Aktual

Saxta dərmanları azərbaycanlı xəstələrə yedirən “qara əllər”

Heç, kim dana bilməz ki, Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Elə bu səbəbdən də həmin dərmanlar heç bir dərdə dava olmur. Xəstəlik üzündən apteklərə üz tutan xəstələr dərman alıb, bir müddət qəbul etsələr də, heç bir faydasını görmürlər. Halbuki, qabaqlar dərman preparatlarının bir neçəsindən istifadə edəndən sonra hər hansı xəstənin səhhətində yaxşılığa doğru irəliləyiş hiss olunurdu. İndi bəzən hər hansı dərmandan 10-nu qəbul etsən belə, yaxud da 10 iynə vurdursan, bunun xeyrini görə bilmirsən. Hiss edirsən ki, xəstəliyin tam sağalmayıb və onun fəsadları hələ də qalır.
Keyfiyyətsiz dərmanların ölkəyə gizli yolla yox, elə aşkar şəkildə daxil olduğu bildirilir. Məlumata görə, xaricdən ölkəyə dərman preparatları sifariş edən bəzi firmalar istehsalçı şirkətlə anlaşaraq, bir flakon dərmanın tərkibində olan vacib elementi bir neçə flakona qatmaqla dərmanın təsir keyfiyyətini “öldürür”. Xəstəliyin sağalması üçün gərəkli olan maddənin dozası azaldıqca keyfiyyət də aşağı düşür. Belə olan halda qəbul edilən dərman da öz effektivliyini itirir. Keyfiyyətsiz dərmanlarla bağlı bir çoxları həyəcan təbili çalır.
Son vaxtlar Səhiyyə Nazirliyi ölkə apteklərində keyfiyyətsiz dərmanların satılması ilə bağlı yoxlamalar aparıb. Nazirliyin Dərman vasitələrinin analitik ekspertizasi mərkəzinin dərmanlarin keyfiyyətinə nəzarət şöbəsi 2013-cü ilin birinci rübü ərzində əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə reydlər keçirib. Bu reydlərdə ümumilikdə 68 aptekdə yoxlama aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan bir aptek aşkarlanıb. Həmin aptekin fəaliyyəti dayandırılıb.
Keçirilən reydlər nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
Faktlardan göründüyü kimi, bir neçə reyddə respublika ərazisində fəaliyyət göstərən apteklərdə bu qədər nöqsanlar üzə çıxıb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, dünyada saxta dərman dövriyyəsi 20-60 faizdir: “Bu rəqəm digər ölkələrə baxanda Azərbaycanda faciəvi həddə olmasa da, 30 faizdir. Təbii ki, bu faiz az deyil və düşünməyinə dəyər. Əgər əvvəllər dərmanlar ölkəmizə müxtəlif firmalar tərəfindən gətirilirdisə, indi bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir”.
E. Hüseynov deyir ki, dünyada saxta dərmanları ifşa etmək mexanizmi yoxdur. “Gömrükdən minlərlə konteyner dərman keçirilir. Saxta dərman istehsalçısı bu dərmanların tərkibinə minlərlə komponentdən birini vurmur və məhz həmin qutuda olan dərmanların konteynerin hansı tərəfinə qoyulduğu bilinmir. Beləliklə, keyfiyyətli dərmanla birgə ölkəyə keyfiyyətsiz məhsullar də daxil olur. Səhiyyə Nazirliyi bu sahədə ciddi iş aparır, amma saxta dərmanları aşkarlamaq o qədər də asan məsələ deyil. Hətta dünyaya dərman xammalının böyük hissəsini verən Hindistanda belə saxta dərmanlar var. Ölkəmizə isə dərman vasitələri daha çox Hindistandan idxal olunur. Saxta dərmanların ikinci dəfə saxtalaşdırılması isə artıq ölkədə baş verir. İkinci dəfə dərmanın tərkibində olan təsiredici maddələrin azalması isə sonradan heç bir effekt vermir”.
Birlik sədrinin sözlərinə görə, saxta dərmanların Azərbaycan bazarında yayılmasının əsas səbəbkarları yerli biznes qurumlarıdır.
”Biznesmenlərin dərman gətirdikləri ölkələrdə məhsulların orijinal variantları da var. Amma daha çox pul qazanmaq üçün saxta dərmanları ucuz alıb baha qiymətə Azərbaycan istehlakçısına satırlar. Həkimlər də biznes qurumlarının təsiri altındadır”.
AİB rəhbəri dedi ki, hazırda dünyanın əksər ölkələri keyfiyyətsiz dərmanlardan əziyyət çəkir. Onun sözlərinə görə, indi dünyada keyfiyyətsiz dərmandan milyonlar qazanan “qara əllər” var: “Onlar hara girmək mümkündürsə, oraya yol tapır və müxtəlif vasitələrlə dərman satışına nail olurlar. Keyfiyyətsiz dərman satanların digərlərindən fərqi ondadır ki, onları satan şəxsə satış müqabilində daha çox “haqq” verirlər. Bu isə asan gəlir əldə etmək istəyənləri şirnikləndirir”.
Eyyub Hüseynovun sözlərinə görə, əgər əvvəllər dərmanlar ölkəmizə müxtəlif firmalar tərəfindən gətirilirdisə, indi bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Professor Adil Qeybulla isə deyir ki, dərman maddələrinin keyfiyyət parametrlərinə nəzarəti həyata keçirmək üçün çox peşəkar laboratoriyalara ehtiyac var. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin nəzdində ekspert laboratoriyaları olsa da, həmin laboratoriyaların dərmanların keyfiyyətinin hansı səviyyədə yoxladığını demək çətindir.
“İş burasındadır ki, dərmanların tərkibində əsas maddə-təsiredici komponent olur. Həmin komponent adekvat dozada və tam rafinasiya şəklində olmalıdır ki, xəstəyə təsir etsin. Dərman maddəsi keyfiyyətsizdirsə, deməli onun tərkibində təsiredici maddə miqdardan az və ya demək olar ki, yoxdur. Odur ki, bu gün qəbul olunan dərmanlar da keyfiyyətsizdir”.
Professor hesab edir ki, vaxtı keçmiş dərmanların istismar müddəti dəyişdirilərək yenidən satılır. “Dərman əlavəsi onlara rəng, struktur vermək üçündür. Amma onun tərkibində olan təsiredici maddə adekvat dozada olmalıdır. Əgər bu belə deyilsə təbii ki, həmin dərman özünün keyfiyyətsiz olduğunu göstərəcək. Dərmanın saxlanma şəraiti və saxlama müddəti keçdikdə də keyfiyyətini itirir. Çox vaxt vaxtı bitmiş dərmanların vaxtı dəyişdirilərək satışa verilir. Təbii ki, bu da sonda ya zəhərlənməyə, ya da keyfiyyətsiz nəticələrə gətirib çıxarır”.

azadxeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button