IslamŞəxsiyyətlər

Bir kəlməsi ilə milyonlarla iraqlını səfərbər edən seyid Əli Sistani kimdir? – Araşdırma

Seyid Əlinin nəsəbi

Seyid Əli Sistaninin əsl-nəsəbi peyğəmbərimizə (s.a.s) qədər gedib çıxır. Seyid Sistani İmam Hüseynin (ə) nəvələrindəndir. İmam Hüseyn isə (ə) peyğəmbərin (s.a.s) qızı xanım Fatimənin (s.a) və Həzrət Əlinin (ə) ikinci oğullarıdır. Seyyid Sistaninin babaları arasında onlarla dəyərli alim yetişmişdir ki, onlar haqqında olan məlumatları bir yox, bir neçə cild kitabda toplamaq mümkündür.

Seyid Sistaninin ulu babalarından olan Əbu Abdullah Hüseyn əl-Əsğər üçüncü imam – İmam Hüseynin (ə) nəvəsi, dördüncü imam – İmam Zeynülabidinin oğlu, (ə) beşinci imam- İmam Muhəmməd Baqirin (ə) qardaşı, altıncı imam- İmam Cəfər Sadiqin (ə) əmisidir. Hicri-qəməri tarıxı ilə 157-ci ildə vəfat edib. Seyidlər arasında fəxr ediləsi, pəhrizkar, təqva sahibi, fəzilət sahibi, mühəddis kimsələrdən olmuşdur. Atasından , bibisi- İmam Hüseynin (ə) qızı Fatimədən (s.a) , qardaşı imam Baqirdən (ə) və digərlərindən hədislər nəql etmişdir. Anası İmam Həsənin (ə) qızı Fatimə idi. ( Bəzilərinə görə  anası rumlu bir  cariyə ,“ummu vələd” idi.)

Deyilənlərə görə övladları arasında atasına ən çox bənzəyən o idi. “Əsğər” ( balaca ) adlandırılmasının səbəbi bu idi ki, Hüseyn adında özündən böyük digər qardaşı da var idi ki, atasının sağlığında dünyasını dəyişmişdi. Deyilənlərə görə Hüseyn əl-Əsğərin Fatimə adlı qızı öz qardaşı oğlu İmam Cəfər Sadiqin (ə) xanımlarından olmuş, o da İmam Cəfər Sadiqin (ə) İsmayıl adlı oğlunu dünyaya gətirmişdir ( “İsmaililər” firqəsi ona nisbət verilir.) Hüseyn əl-Əsğər haqqında həm sünni, həm də  şiə kitablarında, eləcə də nəsəb kitablarında məlumatlar mövcuddur. Hüseyn Əsğərin nəsli beş övladından davam edib : Abdullah əl-Ərac, Abdullah əl-Əqiqi, Süleyman, Əli, Həsən.  Həsən məşhur “Mərəşilər” və “Səliqilər” nəslinin atası hesab edilir.

Şəhid Abdullah

Hüseyn Əsğərin oğlu Həsənin nəsli oğlu Muhəmmədin, onun da nəsli oğlu Abdullahın vasitəsilə davam etdi. Bu Abdullahın isə iki oğlu var idi : Muhəmməd Əs-Səliq ( Reydə məşkunlaşdı )   və Əli əl-Mərəş ( Qəzvində məskunlaşdı ). Dövrünün böyük fəqihlərindən, bəsirət sahibi, arif alimlərdən , əllamə mərhum Seyyid Şəhabuddin əl-Mərəşi ən-Nəcəfi də bu soydandır. Yəni, Həm Seyyid Sistani həm də Seyyid Mərəşi Nəcəfi İmam Zeynulabidinin (ə) oğlu olan Əbu Abdullah Hüseyn əl-Əsğərin nəslindəndir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Hüseyn Əsğərin övladlarından biri də Həsən idi. “Dəkkə” təxəllüsü ilə məşhur idi. Həsənin nəvəsi Abdullah ( Muhəmməd əs-Səliq və Əli əl-Mərəşin atası ) şəhid edilmişdi. İki qəbri olması ilə məşhurdur. Biri Şüştərdəki “İmamzadə Abdullah” bu seyyidin, şəhid Abdullahın qəbridir. Digər isə  Bəhbəhandadır. Deyilənlərə görə Seyid Abdullah Bəhbəhanda müxaliflər tərəfindən mübarək başı kəsilərək şəhid edilir və elə Bəhbəhanda da dəfn edilir. Bəhbəhanlıların öz dədə babalarından nəql etdiklərinə görə dövrün zalim xəlifəsinin adamları bu kəramət, fəzilət sahibi əhli-beyt (ə) övladını şəhid edirlər. Başını kəsib xəlifəyə aparırlar, cəsədini isə orda qoyurlar. Yolları Şüştərdən düşür. Bir gecə yaşlı, möminə  bir qadının evində gecələməli olurlar. Şəhidin başını başqa otaqda tək başına qoyurlar. Gecənin bir aləmində bu yaşlı qadın mühim bir iş üçün başın saxlandığı otağa keçməli olur. Görür ki, səmadan yerə nur ələnir və ruhani görünüşlü, heybətli , nurani şəxslər başın ətrafında oturublar və şəhidin mübarək başı onlarla danışır. Yaşlı qadın bu işdən çox təəccüblənir və həyəcanla yan otaqda yatan oğlu İbrahimin yanına gedib hadisəni ona danışır. İbrahim anasına deyir ki, “bu peyğəmbərimizin (s.a.s) əhli-beytindən (ə) olan bir kişinin başıdır. Gərək onu evimizdə dəfn edək.”  Xülasə, oğlunun təklifi ilə mübarək başı zalimlərdən gizlin Şüştərdə dəfn edib, üzərində məqbərə tikirlər. Həmin İbrahim də həmin yerdə, mübarək başın yanında dəfn olunub. Bu gün İbrahimin qəbri“İbrahim Sərbəxş” kimi məşhurdur. “Sərbəxş” yəni, “başını qurban verən”.

Əli əl-Mərəş.

Qeyd etdiyimiz kimi Abdullahın  nəsli iki oğlu vasitəsilə davam etmişdi : “Səliqiyyə” ailəsinin ulu babası Muhəmməd Səliq və “Mərəşiyyə” ailəsinin ulu babası Əli Mərəş. Əli Mərəşin nəsli isə beş oğlundan davam etmişdir :

1.    İbrahim ƏbulHüseyn . ( Reydə məskunlaşmışdı)

2.    Əhməd ƏbulQasim (Təbəristan)

3.    Həmzə ƏbulQasim.

4.    Həsən Əbu Muhəmməd.

5.    Hüseyn ƏbulQasim.

      Həsən Əbu Muhəmmədin nəsli dörd övladı vasitəsilə davam etmişdir:

1.    Əhməd ƏbulHüseyn.

2.    Əli ƏbulHəsən

3.    Həsən Əbu Muhəmməd

4.    Zeyd.

Əli ƏbulHəsən “Muhəddis bin Əli əl-Mərəş” adıyla məşhur idi. Özündən sonrakı nəsli Reydə, Qəzvində, Bağdadda, Bəsrədə , Şirazda, Dəməşqdə, Xarəzmdə və sair məntəqələrdə məskunlaşdılar.

Mərəşilər sülaləsi seyidlərdir, peyğəmbərimizin (s.a.s) nəvələridirlər və hal-hazırda da müxtəlif ölkələrdə yaşamaqdadırlar. Bütün Mərəşilər Seyid Əli Mərəşin övladlarıdır. Mərəş –Şam (Suriya ) ilə Türkiyə arasında bir yerdir. Əli Mərəş burda yaşamış, burda vəfat etmişdir. Hal-hazırda Mərəş Türkiyənin  Xətay əyalətinin İskəndərun şəhəri ərazisində yerləşir.

Seyid Sistaninin babaları arasında filosof, mühəqqiq Muhəmməd Baqir əl-Hüseyni əd-Damad da vardır. Təqribən hicri-qəməri tarixi ilə 960-cı ildə dünyaya gəlib. ( Miladi tarixi ilə təqribən 1554-cü ildə, Şah İsmayıl Xətainin vəfatından 30 il sonra, Şah Təhmasibin hakimiyyəti dövründə )

Deyilənlərə görə miladi təqvimi ilə 1631-ci ildə müqəddəs Nəcəf şəhərinə ziyarəti zamanı vəfat edib və orada dəfn edilib ( Şah Abbasın oğlu Şah Səfinin hakimiyyəti illərində ).

Seyid Sistaninin babaları əvvəlcə İsfahanda yaşayıblar. Daha sonra babalarından Seyid Muhəmməd Sultan Hüseyn əs-Safəvinin ( Şah İsmayılın nəvələrindən ) hakimiyyəti illərində Sistanda  “Şeyxul-İslam”  vəzifəsinə təyin edilir. Seyyid Muhəmməd Sistana köçür və orada məskunlaşır. Beləliklə Seyid Muhəmməd ailəsi “Sistanilər” ailəsi kimi şöhrət tapır. Seyid Sistaninin də “Sistani” adlandırılması bundan qaynaqlanır.

ardı var…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button