İnsan üçün ən dəyərli nemət onun canıdır. Can, həyat imtahanlarının ən çətini, mücadilə aparıb paklaşdırılması yolunda sönsuz ağır mərhələdir.
Elə buna görədir ki, canı ilə mübarizədə şəhadətə yüksələnlərə Allah cənnət müjdəsi verməklə bu işin dəyərinin aliliyinə diqqət yönəltmişdir. Bu dəyərli nemətin toxunulmaz, qorunaraq dəyərləndirilməsi aktuallığı, zamanınca qanunların qəbulu ilə təzahür edərək bu gün ən təbii hüqqların qorunma müddəası olaraq dünyada tanınır. Aksiomadır ki, can, onu sahibinə mövcudluq bəxş edən bu dəyərli nemət qorunmazsa bəşəriyyətin varlıq məfhumunu bütünlüklə sual altına alır.
Bunlar ona görə sadalanır ki, canın əhəmiyyəti bir daha çılqaplığı ilə müşahidə olunsun. Təəssüflə yaşadığımız ölkəmizdə dəyəri heçə alınan bu nemət Azərbaycan vətəndaşının əlində olan və öz haqq səsini çatdırmağa çalışan son vasitəyə çevrilib.
Günümüzdə aclıq aksiyasi kimi az qala ardıcıllığa çevrilən pozulan hüquqlara etiraz mexanizmi insan üçün ən dəyərli neməti, canı bahasına haqqının bərpası vasitəsi olub. Səbəb isə ölkədə bütün qanunların işlək mexanizmini itirməsi ilə haqqı pozulan vətəndaşın son vasitəyə, canını ölüm məngənəsinə qoymaqla öz haqq səsini eşitdirməsidir. Aclıq edərək varlığını ölümün çənginə atan yüzlərin, minlərin naləsi bu gün Azərbaycanın ölü hüquq sisteminə qarşı fəryadı özündə əks etdirir.
Sizlərin məşhur simaların aclıq çağırışları fonunda neçə yüzlərcə sıravilərın aclıqla haqsızlığa “YOX” demələri çökən, parçalanmış hüquqi reallıqda son çıxış yoludur. Tofiq Yaqublular, Tale Bağırzadələr, Əli Əliyevlər, Mehman Hüseynovlar, Abbas Hüseynlər, Əfqan Muxtarlılar, Saleh Rüstəmovlar daha kimlər, kimlər. Aclıq edən bu şəxslərin aclıq səbəbi qanunsuzluq mühitində mümkün özbaşnalıqlara öz canını ölümün pəncəsinə qoymaqla etirazıdır. Rejimin məngənə maşını isə canı ilə fəryada qalxanların, qanuna, məhkəməyə inamını itirib sifarişli mühit yaradanlara etiraz edən bu şəxsllərin həbs və işgəncə amilini davam etdirməkdədir.
Bu günlər məntiqsiz ittihamlarla həbsə atılan, həqiqətdə azad səsin boğulmasına hesablanan Bəxtiyar Hacıyevin həbsi və buna canı ilə, etiraz göstərən növbəti aclıq aksiyası Azərbaycan hüququnun aydın təzahürüdür. Qanunsuzluq Bəxtiyar Hacıyevi bu yolda mübarizəyə canı ilə qalxan bir çoxlarının mübarizə meydanına birlik və bərabəlik addımının davamıdır. Bütün bu etirazlar, yanan canlar kiçik qığılcımlardan böyük atəşlərə, böyük atəşlərdən parlaq məşərlərə çevrilərək yandıracağı canları hər aclıq addımı ilə bir az da özünə tərəf çəkir. Canların yanında olaq ki, canımız cansızlar içində yanmasın.
Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi