ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Daha iki zabitə rüşvət ittihamı verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir şöbəsində araşdırma aparılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində həbslər həyata keçirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Xəzər rayon şöbəsində araşdırmalar elə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında başlayıb. Araşdırmalar Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılıb.
“Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabit Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində rüşvət almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.
Savalan Rəsulov və Fərid İsmayılova qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma),  311.3.2 (təkrat rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə ittiham irəli sürülüb. Məhkəmənin qərarıyla istintaq dövrü üçün onların barələrində həbs qətimkan tədbiri seçilib.
İyulun 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Laçın və Cəlilabad rayon şöbələrində keçirdikləri əməliyyatlar nəticəsində hər iki şöbədə müfəttişlər Ramil Həsənov və Rəşad Rəşidli saxlanılıb.
Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsilə ittiham irəli sürülüb.
Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti.
“Rəşad Rəşidli və Ramil Həsənovun işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək, vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq müxtəlif məbləğlərdə pul  almalarına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun rəsmi məlumatı belədir.
Lakin onlar həbs edilməyib. İstintaq dövrü üçün onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində də əməliyyat keçirilib. Həmin əməliyyat nəticəsində isə Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev həbs olunub.
Rahim Ağayevə qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları çəkilən şəxslərin özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button