ArxivXəbərlər

Azərbaycana ən böyük təhlükənin ünvanı – İŞİD

Azərbaycanın milli təhlükəsizliyinə real təhlükələr barədə son vaxtlar çox danışılır. Sıralanan təhlükələr arasında hələ ki, Rusiya ilə bağlı olanı ən çox qabardılır. Belə bir ortaq qənaət mövcuddur ki, Putinin Avrasiya Birliyinə Azərbaycanı zor-xoş qoşmaq istəməsi dövlətçiliyimiz üçün ciddi fəsadlar törədə bilər, odur ki, hakimiyyətə bu layihədən minimum zərərlə imtina yolları tapmalıdır.
Cəbhə xəttində, hətta onun Naxçıvan kəsimində də gərginlik artıb. Hərgah, bir sıra təhlilçilərə görə, bu, ilk növbədə elə Moskvanın Azərbaycanı “yeni SSRİ”yə üzv eləmək üçün Bakıya göstərdiyi psixoloji təzyiq kampaniyasının tərkib hissəsidir – Rusiya öz marioneti Ermənistan vasitəsilə Bakını sözəbaxan eləmək istəyir.
Ölkəmizə son vaxtlar başqa bir təhlükə də aktuallaşmış kimi görünür. Söhbət vəhhabi cərəyanının radikal qanadı sayılan xəvariclərin planlarından gedir. Hazırda Suriyada Bəşər Əsəd rejiminə, İraqda isə yerli hökumətə qarşı döyüşən bu qüvvələrin sırasında yüzlərlə azərbaycanlı da var.
Bəllidir ki, xəvariclər bütün şilələri kafir elan edib, onların müqəddəs ziyarətgahlarını, xüsusən də Kərbəlanı dağıtmağı əsas hədəflərindən elan ediblər. Onlardın içində İŞİD (“İraqın və Şamın İslam Dövləti”) adlı terrorçu qurum isə konkret olaraq Azərbaycanı da hədəf seçdiyini bildirib. İslamı öz bildikləri kimi təsəvvür və təbliğ edən (əslində gözdən salan) bu hörgütün təmsilçiləri həmin radikal və yanlış düşüncə əsasında da Azərbaycanda, Türkiyədə, başqa müsəlman ölkələrində “şəriət” rejimi qurmağa hədəfləyiblər.
Təbii ki, əhalisinin yüzdə 90 faizi şiə müsəlmanları olan Azərbaycanda belə bir şey qeyri-realdır. Ancaq hədələri ciddiyə almamaq da qeyri-ciddilik olardı. Artıq məsələyə Milli Təhlükəsizlik Nazirliyi operativ reaksiya verərək, situasiyanın kontrolda olduğu bildirilib. Eyni zamanda YAP-dan “narahatlıq üçün əsas olmadığı” bəyan edilib. Bununla belə, “şər deməsən, xeyir gəlməz”.
Məsələnin özəlliyi də ondadır ki, Azərbaycan hüquqi-demokratik dövlət olmadığından, qanunlar lazımınca işləmədiyindən və dərinə işləmiş korrupsiya-rüşvət sistemi üzündən (“rüşvətini ver, işini gör”) istənilən bədniyyətli qurumun, dəstənin burada maliyyə dayaqları əldə eləməsi çətin görünmür. Bir vaxt PKK lideri, terrorçubaşı Abdulla Öcalan “ən böyük hörgtümüz Azərbaycandadır” deməmişdimi?
Sözü ona gətirmək istəyirik ki, bu gün ölkəmizə ən böyük təhlükə əslində hansısa İŞİD-dən, rusdan, ermənidən, şimaldan, qərbdən, şərqdən, cənubdan gəlmir. Bütün dönəmlərdə müstəsna olaraq öz maraqlarını güdən mövcud avtoritar-korrupsioner rejimin mahiyyətindən qaynaqlanır. Çünki bu rejim xalqın öz potensialını reallaşdırmağa imkan vermir.
Həmin potensial reallaşa bilsəydi, biz dövlət olaraq çoxdan normal, demokratik inkişaf yoluna çıxaraq qüdrətlənmiş, öz təhlükəsizliyimizi də, suverenlik və ərazi bütövlüyümüzü də təmin eləmişdik. Rəsmilər tez-tez bəyan edirlər ki, Azərbaycan regionun ən güclü dövlətidir. Belədirsə, torpaqlarının 20 faizi niyə hələ də işğal altındadır? Güclü, qüdrətli ölkənin ərazisində işğalçı əsgər nə gəzir?
Bu yerdə iddia edilə bilər ki, Gürcüstan demokratiya yoluna çıxdı, Rusiya təhlükəsi azaldımı? Cavab təxminən belədir: çıxmasaydı, təhlükə qat-qat böyük olacaq, orada Ermənistandakı kimi Rusiyayönlü iqtidarlar bir-birini əvəzləyəcəkdi. İkinci və başlıcası, energetik müstəqilliyi olan, insani və digər potensialı qat-qat üstün Azərbaycan ciddi təbii resurslardan məhrum Gürcüstanla müqayisə edilməz.
Üçüncüsü, Azərbaycan xalqına 21 ildir öz potensialını reallaşdırmağa imkan verilməməsi qardaş Türkiyə ilə siyasi-iqtisadi və hərbi sahələrdə yaxınlaşmanı da zəruri səviyyəyə qaldırmağa mane olmaqdadır. Çünki avtoritar rejimlərlə demokratik rejimlərin dostluğu, müttəfiqliyi məlum bir xəttədək inkişaf edə bilər, ondan o yana keçməz. Mümkün deyil.
Əksinə, demokratik ölkələri dostları daha çox, daha güclü, daha etibarlıdır. Siz hərbi blok kimi düşünülmüş, lakin yalnız kağız üzərində mövcud olan KTMT-yə də baxın, NATO-ya da. İş də ondadır ki, xalqa öz potensialını reallaşdırmaq imkanı yaradılsaydı, qurulacaq demokratik dövlətə sivil dünyadan, onun olduqca mühüm parçası olan Qərbdən, Amerikadan, Avropadan dəstək birə-on böyük, misilsiz olacaqdı. Axı, ortaq dəyərlər ortaq maraqları və ortaq müdafiəni zərurətini diktə edir.
Aydındır ki, terrorçu hörgütlər demokratik, şəffaf cəmiyyətlərin dayaqlarını sarsıda bilməz. İŞİD Türkiyəyə edə bilər ki. Ciddi heç nə. Həm də o səbəbdən ki, demokratik cəmiyyət mənəvi-dini dayaqları da möhkəm, dayanıqlı cəmiyyətdir. Hansı ki, Azərbaycanda yoxdur – avtokratik hakimiyyətin üzündən əlbəttə ki. İndi deyin, dövlətə, millətə ən böyük təhlükə hansı səmtdən gəlir?

Musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button