillərinin tənqid etdyi hədəflərin elə nəhəng cinayətlərı var ki, onların o cinayətlərinin müqabilində bu tənqidlər onlara tərifdir: “Buna görə də, bu yalançı bir müxalifətçilik, yalançı bir tənqiddir. Bu adamların əsl günahları tənqid olunmur. Tamamilə mənasız danşırlar. “Icra başçıları küçə süpürməklə məşğuldur” deməklə nə olur ki. Amma mən deyirəm ki, icra başçıları Azərbaycan dövlətini talamaqla məşğuldur. Rayonlarda rüşvət baş alıb gedir. Elə icra başçısı yoxdur ki, onun villasının qiyməti 20 milyon olmasın”.
“Şuşa kimi qaçqın rayonun icra başçısı 10 milyon dollar verib, villa aldı. Bunu Siyavuş niyə qaldırmadı ki, a bala, sən 10 milyon dollar pulu haradan almısan? Hələ bu qaçqın rayonun icra başçısıdır. Sənin ərazin də yoxdur ki, deyəsən rayonda bu işi görmüsən. Qaçqınlara verilən yardımları mənimsəyib. Hə, bunu desəydi, deyərdim tənqid edib. Yaxud Zahid Oruc baş naziri tənqid edib, görək, nəyini tənqid edib? Ayrı-ayrı nazirlərin milyadlarla pulu dövlət büdcəsindən oğurladığı hamıya məlumdur. Konkret Milli Təhlükəsizlik Nazirliyi bir, Rabitə Nazirliyi iki, bundan əvvəl Əli İnsanov, Fərhad Əliyev, bunlar hamısı baş nazirin bilavasitə fəaliyyəti ərzində rəhbərlik etdyi adamlardır. Bunların hamısı, adı çəkilməyən və digər istintaqa cəlb olunmayan nazirlər, o cümlədən Ziya Məmmədov dövət büdcəsindən milyardlarla dollar oğurlayıb”- dedi ADP sədri.
S. Cəlaloğlu sual etdi ki, milyardlarla pulun dövlət büdcəsindən talanmasına göz yuman bir baş nazirə demək ki, “sən, nə vaxt hakimiyyətdən gedəcəksən”, bu, əksinə ictmai rəyi azdırmaq, o adamlara tərifdir. Onların ağır cinayətlərini gizlətmək deməkdir”.
“Burada hakimiyyət daxili qrupların kompromat savaşından söhbət gedə bilməz. Siyavuş Novruzov hansı icra başçısının neçə milyon dollarlıq villasından, xaricdəki əmlakından, övladlarının qudurğanlığından, rüşvətindən danışdı? “İcra başçıları süpürgə süpürməkə məşğuldur” deməklə icra başçılarını ifşa edir? Və yaxud Yevda Abramov konkret olaraq hansı bankın manatın kursundakı yüksək fərqə görə neçə mlyon dollar qazandığını və o bankın kimin olmasını dedi? Demədi, axı. Zahid Oruc da onlar kimi baş nazirin vəzifədə olduğu müddətdə nazirlərin həyata keçirdikləri korrupsiya, dövlət büdcəsinin dağılması ilə bağlı hansı faktı dedi? Heç bir fakt demədi”,- deyə partiya sədri qeyd etdi.
S. Cəlaloğlunun fikrincə, bu millət vəkillərinin çıxışlarını hakimiyyətdaxili qruplar arasında mübarizə kimi düşünmək doğru deyil: “Sadəcə olaraq iqtidarı kimsə tənqid etməlidir. Müxalifət tənqid edəndə fakt deyir ki, sən bu cinayəti etmisən. Ona görə də müxalifəti susdururlar. Özləri özlərinə müxalifət yaradırlar. Bu müxalifətçilik isə bu cür olur. “İcra başçıları süpürgə süpürməklə məşğuldur” demək tənqid deyil, tərifdir və cinayəti ört-basdır etməkdir. Azərbaycan parlamentində müxalifət yoxdur. Müxalifət olmadığına görə müxalif fikir də ola bilməz”.
S. Cəlaloğlu onu da nəzərə çatdırdı ki, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvüdür: “Azərbaycan hökuməti formal da olsa,Yeni Azərbaycan Partiyasınını hökumətidir, sədri də İlham Əliyevdir. Ona görə də Nazirlər Kabinetinin bütün cinayətinə Yeni Azərbaycan Partiyası cavabdehlik daşıyır. Hökumətin etiraf etdyi təkcə Eldar Mahmudov işində milayardlarla dövlət əmlakının, vətəndaşların əmlakının ağır dövləti cinayətindən söhbət gedirsə, bunu tənqid etmək lazımdır? Onda hüquq mühafizə oranları nədən ötrü lazımdır, bəs?!”
“Milli Məclisdə Ziya Məmmədovu da təyin edən və müdafiə edən var idi”
KXCP-nin sədri Mirmahmud Mirəlioğlu bildirib ki, millət vəkilərinin təmsil olunduqları hakimiyyəti ifşa etməsi mərkəzdənqaçma bir məsələdir: “İkincisi isə bütün məsuliyyəti adı şəkilən adamların üstünə qoymaq, yəni Artur müəllimin, icra başçılarının üstünə qoymaq məqsədi daşıyır. Nəzərə almırlar ki, Artur kimdir ki?! 22 ildir Arturu saxlayanlar var. Həm səhhətinə görə istefa verir, bir müddətdən də sonra heç kəs soruşmur ki, sənin səhhətin bərpa olundu-olunmadı, gəlir, yenidən həmin posta oturur. Sadəcə məsuliyyəti ayrı-ayrı adamların üzərinə qoymaq istəyirlər”.
M. Mirəlioğlu dedi ki, bir azdan Nəqliyyat Nazirliyində işlər araşdırılmağa başlanacaq: “O zaman da bəlli olacaq ki, sən demə, bütün məsələlərin hamısında, yol nəqliyyat strukturu və s. Ziya Məmmədov təqsirkardır. Amma Ziya Məmmədovu da təyin edən və müdafiə edən var idi, xatırlayırsınızsa, parlamentdə necə müdafiə olunurdu. Axı, bu yolların açılışında da birbaşa dövlət başçısı özü iştirak edir. İndi yəqin bunun adını bu hörmətli insanlar “islahat” qoymaq istəyirlər ki, özlərinin hakmiyyəti haqqında danışırlar, həm də özlərini sığortalamaq istəyirlər. Bu tərəfdən də böyük ehtimalla yeni komanda gəlib deyə, Heydər Əliyevin silahdaşlarını, yəni qocaman insanları birbaşa sıradan çıxartmaq istəyirlər. Onlar da gah türkçülükdən, gah da azərbaycançılıqdan danışırlar. Həm də onların artıq qətlinə fərman verilib. Bu, onun göstəricisidir”.

“Gunahları yola salınanların üzərinə qoymaq istəyirlər”

“Bu təkcə savaş deyil, həm də bizi aldatmaqdır, imitasiyadır. Yəni həm savaşdır, həm də məqsəd problemlərdən diqqəti yayındırmaqdır. Azərbaycanın problemlərini həll etməyən hakimiyyət tam tərkibdə istefaya getməlidir. Bundan sığırotalanmaq istəyirlər. Çünki vitse-prezident təyin olunub və onun komandasını formalaşdırmaq planı var. Bəlkə də indi danışanlar axtarışdadırlar ki, həmin komanda özlərinə yer alsınlar. Ona görə də bu məsələlərin bir-birinə bilərəkdən qarışdırılması da var. Yəni klan davası, saray çəkişmələri var. Amma hamısının da bir məqsədi var. Bütün variantlarda hakimiyyəti uzun ömürlü etmək və gunahları yola salınanların üzərinə qoymaq istəyirlər. Heydər Əliyevin silahdaşlarını, yəni qocaman insanları birbaşa sıradan çıxartmaq istəyirlər”,- deyə KXCP sədri vurğuladı.
M. Miəlioğlu bildirdi ki, yaxın vaxtlarda keçmiş Nəqliyyat Nazirliyinin inzibati binası da söküləcək: “Ona görə ki, onun qarşısında “Yeni Həyat” yaşayış komleksinin tikililəri var, yaxşı görünmür. Lazım gələcəksə, körpünün yanındakı “Karvan” şadlıq sarayı da söküləcək. Həm də bunların adını islahat, şəhərsalma qoyacaqlar”.
“Heç bir şoka-terapiya da bu hakimiyyəti reanimasiyadan çıxara bilməyəcək”
M. Mirəlioğlu bildirdi ki, nə Zahid Oruc, nə də Siyavuş Novruzov özbaşına danışmır: “Bilirlər nə var, nə danışırlar, həm də komandada yer tutmaq istəyirlər. Müxalifəti də əvəzləmək istəyirlər ki, hətta özümüz özümüzü də tənqid edirik. Amma bununla da bu hakimiyyətin ömrünü uzatmaq mümkün deyil. Heç bir şoka-terapiya da bu hakimiyyəti reanimasiyadan çıxara bilməyəcək. Ona görə ki, bu tərəfdən bu məsələləri bilirik, o biri tərəfdən səhiyyəmizin günü, insanlarımızın vəziyyəti ortadadır. 4 ildir fəaliyyət göstərən Ürək Mərkəzinin yenidən açılışı olur. Bax, Azərbaycan reallığının ən bariz nümunələrindən biri budur”.

“Bu əfv sərəncamını geriyə doğru bir addım hesab edirəm”
Milli Şura üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli bildirdi ki, vəziyyət o qədər acıncaqlıdır ki, artıq heç nəyi gizlətmək mümkün deyil: “Hətta hakim partiyanı təmsil edən millət vəkilləri belə, nə qədər istəsələr də ölkədəki yarıtmaz idarəetmənin nəticəsi olan durumu etiraf etmək zorundadırlar. Axı, bu gün insanlara necə demək olar ki, insanların həyat şəraiti yaxşılaşır, banklar insanlara yüksək səviyyəli xidmətlə məşğuldurlar, manatın devalvasiyasi insanların rifah halına töhvə verir? Təbii ki, bu fikirlərlə çıxış edən millət vəkilləri dərhal ictimai fikrin qınaq obyektinə çevrilirlər. Heç də təsadüfi deyil ki, parlamentdə millət vəkillərinin ard-arda olaraq ictimaiyyətin qınaq obyekti olmasına şahid oluruq. Yəni millət vəkilləri hansısa bir yanlış, həqiqətə uyğun olmayan fikir, bəzi hallarda xalqı aşağılayan, təhqir edən fikirlər səsləndirən kimi, dərhal ictimaiyyət tərəfindən haqlı olaraq cəzalandırılırlar və çox sərt bir təpki görürlər. Görünür, millət vəkilləri bunları nəzərə alırlar. Həmçinin nəzərə alırlar ki, ölkədə artıq müəyyən dərəcədə ictimai fikir formalaşır və iqtisadi durum o qədər acınacaqlı, idarəetmə o qədər yarıtmaz və səriştəsizdir ki, manatın devalvasiyası nəticəsində insanların maddi vəziyyəti, rifah halı o qədər bərbad səviyyəyə düşüb ki, bunu artıq gizlətmək mümkün deyil. Ona görə də həqiqətin tam olmasa da, cüzi bir hissəsini etiraf etmək məcburiyyətindədirlər. Amma bu cüzi etiraflar belə, ölkədəki durumun nə dərəcədə acınacaqlı olduğunun subutudur”.
G. Hacıbəyli dedi ki, qruplar arasında savaş və yeni komandada yer almaq kimi fikirlərdə də müəyyən həqiqət payı ola bilər: “Amma bu ehtimalları o qədər yüksək qiymətləndirmirəm. Bir fakta nəzər yetirək. Məsələn, Azərbaycan hökuməti siyasi məhbus məsələsi ilə alver edirdi. Siyasi məhbus probleminin həlli istiqamətində sadəcə imitasiya xarakterli addımlar atırdı və əfv sərəncamları ilə azad edilən siyasi məhbuslardan daha çox, siyasi fəal həbs edilirdi. Bununla da sanki bir balans yaradılırdı. Eyni zamanda beynəlxalq təşkilatlarla alver üçün bir baza formlaşdırılırdı”.

“Bu günə qədər olan əfv sərəncamları ilə müqayisədə ən bərbad əfv sərəncamını gördük”

Keçmiş millət vəkilinin fikrincə, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsindən sonra cəmiyyətdə belə bir fikir formlaşdı ki, bu əfv sərəncamı doğrudan da tutarlı bir sərəncam olacaq: “Hakimiyyət düşərgəsinin hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər belə bir fikir səsləndirirdilər ki, bu əfv tamamilə fərqli olacaq, siyasi məhbusların əksəriyyətinə şamil olunacaq.
Eyni zamanda səsləndirirdilər ki, bu günə qədər vəziyyətin bu qədər ağırlaşması məhz köhnə qvardiyaya aid oan, müəyyən klan mənsubiyəti olan qaragürühçü qüvvələr tərəfindən əngəllənib. Viste- prezidentin təyinatında sonra insan huquqları və demokratiya istiqamətində addımlar atılacaq, ölkədə humanizm siyasəti vüsət alacaq. Açığını deyim ki, məndə də az da olsa, ümidlər yaranmışdı. Amma biz bunun nəticəsində nə gördük?! Bu günə qədər olan əfv sərəncamları ilə müqayisədə ən bərbad əfv sərəncamını gördük. Heç vaxt Azərbaycanda bir əfv sərəncamı ilə bu qədər ağır cinayətkar, hansı ki, həbsdə yatmalı olan adam öldürənlər, dələduzlar, qatı cinayətkarlar əfv edilməmişdi. Eyni zamanda heç zaman siyasi məhbuslar əfv sərəncamında bu qədər zəif şəkildə əhatə olunmamışdı. Bu baxımdan, bu əfv sərəncamını geriyə dorğu bir addım hesab edirəm. Bu baxımdan, burada klanlararsı mübarizə ehtimalını da yüksək qiymətləndirmirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button