Qadin və hicab

Çözülməyən problem – Hicab (Köşə yazısı)

Yeni dərs ilinin başlamasına az qalır. Yenə 1-ci siniflər valideynlərinin əlindən tutaraq, məktəbə gedəcək, həyəcanlı və maraqlı məktəb həyatına qədəm qoyacaq. Məktəbin insan həyatında rolu danılmazdır, adətən məktəb h‎əyatına ikinci ailə deyilir. Məktəbin əsas funksiyası isə odur ki, ora gələn şagirdlərə təhsil versin, onları yararlı bir vətəndaş kimi yetişdirib, cəmiyyətə təhvil versin. Bu, istisnasız bütün dünyada eynidir. Məktəb həyatının əsas qayda-qanunlarından biri də məktəbdə bərabər və eynihüquqlu təhsil şəraiti yaratmaq, şagirdlərin inanclarına hörmət etməkdir. Bu qayda-qanuna riayət edilmədikdə isə məktəbə, tam mənada məktəb demək olmur.Çünki, bu qayda-qanunlara riayət olunmadıqda, məktəb ikinci ailə ola bilmir, cəmiyyətə layiqli vətəndaş yetişdirmir.Azərbaycanda da neçə ildir ki, məktəblərdə insan haqları kobud surətdə pozulur. Qanunsuz “Hicab qadağası” bunun bariz sübutudur. Hicab, yəni bir dinin vacibatı. Bu vacibata qadağa qoymaq isə əslində məktəblərdə dini ayrı-seçkilik salınması deməkdir. Uşaqların dini hüquqlarının olması isə istər Azərbaycanın da qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında, istərsə də Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuşdur. Belə ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın 14-cü maddəsində qeyd edilir ki:

1. İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər.

2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın hüququnun həyata keçirilməsində uşağa onun inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla rəhbərlik etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.

Buradan da görünür ki, məktəbdə uşaqlara hicabın qadağan edilməsi nəinki din azadlığı ilə uyğunluq təşkil etmir, hətta onların din azadlığına birbaşa müdaxilədir. Əgər, kimsə iddia etsə ki, hicab bağlamaq valideynləri tərəfindən uşaqlara məcbur edilir yalan demiş olar. Çünki sorğuların da göstərdiyinə görə, Azərbaycanda belə halların sayı minumumdur, əksinə bir çox valideynlər bu qadağaya görə hicab bağlamaq istəyən övladına mane olur. Bu maddənin 2-ci bəndində isə göstərilir ki, valideynin uşağa rəhbərlik etmək hüququ var. Təbii ki, 6-7 yaşlı uşaq (əksər vaxt) məktəbə getməyin vacibliyi kimi, hicabın da vacibliyini dərk etməkdə acizdir. Burada valideynin öhdəsinə düşən uşağı bu yöndə maarifləndirməkdir. Həmçinin uşaqlar müəyyən yaşa çatandan sonra məktəbə getməyə məcbur edildiyi kimi, hicab bağlamağa da məcbur edilə bilər. Əgər, icbari təhsil doğrudursa, onda valideynin uşağı hicaba məcbur etməsi də qəbul edilməlidir. Çünki, iki halda da söhbət məcburiyyətdən gedir. Digər yandan, uşağın dininə hörmət etmək, bu qanunun bir maddəsidirsə, onda bu qadağanı qoyanlar yaxşı bilməlidirlər ki, İslamın təliminə əsasən, uşağın elm öyrənməsi kimi, dinin qayda-qanunlarına da riayət etməsi vacibdir. Hicab da, dinin əqidəsinə əsaslanan bir vacibatdır. Bir halda ki, bütün statistikalar və sorğular da göstərir ki, hicab elm öyrənməyə mane olmur, o zaman görünür ki, şagirdlərin hicab bağlamasına qadağa qoyulması tam məntiqsiz və ədalətsiz bir addımdır. İndi isə, gəlin bu barədə olan Azərbaycan qanunlarına nəzər salaq. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində yazılır ki, “Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.” Bir şagirdin öz inancını yaşamasına görə, məktəbə buraxılmamasını ayrı-seçkilikdən başqa necə adlandırmaq mümkündür? Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndində qeyd edilib ki, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.” Məgər hicaba görə bir şagirdin, təhsil hüququndan məhrum edilməsi, konstitusiyanın açıq-aşkar pozulması demək deyilmi?

Xatırlayırsınızsa, bir müddət öncə, Fransada məktəblərə hicabla gəlinməsinə qadağa qoyulmuşdu. Özü də Fransa məktəblərindəki bu qadağa “ibtidai və orta məktəblərdə bütün dini atributların qadağan edilməsi” adı altında aparılırdı. Təbii ki, bu qadağanın məqsədi Fransada sürətlə artan müsəlman əhalinin təhsil almasına mane olmaq, onları cəmiyyətdən təcrid etmək idi. Lakin, Fransa hökuməti müsəlman əhalinin hiddətinə səbəb olan bu qadağadan çıxış yolu kimi müsəlman məktəblərinin açılmasını və “məsafədən təhsil” imkanlarını müəyyən qədər saxladı. Bu Qərb cəmiyyətində müsəlmanlara qarşı ilk ayrı-seçkilik deyildi. Bundan əvvəl də, istər Fransa istərsə də digər Qərb ölkələrində müsəlmanlara qarşı təzyiqlər edilmişdi. Amma bütün bu neqativ hallar əhalisinin əksəriyyəti müsəlman olmayan Qərb dünyasında baş vermişdi. Və hər nə qədər belə hallar baş versə də, çıxış yolu var idi. İnsanı düşündürən isə əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə belə bir addımın atılmasıdır. Özü də Azərbaycanda bu qadağa dövlət səviyyəsində heç bir qanun və sərəncamda yoxdur. Məktəblərə hicabla gəlinməsi təhsil nazirinin şifahi şəkildə əmrindən sonra qadağan edildi. Təhsil nazirinin bu əmri isə Azərbaycanın qoşulduğu beynəlxaq Konvensiyaların və Azərbaycan Respublikası qanunlarına ziddir. Belə bir qanunsuz qadağanın qoyulmasına baxmayaraq, hicablı şagirdlərin təhsil alması üçün heç bir altenativ variant da təklif edilmədi. Belə demək mümkünsə, hicablı şagirdlər iki seçim qarşısında qaldı: ya din, ya da məktəb. Buradan belə bir sual ortaya çıxır, inanclarına görə yaşayan insanların təhsildən məhrum edilməsinin səbəbi nədir? Biz o qədərmi dinimizdən uzaq düşmüşük ki, Qərb ölkələrindəki kimi burada da İslama hörmət edilmir?!

Və ya əgər məktəblərdə qız uşaqlarının hicabla təhsil alması düzgün deyilsə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın 2007-ci ildə Pakistanda açdırdığı və onun adına olan məktəbdə niyə qız uşaqlarının hicabla gəlməsi qadağan edilməyib?!¹ Maraqlansaz görərsiniz ki, bu məktəbdə qızların vahid məktəbli forması göy paltar və ağ baş örtüyüdür. Yəni hicab da, vahid məktəbli formasının bir parçası ola bilər. Əgər başörtüyü vahid məktəbli formasının tərkib hissəsi kimi, Heydər Əliyev Fondunun Pakistanda tikdirdiyi məktəbdə tətbiq oluna bilirsə, Azərbaycanda da tətbiq oluna bilər. Əgər Pakistandakı müsəlmanların inanclarına hörmət edilirsə, niyə Azərbaycandakı müsəlmanların inanclarına hörmət edilməsin?! Hicabın məktəblərdə keçmiş Təhsil Nazirinin iddia etdiyi kimi, vahid məktəbli formasına görə qadağan edilməsi isə tamamilə boş və əsassız bir fikirdir.

Buradan belə başa düşmək olar ki, hicabın qadağan edilməsində, hansısa 3-cü qüvvənin rolu var və Azərbaycanda dinin, bununla əlaqədar olaraq da hicablı xanımların sayının artması kimlərisə narahat edir. Əks halda, bu qadağa 70 il ateist bir imperyanın tərkibində yaşayan, yenicə öz din azadlığını əldə etmiş bir dövlətdə tətbiq edilməzdi. Əllərində, insan hüquqlarını bayraq tutan, yetkinlik yaşına çatmayan qızların hicab bağlamasını yolverilməz sayan dairələr, hicaba görə insan hüquqlarını məhdudlaşdırmağa rəvac verir. Bunu tək təhsil sahəsində deyil, bir çox sahələrdə görmək mümkündür. Hicablı xanımların işə qəbul edilməməsi, dövlət işlərinin əksəriyyətində hicablı xanımların fəaliyyətinə maneə olması bunları deməyə əsas verir. Hətta aldığım məlumata görə, elə telekanallar var ki, orada hicabla efirə çıxmağa icazə verilmir. Bütün bunlar onu göstərir ki, tolerantlığı ilə fəxr etdiyimiz Azərbaycanda, bütün dinlərə qarşı tolerantlıq var, yalnız əhalisinin 90%-nin mənsub olduğu İslam dinindən başqa. Çox təəssüfləndirici hallardan biri də budur ki, daima qadın hüquqlarını müdafiə edən təşkilat və qurumlar nədənsə bu məsələdə səssiz qalır. Olmaya hicablarına görə təhsildən məhrum olan şagirdlər qadın deyil?! Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib: “Hicab məsələsində bizim hakimiyyət nə etdiyini bilir, məsələni Konstitusiya ilə müvafiq qanunlarla tənzimləyir. İndi İranın özündə hicab taxan çox azdır. Televizora baxanda da görünür ki, qadınların çoxu hicab taxmır, yalnız məcburi olaraq başlarına şal bağlayırlar ki, onda da saçlarının uc tərəfi görünür”² Bu yerdə, qadın hüquqları müdafiəçisinə bir neçə sual vermək istəyirəm. Bizim hakimiyyət nə etdiyini bilir deyəndə, nəyi nəzərdə tutursuz? Məgər hakimiyyət bilmir ki, Azərbaycan əhalisinin 90%-i müsəlmandır?! Belə bir ölkədə müsəlmanların hüquqlarını məhdudlaşdırmaq nə dərəcədə məntiqlidir? Hakimiyyət bunun xalqla dövlət arasındakı munasibətlərinə vurcağı ziyanı nəzərə almayıbmı? Sizcə bu qanunsuz qadağaya görə insanlar inanclarından əl çəkməlidir? Siz deyirsiniz ki, hakimiyyət məsələni konstitusiya ilə müvafiq qanunlarla tənzimləyir. Çox yaxşı. Əgər belədirsə, hicabla bağlı konstitusiyada və ya hansısa rəsmi qanunda qadağa göstərə bilərsinizmi? Təbii ki, göstərə bilməyəcəksiniz. Çünki, belə bir qadağa yoxdur. Bu yalnız şifahi bir əmrdən sonra tətbiq edilib. Bunu bir hüquq müdafiəçisi olaraq yaxşı bilməlisiniz. Qaldı ki, İran məsələsinə, məgər Azərbaycana din İrandan gəlib və ya azərbaycanlılar İrana görə öz dinlərini yaşayır. Azərbaycanda İslam dini 7-ci əsrdən etibarən mövcuddur. Və xalqımız daima öz dininə, mədəniyyətinə sadiq bir xalq olmuşdur. Xalq sadəcə öz haqqını tələb edir.

Mənim hörmətli xanımın fikrinə toxunmağım bəlkə də, indi mənasız görsənə bilər. Çünki, bu xanım bunları 3il bundan qabaq demişdi. Bu sözlərə yenidən qayıtmağımın səbəbi hicab probleminin hələ də aktual olması və öz həllini tapmamasıdır. Hələ də, yüzlərlə şagird hicab qadağasına görə, məktəbə gedə bilmir. Və çox təəsüflər olsun ki, hələ də cəmiyyətimizdə bu cür düşünən insanlar var. Onlara isə sözüm budur ki, hansı mövqedə olursunuzsa, olun ədaləti gözləyin. Ədaləti olmayanın, vicdanı da olmaz.

http://xebername.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button