Aktual

Azərbaycanda terror təhlükəsi realdır – Xəbərdarlıq

Təhlükəsizlik ekspertinin fikrincə, siyahıya ölkəmizin adının salınması əsassız deyil

İsrail baş naziri yanında antiterror bürosu ölkə vətəndaşlarına payızda bir sıra ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq ünvanlayıb. “Yeni Şərqin” yaydığı məlumata görə, bir sıra ölkələrlə yanaşı Azərbaycan və Türkiyə də davamlı potensial təhlükə ehtimalı olan dövlətlər siyahısına daxil edilib və mümkün olduqca bu ölkələrə səfər etməmək tövsiyə olunub.
İsrail vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr sırasında Misir və İordaniya da var. Büro Tailandın cənubunu, Filippin, Seneqal, Kəşmir bölgəsi, Nigeriya, Keniya və Çeçenistanı səfər etmək üçün ən təhlükəli regionlar hesab edir.
Xəbərdarlıqda qeyd olunur ki, müxtəlif terror qruplaşmaları payızda keçiriləcək ənənəvi Roş a-Şana və Sukkot bayramları ərəfəsində və 11 sentyabr hadisələrinin ildönümündə İsrail və yəhudi obyektlərinə hücumlar təşkil edə bilər.
Qeyd edək ki, İsrail dövləti dünyada güclü kəşfiyyat xidməti olan və eləcə də vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məsələlərə həssaslıqla yanaşması ilə seçilir. Eyni zamanda İsrailin Azərbaycanla münasibətlərinin hazırda isti olmasını nəzərə alsaq, xəbərdarlıq siyahısına Azərbaycanın da adının salınmasının siyasi səbəblərdən deyil, real təhlükə ilə əlaqəli olduğunu demək olar.
“Yeni Şərq”-in Yeni Musavat qəzetinə istinadən verdiyi xəbərə görə məsələ ondadır ki, 2011-ci ilin əvvəlində, həmçinin ötən il İsrail hökuməti Azərbaycanı İsrail vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salmışdı. Həmin vaxt Azərbaycanın təhlükəsizlik orqanları bu xəbərdarlığın həqiqəti əks etdirmədiyini, Azərbaycanda İsrail vətəndaşları üçün hər hansı terror təhlükəsi olmadığı ilə bağlı məlumatlar yaydılar.
Lakin bir müddətdən sonra Azərbaycanda həbslər və antiterror əməliyyatları həyata keçirildikdən sonra məlum oldu ki, xəbərdarlıqların əsasları olub. Əslində iki il əvvəl Qərb mediasında yayılan xəbərlərdə İsrail kəşfiyyatının Azərbaycanda fəaliyyət göstərməsi haqda yaydığı məlumatlar, eyni zamanda Bakıda keçirilən antiterror əməliyyatlarında xarici ölkə kəşfiyyatlarının iştirak və dəstəyi ilə bağlı məlumatlar İsrailin Azərbaycanla bağlı xəbərdarlığının ciddiyə alınmasını şərtləndirir.
Diqqətçəkən odur ki, Azərbaycanda bu ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcək və bu günə qədər bir sıra ekspertlərin dilindən Azərbaycanda seçkilər dövründə qarışıqlığın olacağı ilə bağlı xəbərdarlıq səsləndirilib.
Təhlükəsizlik eksperti İlham İsmayıl deyir ki, İsrail dövləti bir qayda olaraq bu kimi məsələlərə həssas yanaşır. Eyni zamanda bu xəbərdarlığın həm görünən, həm də görünməyən tərəflərinin olduğunu qeyd edən ekspertin fikrincə, Azərbaycanla isti münasibətləri olan İsrail dövləti ölkəmizin adını o siyahıya təsadüfən salmayıb: “Əslində bu ölkələr içərisində ən zəif terror ehtimalı Azərbaycandır. Zaman-zaman Azərbaycanda terrora cəhdlər olsa da, primitiv olub və zamanında qarşısını almaq mümkün olub. Amma nəzərə almaq lazımdır ki, biz İranla qonşuyuq, üstəlik, seçki ilidir və din üzərindən təxribatlar ehtimalı hələ də qalır”.
Ancaq bununla yanaşı, bu informasiyanın həm də siyasi səbəbli olduğu ehtimalı var. İlham İsmayılın fikrincə, informasiya olmasaydı, Azərbaycanın adı o siyahıya salınmazdı. Onun qənaətincə, Azərbaycanın adının təhlükəli ölkələr siyahısına salınması həm də ölkəmizin qorunması məqsədilə ola bilər: “Azərbaycanın adını Türkiyənin də daxil edildiyi müsəlman ölkələrinin siyahısından ayırmaq ölkəmizi təhlükəyə sala bilərdi. Çünki terror qrupları üçün Azərbaycanın asan ölkə olması düşüncəsi yarada bilər. Azərbaycanın adının siyahıya salınması ağıllı bir addımdır ki, ölkəmizi təhlükəyə salmamağa çalışıblar”.
Zaman-zaman Qərb ölkələrinin bu cür xəbərdarlıqlar etdiyini xatırladan ekspertin fikrincə, burda xüsusi bir ton axtarmağa ehtiyac yoxdur: “Burda görünən tərəf açıq təhlükəlidir. Məsələn, Azərbaycan hökuməti də öz vətəndaşlarını Misirə getməməyə çağırır. Amma artıq terror təhlükəsi ilə bağlı xəbərdarlıq ciddi məsələdir. Bununla bağlı təhlükəsizlik orqanları hesabat hazırlayırlar. Bu məsələ dövlət başçısına məruzə olunduqdan sonra XİN bu barədə real terror xəbərdarlığı ilə bağlı açıqlama yayır. Çünki təhlükə real olmasa, əks halda, məsələn, adı siyahıya salınan ölkə əsaslandırma tələb edə bilər”.
İlham İsmayıla görə, böyük ehtimalla Azərbaycan təhlükəsizlik orqanları artıq bu istiqamətdə təhqiqatlara başlayıblar: “Bəlkə də artıq məlumat var. Çünki məlumdur ki, Amerika və İsrailin köməyi olmadan Azərbaycan təhlükəsizlik orqanları təkbaşına mübarizə apara bilməz. Bu xəbərdarlıq Azərbaycanın ziyanına deyil, əksinə, təhlükəsizlik məsəlləərinə daha həssas yanaşılması baxımından faydalıdır”.

“Yeni Şərq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button