ArxivXəbər lentiXəbərlər

Cəmil Həsənli siyasi məhbus problemindən yazdı

Milli Şuranın sədri Cəmil Həsənli ölkədə siyasi məhbus və insan hüquqlarının pozulması problemindən yazıb. Onun feysbuk səhifəsində yazdığını təqdim edirik.

Siyasi məhbuslarla bağlı məsələ öz kəskinliyi ilə qarşıda durur. Çoxlu namuslu, vicdanlı, cəmiyyətin inkişafına töhfə vermiş fədakar insanlar bir neçə ildir ki, heç bir hüquqi əsas olmadan həbs yerlərində saxlanılırlar. Bu gün Azərbaycan siyasi məhbusların, vicdan məhbuslarının, saxta ittihamlarla məhkum edilmiş mətbuat işçilərinin sayına görə avtoritar ölkələrə öncüllük edir. Ölkədə yüz nəfər ətrafında siyasi məhbus vardır. Lakin bunlar hamısı deyil. Əgər, 2013-cü ildə müəyyən edilmiş AŞPA kriteriyaları nəzərindən yanaşılsa ölkədə siyasi məhbusların sayı hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların razılaşdırdığı dairədən daha genişdir. Çünki hər addımbaşı Azərbaycan vətəndaşının haqqı pozulur.

Bu ölkədə nazir, yüksək vəzifəli məmur, rayonlarda icra başçıları istənilən vətəndaşı saxta ittihamlarla həbsə aldıra bilirlər. İnsanlar nə polisdə, nə prokurorluq orqanlarında, nə də məhkəmələrdə pozulmuş haqlarına hüquqi təminat ala, ədalətin bərpasına nail ola bilmirlər. Çünki bu orqanlar bir-birini tamamlayan şəbəkə formasında haqsızlıq zənciri yaradır, polisdə quraşdırılmış saxta ittihamlar prokurorun simasında dövlət ittihamçısı tərəfindən müdafiə edilir və hakim tərəfindən rəsmiləşdirilir.

Təəssüf ki, bu gün obyekt kimi işlədilən Azərbaycan məhkəmələri elə acınacaqlı duruma düşüb ki, hələ bir müddət ondan ədalət ummaq, haqqın bərpasını gözləmək əbəsdir. Bütövlükdə ölkənin hüquq müdafiə orqanları, ilk növbədə isə məhkəmələr öz müstəqilliyini itirərək avtoritar sistemin bir həlqəsinə çevrilib. MTN-nin rüsvayçı iflasından sonra hər kəs gözləyirdi ki, onun qanunsuz əməllərinin qurbanları bəraət alacaq, illərlə həbsdə saxlanılan Pərviz Həşimlidən üzr istəniləcək, N!DA-çı gənclərə oxunmuş qanunsuz hökmlər ləğv ediləcək, onlarla dindar vətəndaşımız öz haqqına qovuşacaq, Avropa insan haqları məhkəməsi tərəfindən 3 il əvvəl bəraət almış Əli İnsanov azadlığa buraxılacaq. Lakin bu baş vermədi. Ona görə hər kəsə aydın oldu ki, polisindən, prokurorundan, MTN-indən asılı olmayaraq bütün bu qanunsuz həbslər hakimiyyətin mahiyyətindən, onun başında dayananların avtoritar ixarakterindən irəli gəlir. Xədicə və Leyla xanıma qarşı törədilən qanunsuzluqlar, İntiqam Əliyev, İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli, Seymur Həzi, Rəsul Cəfərov, Hilal Məmmədov, Asif Yusifli, Rəşadət Axundov, Möhsün Səmədov, Abgül Süleymanov, Yadigar Sadıqlı, Fuad Qəhrəmanlı, Kərimli qardaşları, Məmməd İbrahim, Rauf Mirqədirov, Murad Ədilov, Elvin Abdullayev, Taleh Xasməmmədov, Əbdül, Ömər və digər namuslu vətədaşlara, istedadlı gənclərə qarşı irəli sürülmüş saxta narkotika ittihamları bu rejimin mahiyyətindən irəli gələr. Ötən ilin dekabrında Nardaranda keçirilmiş polis əməliyyatı və Hacı Tale Bağırzadə başda olmaqla onlarla dindar vətəndaşın qurama ittihamlarla həbs edilməsi siyasi məhbusların dairəsini daha da genişləndirdi.

İndi ölkədə və onun xaricində hər kəs Əliyev rejimindən islahatlar, həmin islahatların gedişində siyasi mülahizələrlə həbs edilmiş insanlara münasibətdə ədalətin bərpasını gözləyir. Lakin hələ ki, hakim rejimin atdığı bütün addımlar cəmiyyəti böhrandan xilas etməyə, ölkədə ədalətin bərpasına deyil, korrupsiya içərisində boğulan hakim komandanın xilasına yönəlibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button