Baş katib: Azərbaycan NATO-ya qoşulmaq istəmir
NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bu dövlətin NATO alyansına qoşulmaq istəmədiyini bildirib.
Stoltenberq deyib: “Azərbaycanın NATO-ya qoşulmaq kimi bir niyyəti yoxdur. Bu ölkə bütün hərbi ittifaqlardan kənardadır. Azərbaycanın suveren qərarına hörmətlə yanaşırıq”.
NATO-nun baş katibi bununla belə Azərbaycanı NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkə adlandırıb.
“Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çoxsürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir”, – deyə Stoltenberq qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri arasında 22 fevral 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq sazişinə əsasən rəsmi Bakı xarici ticarətində Rusiya Federasiyasının maraqlarını mütləq nəzərə almalıdır.
Sənəddə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası həmçinin digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”.
“Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də həmçinin belə bir öhdəlik də vardır ki, “Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər”.
Beləliklə də Azərbaycan Respublikası hələ iki il əvvəl yolunu NATO-dan ayırdığını nümayiş etdirib və Rusiyanın Cənubi Qafqazda birnömrəli müttəfiqinə çevrilib. Ona görə də Stoltenberq martın 18-də Bakı səfərindən əliboş ayrılıb.