ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Bizi haraya aparırlar?!

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu yazır:
Gərgin iş qrafiki və tez-tez səfərlər səbəbindən son günlərin hadislərini tam izləyə bilməmişdim, odur ki, Elxan Zamanın həbs olunması haqda xəbəri də Türkiyədə bir həmvətənimizdən eşitdim. Elxan Zamanla sosial media (Facebook) üzərindən tanış olmuşuq və onun nə narkoman, nə də casus olmasını təsəvvür belə etmədiyimdən xəbər məndə çaşqınlıq yaratdı.
Bu da təbiidir, axı indi bizdə dindarlar ya ucdantutma “ casusu” çıxır, ya da “narkoman”, amma dediyim kimi, Elxan bəy həmin kateqoriyaların heç birinin yaxınınına da düşmür. Elə axtarışlar apararkən qarşıma ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatı, həmin hesabatda Azərbaycanın ünvanına tənqidlər və onlara Bakıdan rəsmi reaksiyalar çıxdı.
Burda da yeni heç nə yoxdur. Məsələn, bir deputat ABŞ haqqında mediaya açıqlamasında 70-80 il əvvəlin təsəvvürlərini (və ya özünün sağlamlığı ciddi suallar doğuran təxəyyülünün məhsulunu) təqdim edir, ABŞ cəmiyyətindəki “islamofobiyadan”, “irqçilikdən” danışır, digər bir sifarişli media resursu ABŞ-ın Azərbaycanda öz Xomeynisini yaratmaq planlarından dəm vurur və s.
Bu haqda çox yazıb ürəyinizi bulandırmaq istəmirəm. Amma Elxan Zaman kimi vətənpərvər, mədəni, təhsilli bir insanın yalnız dindar olması səbəbindən şərlənməsi üzərində də xüsusi dayanmaq fikrim yoxdur, halbuki bu, ona atılan böhtana qarşı çıxmayacağım anlamına gəlməməlidir.
Baxmayaraq ki, Elxan bəy son aylar ərzində standart ittihamlarla həbs olunan 800-900 şiə dindardan biridir, amma dediyim kimi tanıdığım, əmin olduğum, güvəndiyim insanlardandır. Toxunmaq istədiyim məsələnin başqa bir aspekti, daha dəqiq desək, aspektləridir.
Əvvəllər də dəfələrlə dediyim kimi, hal-hazırda ölkədə şiə dindarlara qarşı aparılan repressiya kampaniyası çox pis mətləblərdən xəbər verir, amma təkcə mətləblərdən deyil, həm də perspektivlərdən. Bunu kimlərinsə məqsədli (sifarişlə) etdiyi iddisında deyiləm, hərçənd planın icraçılarının bu dərəcədə anlaqsız olduğunu da qəbul edə bilmərəm.
Aydındır ki, ölkədəki müxalifət, vətəndaş cəmiyyəti və digər institutlar metodik şəkildə sıradan çıxarılandan sonra şiə dindarlar yeganə mütəşəkkil zümrə kimi qəbul olunur. Hərçənd ki, onların da elə müxalifət və qeyri-hökumət sektoru kimi qəlpələnmiş olması bu sahədəki vəziyyətlə bağlı az-çox məlumatlı insanlarda şübhə doğurmur.
Amma necə deyərlər, qorxunun gözləri böyük olur. Görünür, elə həmin səbəbdən də hakimiyyətə təhlükə mənbəyi hesab edilən bütün zümrələrin sıradan çıxarılması paralel olaraq həyata keçirilməkdədir. Düzdür, burda da yanaşmalar və metodlar müxtəlifdir.
Məsələn, “incik” keçmiş məmurların və qohumların əllərindəki resursları alınır, klan üzvü hesab olunanlar qısa müddətə həbsə atılaraq tezcə də əfv olunurlar, əlində heç bir inzibatı və maliyyə resursları olmayan “yetim-yesirin” payina isə “dövlətə xəyanətə”, “casusluğa”, ən yaxşı halda da “narkotik maddələrin qanunsuz dövriyyəsinə” görə ömrünün bir hissəsini həbsxanalarda keçirmək düşür.
Bax, elə burda da “öz xomeynisini” yaratmaq planı işə salınır. Bilərəkdən ya bilməyərəkdən, hadanlıqdan, onu deyə bilmərəm. Amma bir o, fərqlə ki, ABŞ, Rusiya, Avropa və ya başqa bir ölkənin yox, elə Azərbaycanın özü tərəfindən.
Özü də repressiya və eyni zamanda da reket alətlərinə çevrilmiş dövlət institutlarının (onlara bir vaxt hüquq-mühafizə və təhlükəsizlik orqanları demək olardı) bu işdə fəal iştirakilə. Amma belə görünür ki, aparılan bu, korafəhim kampaniyanın sonda özünün ölkəni hara aparacağını nəinki görən, heç görmək istəyən belə yoxdur.
Hərçənd ki, bunun üçün uzağa getmək lazım deyil, elə pəhləvilərin və onların faciəyə düçar etdiyi həmin İranın keçdiyi yola nəzər salmaq kifayət edər.
Axı kütləvi dövlətə xəyanət, narkotik, casusluq və bütün bunların hamısını ağlasığmaz işgəncələr, vəhşiliklər törətməklə “ifşa edən” SAVAK (sonuncu İran şahının repressiya aləti olan daxili təhlükəsizlik qurumu) təcrübəsi yaxın tarıxın İran dövlətinə verdiyi ağır dərslə nəticələnmişdi və İran həmin faciəni bu gün də yaşamaqdadır.
O zaman sual olunur ki, birinin batdığı yerə batmaq istəmirsənsə onun keçdiyi yolu getməyə nə ehtiyac var? Yol isə məhz həmin bataqlığa aparır.
Etiraf edim ki, mövzu yeni deyil, onu aylardır araşdırıram və Azərbaycanda dindarlar arasında aparılan kütləvi qanunsuz həbslərə də səsimi qaldırdığım ilk dəfə deyil, amma heç sonuncu dəfə də deyil, olmayacaq da.
Ona görə ki, gələcək nəsillərin “İranda” deyil, mədəni, sivil, müasir Azərbaycanda yaşamasını istəyirəm. Bizi isə sanki kimlərsə güclə bugünkü İran reallığını yaşamağa sürükləyir.
İranda İslam İnqilabının səbəbləri barədə hələ ətraflı yazacağam, hələlik isə diqqətinizə 1976-cı ildə olmuş bir müsahibənin epizodunu təqdim etməklə kifayətlənirəm.
Link şərh bölümündədir. İran şahı ilə müsahibə edən ABŞ-ın CBS telekanalının populyar “60 minutes” verilişinin müəllifi, məşhur aparıcı Mike Wallace ona verilişin formatına uyğun üslubda sərt suallar verir.
Müsahibə ingiliscədir və bu dili bilməyənlər üçün qısaca deyim ki, aparıcının işgəncələr, həbslər, SAVAK-ın vəhşilikləri, korrupsiya və s. ilə bağlı ağır suallarını Məhəmməd Rza Pəhləvi ucdantutma inkarlarla və “bilmirəmlə” cavablandırır.
Belə təəssürat yaranır ki, şah həqiqətən ölkədə nələrin baş verdiyindən xəbərsiz imiş. Əksini iddia etmək fikrim yoxdur, çünki Pəhləvi arvadının, bacısının, ətrafına topladığı oğru məmurların, qansız SAVAK cəlladlarının oyuncağına çevrilə və baş verənlərdən həqiqətən xəbərsiz ola bilərdir.
Amma bir şeyi o, dəqiq bilməli və ya ən azı, öncədən görməli idi: cəmi 3 ildən sonra ölkədə İslam İnqilabının baş verəcəyini, ardınca da qürbətdə öləcəyini, acgöz və tamahkar ailəsinin darmadağın olacağını…
Öncə sonuncu İran şahının dünən paylaşdığım müsahibəsinə dair bir neçə qeydlərimi diqqətinizə çatdırmaq istərdim. 1976-cı ildə verilmiş həmin müsahibədə Məhəmməd Rza Pəhləvinin İsraili və onun yəhudi lobbisinin ABŞ siyasətinə təsirini tənqid etməsi yalnız daxili auditoriyaya hesablanmış addım idi.
Bu gün bunu təsdiq edən yüzlərlə faktlar mövcuddur ki, İran-İsrail münasibətləri və əməkdaşlığı şah hakimiyyətinin son günlərinədək davam edib. Məsələn, israilli hüquq müdafiəçisi Eitay Mack 2019-cu ildə yazdığı məqalədə (link şərhdə) İsrail xarici işlər nazirliyinin üzərindən məxfiliyi götürülmüş sənədlərinə istinad edir.
ABŞ-la münasibətlərə gəlincə, orada vəziyyət bir qədər fərqli olub. Prezident Karter İran şahına insan haqları ilə bağlı ölkədəki vəziyyəti dəyişməsi istiqamətində ciddi təzyiqlərə başlayıb. Amma Cimmi Karter 1977-ci ildə ABŞ prezidenti vəzifəsinin icrasına başlamışdı, şahın müsahibəsi isə ondan bir il əvvəl olub.
Eitay Mackın öz yazısında istinad etdiyi rəsmi sənədlərdən açıq görünür ki, İsraillə şah hakimiyyəti arasında sıx əlaqələr ikincinin hakimiyyətinin son günlərinədək davam edib. Sadəcə ölkədə yaranmış vəziyyət artıq o həddə çatmışdı ki, nə şahı, nə də İranı xilas etmək artıq mümkün deyildi.
Son olaraq, şahın işgəncə maşını olan SAVAK rəhbərlərinin aqibəti haqda bir neçə kəlmə. SAVAK-ın ilk direktoru olmuş Teymur Bəxtiyar monarxla aralarında yaranan ziddiyyətdən sonra vəzifəsindən kənarlaşdırılmış və ölkədən qaçaraq əvvəl Livanda, sonra isə İraqda özünə sığınacaq tapmışdır.
Teymur Bəxtiyar 1970-ci ildə İraq təhlükəsizlik qüvvələrinin ciddi mühafizəsi altında olmasına rəğmən SAVAK tərəfindən onun ətrafına yeridilmiş agentin əlilə qətlə yetirilmişdir. İşgəncə maşınının qalan 3 direktoru isə (Həsən Pakrəvan, Nemətulla Nəsiri və Nasir Müqəddəm) İslam İnqilabında sonra edam olunublar.
İndi qayıdaq bizim ölkədəki vəziyyətə. Bəzi izləyicilər dünənki yazıya şərhlərdə həmin dövrdə İranda baş verənlərlə Azərbaycandakı bugünkü vəziyyəti eyniləşdirərək, hər ikisinin kənardan idarə olunduğunu iddia edirlər. Vəziyyətlə bağlı mübahisələrə səbəb yoxdur, bu, həqiqətən belədir.
Amma xaricdən idarə olunmaq məsələsinə gəlincə, burda məsələ göründüyü qədər də sadə deyil. Bəli, hər iki halda xarici amillərin təsiri olub və var, amma bir məsələdə belə təsirlər həlledici olmur. Hakimiyyətin müqəddaratı məsələsində bütün addımlar birmənalı olaraq daxili (hakimiyyət) maraqlar naminə atılır.
Belə aktual məsələdə isə avtoritar, totalitar hakimiyyətlər əllərində olan resurslardan başqa heç bir daxili və ya xarici tərəfdaşa güvənmirlər. Bu da təbiidir, çünki söhbət hakimiyyətin müqəddaratından gedəndə maraqların toqquşması və ya hətta haçalanması riskləri və təhdidləri artıra bilər.
Həmin mərhələdə əldə olan əsas resurslar isə repressiv mexanizmlər olur. Amma repressiya aparatının da ən qeyri-effektiv işlədiyi dövr məhz həmin böhran dövrü olur, çünki böhrana gətirib çıxaran səbəblər öz işini artıq görmüş olur. Digər tərəfdən də hakimiyyət dairələrində atılan addımlarla bağlı fikir ayrılığı yaranır.
Çünki böhran dönəmində kollektiv maraqlardan daha çox şəxsi maraqlar üstünlük təşkil edir. Başqa sözlərlə desək, icraçılar artıq öz gələcəyini düşünməyə və buna uyğun addımlar atmağa başlayırlar ki, bu da sistemin laxlamasına gətirib çıxarır. Burda da ən çox işə düşən metodlar sabotaj və imitasiyalar olur.
Nəticədə bir tərəfdən repressiya maşını zəifləyir, digər tərəfdən isə daim onun basqısı altında olmuş cəmiyyət (və ya onun bir kəsimi) aktivləşir. Bu isə qarşı-qarşıya duran tərəflər arasında güc mərkəzinin yerdəyişməsinə səbəb olur. Bundan sonrası isə sistemin dezinteqrasiya və toplumun təşkilatlanma templərindən asılı olur.
Gördüyümüz kimi, mexanizm kifayət qədər sadədir. Sonrakı hadisələrin axarı isə başqa bir amildən – cəmiyyətin və ya onun hərhansı kəsiminin radikallaşma dərəcəsindən asılı olur. Repressiyalar isə üzdə susqunluğa səbəb olsalar da, “alt qatda” hər zaman radikal meylləri gücləndirir.
Bu baxımdan Azərbaycanda dindarlara qarşı həyata keçirilən basqıların bugünkü nəticələri qısa vadəli aldadıcı effektdən başqa bir şey deyil. Əgər dindar namaz qılmaq üçün məsçidə getməkdən çəkinirsə bu, həm də onun daxili radillaşması və bir gün buna görə cavab tələb edəcəyi deməkdir.
Azərbaycanda isə belələrinin sayı az deyil. Elə özümə yaxınlaşan və söhbət edən insanlar arasında da. Bunu nəzərə almaq əvəzinə basqıları gücləndirmək isə həm də yığılan nifrəti artırmaq deməkdir. Yığılan enerji isə bir gün mütləq üzə çıxmalıdır. Təbiətin, dialektikanın, sosiologiyanın qanunları bunu deyir.
Burda da iki yol var: həmin enerjinin tədricən çıxmasını təmin etmək və ya basqıları durmadan artıraraq yaxın (və ya uzaq) gələcəkdə onun partlayışla üzə çıxmasına şərait yaratmaq. Təəssüf ki, bu gün görünən ikinci yoldur və onun da haraya apara biləcəyini anlamaq bir o qədər çətin deyil.
Ən azı elə qonşu İranın acı tarixi təcrübəsindən.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button