ArxivXəbər lentiXəbərlər

“Bura gələn insanları birləşdirən ağrıdır” – Foto

Martın 26-ı “26 noyabr” koalisiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrə diqqət çəkmək məqsədini daşıyıb. “26 noyabr” koalisiyasının yaradılması təşəbbüsünü Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə irəli sürüb. İlahiyyatçı Nardaran hadisələrində həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi, onların ailələrinə diqqətin artırılması və Nardaranda baş verənlərin əsl mahiyyətinin işıqlandırılması məqsədi ilə koalisiya yaradılmasına çağırış etmişdi.

Tədbirdə ilk olaraq siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli çıxış edib. O, Nardaran hadisələri ilə bağlı statistik məlumatları açıqlayıb və hadisələr zamanı ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla anmağa çağırıb:

“Bu hadisələr “Ginnesin rekordlar kitabı”na düşüb. Birinci dəfədir ki, bir işdən ötrü 709 il 9 ay 15 gün həbs cəzası verilib. 6 nəfər həlak olub, 42 şəxs yaralanıb, yaralılardan bəziləri hələ də məhkəmələrə gətirilir”.

Belə tədbirlərin hər ay keçiriləcəyini bildirən Z.Əhmədli sözü MBH-nın fəalı Xaliq Siyabova verib. Xaliq Siyabov hərəkatın idarə heyətinin 11 aprel tarixində keçiriləcək prezident seçkisi ilə bağlı mövqeyini açıqlayıb:

“Tarixin müxtəlif zamanlarında istismara məruz qalan xalqımız uzun və keşməkeşli mübarizə yolu keçərək qanı və canı bahasına müstəqilliyini bərpa etməklə öz tarixi torpaqlarında haqqı olan dövlətini qurmağı bacarmışdır. İstər müstəqillik, istərsədə əsarət dövrlərində bu uca xalq islami məfkurənin işığında öz mənəvi dəyərlərini qorumuş, hər zaman ümumbəşəri prinsiplərə sadiq qalmış və daima haqq ədalət tərəfdarı olmuşdur. İnsanlarımızın ədalətpərvər olması, dövlətçiliyimizin qorunması və onun gələcək nəsillərə ötürülməsi yolunda olduqca mühümdür. Haqsızlığa qarşı mübarizə, zülmə qarşı dirəniş, azadlığımızın baqi olması yolunda çox zəruridir.
Əlbətdə təəssüflə qeyd edirik ki, hələdə ölkəmizdə ədalətli məhkəmə, şəffaf seçki sistemi mövcud deyildir. İllərdir ki, ədalətsiz məhkəmələrdən, saxta seçkilərdən, haqsız həbslərdən bu millət əziyyət çəkir. Sözsüz ki, bütün bunlar zülümlə barışmağımıza heç bir halda səbəb olmamalıdır.
İstənilən çətinliklərə baxmayaraq Allahın izniylə zalimlərin qarşısında, məzlumların yanında olmaq müqəddəs vəzifəmizdir.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq uca xalqımıza, haqqı qəsb olunmuş insanlara ümüd olmaq üçün varıq və hər zaman xalqın yanındayıq. Eyni zamanda növbədənkənar seçkilərin əvvəlkilər kimi formal xarakter daşıyacağını nəzərə alaraq, onu təşkilat olaraq baykod edir və xalqımızın haqq-ədalət ətrafında sıx birləşəcəyinə ümüd edirik!….”.

Daha sonra Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev çıxış edib. E. Quliyev çıxışında Ziyalılar Birliyi olaraq bu koalisiyaya qoşulduqlarını bildirib:

“Təşkilatlar var ki, ideya ətrafında birləşib, bəziləri konyektura ətrafında birləşib. Bura gələn insanları birləşdirən isə ağrıdır. Mən həbsxanada oldum və o hadisələrdə həbs edilən insanlardan bəzilərini gördüm. Onların hər biri bir işıqdır, işığın qarşısını isə almaq olmaz. Onların işığı bütün dünyaya bəs edər”.

Hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib ki, belə hadisələrin unudulmasına heç bir halda imkan vermək olmaz:

“Nardaranda baş vermiş hadisə Tale Bağırzadənin timsalında etirazçı bir toplumu məhv etməyə yönəlmiş bir addım idi. Xoşbəxtçilikdən onlar sağ qaldılar, bu gün də mübarizəni davam etdirirlər, amma bu, onları tamamilə zərərsizləşdirmək üçün öncədən planlanmış qanlı bir əməliyyat idi. Apardığımız araşdırmaya görə Nardaran hadisələri ilə bağlı 200 nəfərə yaxın şəxs həbs olundu. Düzdür, onların bir hissəsi sonradan buraxıldı, amma 82 nəfərə cinayət işi açıldı. Cinayət işi açılan insanın böyük qismi həbs olundu. Hazırda bu işlə bağlı 60-dan çox həbsdədir. Hazırda siyasi məhbus siyahısında olanların 100 nəfərə yaxını dindar kəsimi təmsil edir. Bu gün hökumət gözləmədiyi bir yerdən – mühacirlərdən zərbə alır. Artıq onlardan xahiş edir ki, bu ritorikanızı saxlayın, etik çərçivədə, sivil qaydada mübarizə aparın. Mən sual edirəm, insanların evinə basqın etmək, uşaq-böyük demədən hamını gülləboran etmək, dinc, günahsız insanları döyüb öldürmək, onlara ən ağır şəkildə işgəncə vermək, bədəninin yarısı iflic olmuş insanı xərəkdə məhkəmə salonlarında gəzdirmək etik mübarizədir? Bu hadisələr həmişə insanlara çatıdırılmalıdır, təkrar olunmalıdır. Biz bu insanların adların çəkməliyik, başda Tale Bağırzadə, Abbas Hüseynov, Elçin Qasımov, Əbülfəz Bünyatov olmaqla. Hadisənin üzərindən 2 ildən çox zaman keçir, niyə görə, hələ də əməliyyatın video-görüntüləri açıqlanmır? Hər il imitasiya xarakterli də olsa, mart ayında əfv sərəncamı olurdu, amma bu il olmadı. Bunlar siyasi məhbusların daha çox həbsdə qalmasını qənimət hesab edirlər”.

Zəfər Əhmədov digər təşkilat və ictimai şəxsləri də Nardaran hadisələri ilə bağlı koalisiyaya qoşulmağa çağırıb. O, Almaniyada mühacir kimi məskunlaşan siyasi fəal Tural Sadıqlının atası Əlövsət Sadıqovdan fikirlərini bölüşməsini xahiş edib. Ə.Sadıqov koalisiyanın fəaliyyətinin daha yaxşı kordinasiya edilməsi ilə bağlı fikirlər səsləndirib:

“Hesab edirəm ki, koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi üçün sənədin hazırlanmasına ehtiyac var. Bilməliyik ki, kimin üzərinə hansı funksiya düşür, hansı addım hansı addımdan sonra atılmalıdır. İştirakçıların sayı artırılmaldır. Digər hüquq müdafiəçilərini də cəlb etmək lazımdır. Nardaran hadisələri tək deyil: Siyəzən hadisələri var, Quba hadisələri var, İsmayıllı hadisələri var, bazar hadisələri var və s. Digər məqamı da qeyd etmək istəyirəm. Artıq vəziyyət əvvəlki kimi deyil. İndi insanlar hiddətlərini daha açıq şəkildə ifadə edirlər. Sosial şəbəkələrdə yazırlar. Bu, çox şeyə işarədir”.

Daha sonra çıxış üçün söz AXCP-nin Rəyasət heyətinin üzvü İlham Hüseynə verilib. Nardaran hadisəsini insanlığa qarşı cinayət adlandıran İlham Hüseyn baş verənlərdə həm də pozitiv məqamların olduğuna diqqət çəkib:

“İlk pozitiv məqam odur ki, bu hadisələr insanlara ən ağır işgəncələrə, məhrumiyyətlərə baxmayaraq, yolunda möhkəm olmaq, mübarizəyə davam etmək örnəyini göstərdi. Orada həbs olunanlar əsl dindar, əsl vətəndaş, əsl vətənini, xalqını sevən insan örnəyi yaratdılar. Digər pozitiv məqam insanların hakimiyyətin bu hadisələrlə bağlı yalanlarına inanmamasıdır. Düzdür, ilk başlarda kimlərsə hakimiyyətin təbliğatı nəticəsində təsirə düşmüş ola bilər, amma sonradan məhkəmələrin işıqlandırılması, bu cür tədbirlər sayəsində cəmiyyət həqiqətlərdən xəbərdar oldu. Artıq yerli və dünya ictimaiyyəti gerçəkləri bilir. Bütün bunlar sübut edir ki, mübarizəni davam etdirmək, hakimiyyət yalanlar dedikcə, o yalanları açmaq, ifşa etmək lazımdır”

Sonda digər qonaqlara da söz verilib. Bununla tədbir yekunlaşıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button